- Müşahidə məntəqəsi
- 19:41
- 711
Valideynlər bu barədə məsuliyyət daşıyır - Təhsil eksperti
"Nazirlər Kabineti indiyədək şagirdlərin vahid geyim forması ilə bağlı üç dəfə qərar qəbul edib. Sonuncu qərar 2022-ci ilin iyun ayında verilib. Sonrakı dörd il ərzində isə məktəblərdə vahid geyim qaydalarının tətbiqi ilə bağlı müəyyən boşluqlardan sui-istifadə halları baş verib. Bu məsələ sosial şəbəkələrdə, mediada, valideynlər və müəllimlər arasında geniş müzakirələrə səbəb olub. Müzakirələr Milli Məclisin Elm və təhsil komitəsində də bir neçə dəfə gündəmə gətirilib. 2026-cı il sentyabrın 21-də qəbul edilən son qərarla müəyyən əlavə və düzəlişlər edilib. Burada əsas məqsəd məktəblərdə vahid geyim formasının dünyəvi prinsiplərə uyğun tətbiqini təmin etmək, eləcə də bütün şagirdlər üçün eyni geyim standartını müəyyənləşdirməkdir. Bu, həm valideynlərin geyim xərclərinin azaldılmasına, həm də şagirdlər arasında geyim fərqlərindən qaynaqlanan ayrı-seçkiliyin aradan qaldırılmasına kömək edə bilər. Beləliklə, şagirdlərin fərqli geyimlərdə məktəbə gəlməsinin qarşısının alınması nəzərdə tutulur".
Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.

Qeyd edək ki, şagirdlərin məktəbə hansı geyimlə gəlməsi məsələsi təhsil gündəminin aktual mövzularından birinə çevrilib. Bu çərçivədə vahid geyim tələbinin tətbiqi ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Məsələnin əsas istiqamətlərindən biri məktəblilər arasında geyim fərqinin yaratdığı sosial müqayisələrin qarşısının alınmasıdır. Eyni zamanda, yeni qaydanın ailələrin xərclərinə və şagirdlərin geyimlə bağlı seçimlərinə necə təsir edəcəyi də diqqətdə saxlanılır.
Ekspert qeyd edib ki, qərarda diqqət çəkən məqamlardan biri də valideynlərin məsuliyyətinin nəzərdə tutulmasıdır.
"Şagirdin müəyyən edilmiş geyim qaydalarını pozduğu halda valideynin də məsuliyyət daşıması nəzərdə tutulur. Bununla belə, valideynlərə cərimə tətbiq olunması gözlənilmir. Belə hallarda valideynin Pedaqoji Şuraya dəvət edilməsi və müvafiq qaydaların ona izah olunması kimi tədbirlərin görülməsi mümkündür. Qərarın əsas fərqləndirici cəhətlərindən biri valideynlərin məsuliyyətinin ön plana çəkilməsidir. Bu yanaşma valideynlərin məktəbli geyimi ilə bağlı müəyyən edilmiş qaydalara daha diqqətlə yanaşmasına şərait yarada bilər".
Rəfiqə Namazəliyeva,
AzNews.az