- Müşahidə məntəqəsi
- 19:37
- 668
Vahid məktəbli forması sosial bərabərliyi təmin edəcəkmi? -AÇIQLAMA
"Məncə, vahid məktəbli formasının tətbiqində əsas məsələ onun hansı məqsədə xidmət etməsidir. Əgər məqsəd uşaqlar arasında geyim üzərindən yaranan sosial fərqləri azaltmaqdırsa, bu yanaşmanın müəyyən müsbət tərəfi var. Amma formanı tətbiq etməklə sosial bərabərliyi təmin etdiyimizi düşünmək sadəlöhvlük olar. Çünki bu gün uşaqlar arasındakı sosial fərq yalnız geyimdə görünmür. Telefon, ayaqqabı, çanta, əlavə hazırlıq imkanları və hətta məktəbdənkənar fəaliyyətlər ailələrin maddi vəziyyətinin göstəricisidir. Ona görə vahid forma problemin yalnız bir hissəsinə toxunur. Çalışmaq lazımdır ki, bu məsələ valideyn üçün əlavə maliyyə yükünə çevrilməsin. Biz sosial bərabərlik yaratmaq istəyərkən elə mexanizm qurmalıyıq ki, aztəminatlı ailə üçün məktəbli forması ayrıca problemə çevrilməsin. Əgər valideyn müəyyən mağazadan, müəyyən markadan və yüksək qiymətə forma almağa məcbur edilirsə, burada artıq bərabərlik prinsipinin özü sual altına düşür. Ona görə hesab edirəm ki, forma tətbiq olunacaqsa, ilk növbədə qiymət və satış mexanizmi aydın müəyyənləşdirilməlidir".
Bu fikirləri Aznews.az-a açıqlamasında əməkdar müəllim Sona Əliyeva deyib.

Qeyd edək ki, məktəblərdə vahid geyim formasının tətbiqi məsələsi yenidən müzakirə mövzusuna çevrilib. Bu yanaşmanın tərəfdarları vahid formanın məktəb mühitində nizam-intizamın və bərabərlik hissinin gücləndirilməsinə, şagirdlər arasında sosial-iqtisadi fərqlərin geyim üzərindən nəzərə çarpmasının azalmasına xidmət edə biləcəyini bildirirlər. Digər tərəfdən, forma seçiminin şagirdlərin fərdi ifadə imkanlarına və ailələrin maliyyə yükünə təsiri də müzakirə olunur.
S. Əliyeva qeyd edib ki, məqsəd valideynlərin seçim imkanlarını məhdudlaşdırmaq deyil, eyni standartlara uyğun məktəbli formalarını müxtəlif satış məntəqələrindən münasib qiymətə əldə etmələrinə şərait yaratmaqdır.
"Aztəminatlı və çoxuşaqlı ailələr də kənarda qalmamalıdır. Bu ailələr üçün pulsuz forma və ya digər sosial dəstək mexanizmləri nəzərdə tutulmalıdır. Digər vacib məsələ formanın tez-tez dəyişdirilməməsidir. Hər dəfə yeni model müəyyənləşdirib valideyni yenidən xərcə salmaq olmaz. Forma uzun müddət istifadə olunacaq şəkildə hazırlanmalıdır. Bir sözlə, vahid forma məktəbdə sosial fərqlərin görünməsini azaltmaq üçün vasitə ola bilər, amma onu sosial bərabərliyin həlli kimi təqdim etmək doğru deyil. Çalışmaq lazımdır ki, forma uşaqlar arasında fərqi azaltmaq üçün tətbiq edilərkən ailələr arasında yeni maliyyə fərqi yaratmasın. Məktəbdə bərabərlik isə o zaman yaranır ki, hər bir uşaq ailəsinin maddi imkanından asılı olmayaraq eyni münasibəti, eyni imkanları və eyni hörməti görür".
Rəfiqə Namazəliyeva,
AzNews.az