Ağ Ev “Trump TV” adlı onlayn yayım kanalını istifadəyə verib

Ağ Ev bazar ertəsi axşamı “Trump TV” adlı onlayn yayım kanalını istifadəyə verib.

Kanalın “seçilmiş videoları, mühüm açıqlamaları və qaçırılmaması lazım olan məqamları anlıq yeniləmələrlə 7 gün 24 saat” yayımlayacağı bildirilib.

Arxiv görüntüləri yayımlanıb

Kanal fəaliyyətə başlayarkən ABŞ Prezidenti Donald Trampın iyulun 3-də Raşmor dağında etdiyi çıxışın arxiv görüntülərini yayımlayıb.

ABŞ-nin NBC, ABC, CBS və “Fox News”, CNN, “Politico” və “MS Now” kimi böyük televiziya və media qurumları isə prezident administrasiyasının brifinqlərinə çıxışlarının məhdudlaşdırılmasına etiraz olaraq dünən Ağ Evdəki televiziya yayımlarını dayandırmaq qərarına gəlib.

Media qurumları məhkəməyə müraciət edib

Ağ Evdən kənarlaşdırılan üç media qurumu dünən Vaşinqtondakı federal apellyasiya məhkəməsinə müraciət edərək Ağ Evin fəaliyyətini işıqlandırmaq imkanlarının yenidən təmin olunmasını tələb edib.

Şənbə günü Ağ Ev mühafizəsi ABŞ Prezidenti Donald Trampın göstərişi ilə sözügedən üç media qurumunun jurnalistlərinin binaya girişinə qadağa qoyub.

Qərarı özünün şəxsi platformasındakı paylaşım vasitəsilə açıqlayan ABŞ Prezidenti Donald Tramp bu media qurumlarının davamlı olaraq yalan xəbərlər yaymasının nəticəsi olaraq Ağ Evdən kənarlaşdırıldığını bildirib.

Tramp paylaşımında prezident, hökumət və ABŞ haqqında davamlı olaraq əsassız iddialar və yalan məlumatların yayılmasının qəbuledilməz olduğunu qeyd edib.

Mövsüm,

AzNews.az