Mikayıl Cabbarov: 2030-cu ilədək dağ-mədən və metallurgiya sektorunun ÜDM-ə töhfəsi 1,8 mlrd. manata çatdırılacaq

2030-cu ilədək dağ-mədən və metallurgiya sektorunun ümumi daxili məhsula töhfəsinin 700 milyon manatdan 1,8 milyard manata, illik ixrac potensialının isə 1,3 milyard manatdan 2025-ci ilin orta dünya qiymətləri əsasında 3,4 milyard manata çatdırılması nəzərdə tutulur.

AzNews.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyevin iştirakı ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazirin sözlərinə görə, 2027–2030-cu illərdə bu nəticələrin əldə edilməsi üçün bu dövr ərzində ümumilikdə 5,3 milyard manat investisiya nəzərdə tutulur:

“2027–2030-cu illərdə proqram üzrə ümumi investisiya ehtiyacı 5,3 milyard manat qiymətləndirilir. Bu vəsaitin 1,1 milyard manatı dövlət büdcəsi hesabına, 2,2 milyard manatı dövlət müəssisələrinin vəsaiti, o cümlədən kredit, yəni borc kapitalı, 2 milyard manat isə özəl vəsait, o cümlədən borc kapitalı hesabına formalaşacaq. Beləliklə, ümumi investisiyanın təxminən 80 faizi qeyri-büdcə mənbələrindən cəlb ediləcək. Bu baxımdan dövlət müəssisələrinin və özəl sektorun investisiya imkanlarının səfərbər edilməsi qarşımızda duran əsas məsələdir. Nəticədə yaradılacaq yeni güclər hesabına növbəti 4 il ərzində sektorun əlavə dəyərinin və illik ixrac potensialının 2,6 dəfə artırılması nəzərdə tutulur”.