- Müşahidə məntəqəsi
- 21:01
- 958
Büdcə vəsaitlərinin bölgüsündə yeni sistem: xərclər daha dəqiq izlənəcək
"Nazirlər Kabinetinin bu dəyişiklikdə əsas məqsədi 2028-ci ildən büdcə sifarişlərinin daha dəqiq, vahid və funksional məntiq üzrə hazırlanmasını təmin etməkdir. Büdcə təsnifatı dövlət xərclərinin funksional, iqtisadi və inzibati prinsiplərlə qruplaşdırılmasına xidmət edir və büdcə sistemində müqayisəolunanlıq, vahid uçot və nəzarət yaradır. Burada əsas yenilik ondan ibarətdir ki, dövlət qurumları sadəcə “nə qədər vəsait lazımdır” prinsipi ilə deyil, vəsaitin hansı funksiyanın və hansı konkret inzibati qurumun fəaliyyəti üçün tələb olunduğunu daha dəqiq göstərən təsnifatla büdcə sifarişi hazırlamalıdırlar. Bu yanaşmanın bir neçə mühüm nəticəsi ola bilər: Büdcə xərclərinin şəffaflığı artır. Eyni istiqamət üzrə müxtəlif qurumların xərclərini daha asan müqayisə etmək mümkün olacaq. Təkrarlanan xərclərin müəyyənləşdirilməsi asanlaşacaq. Müxtəlif qurumların oxşar funksiyalar üçün tələb etdiyi vəsaitlər daha aydın görünə bilər".
Bu fikirləri Aznews.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.

Qeyd edək ki, 2028-ci il üzrə büdcə layihələrinin hazırlanması prosesində dövlət qurumları üçün yeni təsnifat sistemi tətbiq olunacaq. Nazirlər Kabinetinin qərarına əsasən, dövlət büdcəsindən və maliyyə yardımları hesabına fəaliyyət göstərən, həmçinin icmal büdcəyə daxil olan təşkilatlar növbəti büdcə sifarişlərini yeni funksional və inzibati bölgüyə əsasən tərtib etməlidirlər. Hazırlanmış sənədlər müəyyən edilmiş qaydada Maliyyə Nazirliyinə təqdim olunacaq.
A. Nəsirli qeyd edib ki, büdcə planlaşdırılmasında nəticəyönümlü yanaşmaya keçid prosesi davam edir.
"Yəni əsas məsələ yalnız quruma nə qədər pul ayrılması deyil, həmin vəsaitin hansı dövlət funksiyasının yerinə yetirilməsinə xidmət etməsidir. Orta və uzunmüddətli planlaşdırma güclənir. Azərbaycanda dövlət büdcəsi artıq növbəti il ilə yanaşı, sonrakı üç il üzrə icmal büdcə göstəricilərinin hazırlanmasını da nəzərdə tutur.
Nəzarət və audit imkanları genişlənir. Büdcə təşkilatlarının xərcləri funksional, iqtisadi və inzibati təsnifat üzrə hesabatlaşdırılır; yeni təsnifat bu məlumatların daha sistemli müqayisəsinə imkan verə biləcək.
Yəni bu dəyişiklik mahiyyət etibarilə büdcənin “qurumlara pul ayırmaq” modelindən xərcləri dövlət funksiyaları və konkret fəaliyyət istiqamətləri üzrə daha dəqiq planlaşdırmaq modelinə keçirilməsinin bir elementi kimi qiymətləndirilə bilər. Burada məqsəd büdcə vəsaitinin hansı quruma verilməsindən əlavə, hansı funksiyaya, hansı məqsədə və hansı xərc istiqamətinə yönəldiyini daha aydın göstərməkdir.
Maliyyə Nazirliyinə bütün sifarişlərin yeni funksional və inzibati təsnifata uyğun təqdim edilməsinin 2028-ci il üçün tətbiq olunması da bunu göstərir: söhbət sadəcə texniki kodların dəyişdirilməsindən deyil, büdcə layihəsinin hazırlanması mərhələsində məlumatların vahid standart üzrə toplanmasından və sonradan müqayisə edilə bilən formatda təhlilindən gedir".
Rəfiqə Namazəliyeva,
AzNews.az