- Müşahidə məntəqəsi
- 15:13
- 479
Tələbələrə sosial şəbəkə xəbərdarlığı: “Sərbəstlik cəzasızlıq demək deyil” – Sosioloq
"Universitet tələbənin sosial şəbəkədə yayımladığı video və orada səsləndirdiyi təhdid xarakterli fikirlərlə bağlı daxili nizamnaməsinə əsasən qərar qəbul edib. Biz universitetin nizamnaməsinə müdaxilə edə bilmərik. Hər bir halda onların qərarları hüquqi nizamlama proseduruna uyğundur. Tələbənin universitetdən xaric edilməsi nə qədər radikaldır, nə qədər radikal deyil – bu, universitetin daxili məsələsidir. Düşünürəm ki, onlar bu qərarı qəbul edərkən təkcə həmin video ilə kifayətlənməyiblər. Yəqin ki, tələbənin digər hərəkətləri də nəzərə alınıb. Mən bunu dəqiq bilmirəm, sadəcə ehtimal edirəm. Kənardan bu qərarın hüquqa və ədalətə uyğunluğunu sorğulamağımız, məncə, yersizdir".
Bu fikirləri Aznews.az-a açıqlamasında sosioloq Mail Yaqub deyib.

Qeyd edək ki, son günlər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) bir gəncin universitədən xaric edilməsi ilə nəticələnən hadisə ali təhsil müəssisələrində intizam tədbirləri və cəza mexanizmləri mövzusunu yenidən gündəmə gətirib. Bir tərəfdən tələbələrin təhlükəsizliyinin təmin olunması vacib sayılsa da, digər tərəfdən cəzanın mütənasibliyi və radikal addımların gənclərin gələcək sosial inteqrasiyasına təsiri ciddi suallar doğurur.
Sosioloq qeyd edib ki, gənclərin bu cür hərəkətlərə yol verməsi ümumilikdə təəssüf doğurur.
"Sosial şəbəkələrdəki sərbəstlik bəzi gəncləri belə əxlaqazidd davranışlara sövq edir. Sərbəstlik və cəzasızlıq mühiti bunun üçün münbit şərait yaradır. Daxili tərbiyəsi olmayan bəzi gənclər, təəssüf ki, bu cür əxlaqazidd hərəkətlərə yol verirlər və bunun cəmiyyətdə nəticələri də mənfi olur. Onlar bu əməlləri ilə digər gənclərə pis nümunə göstərirlər. Bunun qarşısı alınmalıdır. Bunun necə həyata keçirilməsi isə başqa məsələdir. Valideynlər bu prosesdə iştirak etməli, universitet müəllimləri də təşəbbüs göstərməlidirlər. Sosial şəbəkələrdə yaxşı məzmun hazırlayanların sayı artmalıdır ki, pis məzmun hazırlayanların təsir dairəsi daralsın".
Rəfiqə Namazəliyeva,
AzNews.az