- Siyasi müzakirə
- 17:26
- 337
“Ermənistan sülh gündəliyini qorumağa məcburdur” – Hikmət Babaoğlu
"Ermənistanın Baş naziri Nikol Paşinyanın separatçı ermənilərə aid inzibati binanın dövlətə verilməsi ilə bağlı açıqlamasını hazırkı reallıqda doğru addım hesab etmək olar. Nəticə etibarilə, əgər Ermənistan Azərbaycanla sülh əldə etmək istəyirsə, Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan separatçı ermənilərin Ermənistan ərazisində ayrıca inzibati binada fəaliyyət göstərməsi mümkün olmamalıdır. Əks halda, bu, sülh gündəminə zidd və sülh prosesinə mane olan hal kimi qiymətləndirilə bilər. Ona görə də düşünürəm ki, bu addım nə qədər tez atılarsa, sülh gündəliyi baxımından bir o qədər faydalı ola bilər. Lakin məsələnin başqa bir tərəfi də var".
Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Qeyd edək ki, Nikol Paşinyanın İrəvanda keçmiş Qarabağ separatçılarına aid nümayəndəlik binasının Ermənistan dövlətinin nəzarətinə keçiriləcəyini açıqlaması yeni müzakirələrə yol açıb. Ermənistan hökumətinin bu addımı ölkə daxilində separatçı strukturların gələcək fəaliyyəti ilə bağlı mövqeyini ortaya qoyur. Eyni zamanda, rəsmi İrəvanın Qarabağ mövzusunda atdığı bu cür addımların Azərbaycanla münasibətlər və sülh prosesinə təsiri də diqqət çəkir. Bu qərarın Ermənistanın daxili siyasi mühitində hansı nəticələrə səbəb olacağı da sual doğuran məqamlardandır.
Deputat qeyd edib ki, hər hansı fəaliyyətə başlamazdan əvvəl insanların şüurunda və düşüncəsində müəyyən fikir formalaşır, sonradan isə bu fikir əməli fəaliyyətə çevrilir.
"Təəssüf ki, inzibati binanın dövlətə verilməsi ilə separatçı ermənilərin düşüncəsindəki ərazi iddialarını birdəfəlik aradan qaldırmaq mümkün olmayacaq. Ona görə də, əgər Ermənistan doğrudan da sülh istəyirsə, bu istiqamətdə daim sistemli və ardıcıl iş aparılmalıdır. Bu iş ideoloji, tarixi və ictimai mərhələləri əhatə etməlidir. Ermənilərə izah edilməlidir ki, Azərbaycan ərazisi heç vaxt onlara məxsus olmayıb. İkincisi, bu gün Ermənistanın mövcud olduğu ərazi də Azərbaycan torpaqları üzərində formalaşmayıb. Hazırkı reallıqlar kontekstində qonşu dövlətə qarşı ərazi iddiası irəli sürmək Ermənistanın özü üçün də mənfi nəticələrə səbəb ola bilər. Əgər bu istiqamətdə ardıcıl və uzunmüddətli izahat işləri aparılarsa, bir neçə nəsil sonra ermənilərin düşüncəsində də müəyyən dəyişikliklərin baş verməsi mümkündür. Məsələ yalnız bir hakimiyyətin görəcəyi iş deyil. Burada Ermənistanın tarixçiləri, hüquqşünasları və ictimai rəyə təsir edən şəxsləri koordinasiya olunmuş şəkildə və birgə fəaliyyət göstərməlidirlər. Hələlik isə, əlbəttə ki, Ermənistan çalışmalıdır ki, Azərbaycanla sülh gündəliyini qorusun və sülh üçün üzərinə düşən öhdəlikləri yerinə yetirsin. Əks təqdirdə, istənilən halda sülh pozularsa, bu, Ermənistanın özü üçün də müsbət nəticələrə səbəb olmayacaq".
Rəfiqə Namazəliyeva,
AzNews.az