“Bakıda tıxacların əsas səbəbi iş üçün gələn insanlar deyil” - SOSİOLOQ

"Ümumiyyətlə, düşünmürəm ki, Bakıda tıxacların əsas səbəbi paytaxtda çalışan və iş üçün Bakıya gələn insanlardır. Gündəlik olaraq işə gedib-gələn insanların hərəkəti tıxacın yaranmasında yeganə və əsas amil deyil. Burada müxtəlif istiqamətlərdən fərqli məkanlara olan nəqliyyat axını da nəzərə alınmalıdır. Bakıda əhali artımı ilə yanaşı, infrastrukturun təkmilləşdirilməsi, nəqliyyat imkanlarının genişləndirilməsi və ictimai nəqliyyat vasitələrinin sayının artırılması paralel şəkildə həyata keçirilməlidir. Eyni zamanda, nəqliyyatın düzgün tənzimlənməsi və idarəetmə sisteminin səmərəli təşkili də mühüm əhəmiyyət daşıyır. Müxtəlif təmir və təşkilati işlərin nəqliyyat axınına təsiri də nəzərə alınmalıdır. Bununla belə, demək olmaz ki, şəhərdə bütün məsələlər problemli vəziyyətdədir".

Bu fikirləri Aznews.az-a açıqlamasında sosioloq Naib Niftəliyev deyib.

Xatırladaq ki, Bakıda nəqliyyat sıxlığının artması yalnız yol hərəkətində çətinlik yaratmır, eyni zamanda insanların gündəlik həyatına və əmək münasibətlərinə də təsir göstərir. Tıxac səbəbindən işə gecikmələr işçi ilə işəgötürən arasında narazılıqlara və anlaşılmazlıqlara səbəb ola bilir. Problemin əsas amilləri sırasında paytaxta əhali axını, iş və təhsil imkanlarının Bakıda cəmlənməsi, ictimai nəqliyyat və şəhər infrastrukturunun mövcud yükü məsələləri müzakirə olunur. Bu baxımdan problemin sosial səbəblərinin və mümkün həll yollarının araşdırılması aktuallaşır.

Sosioloq qeyd edib ki, tıxacların əsas səbəblərindən biri fərdi nəqliyyat vasitələrinin ictimai nəqliyyatdan daha çox istifadə olunmasıdır.

"Buna görə də tənzimləmə tədbirləri ilk növbədə fərdi nəqliyyatın hərəkətinin idarə olunmasından başlamalıdır. İş qrafikləri, parklanma qaydaları və nəqliyyat axınlarının istiqamətləri dəqiq müşahidə və araşdırmalar əsasında müəyyənləşdirilməlidir. Hansı ərazidə hansı tədbirin görüləcəyi, nəqliyyat hərəkətinin necə tənzimlənəcəyi və iş qrafiklərində hansı dəyişikliklərin aparılacağı əvvəlcədən planlaşdırılmalıdır. Şəhərin mövcud imkanlarını nəzərə almadan yolların müxtəlif istiqamətlərdə bağlanması, kütləvi idman və digər tədbirlərin mütəmadi olaraq Bakının mərkəzində keçirilməsi də nəqliyyat sıxlığına təsir edən amillərdəndir. Digər tərəfdən, tıxacların səbəblərindən biri də paytaxta olan əhali axınıdır. Təhsil imkanlarının Bakıda cəmləşməsi uzun illərdir mövcud olan prosesdir və bu, yeni yaranmış problem deyil. Eyni zamanda, ictimai nəqliyyatın və şəhər infrastrukturunun üzərinə düşən yük əhali artımı ilə birlikdə getdikcə yüksəlir. Əhalinin müəyyən hissəsinin Bakından bölgələrə və kəndlərə məcburi şəkildə yönləndirilməsi problemin həlli yolu deyil. Əksinə, bu yanaşma cəmiyyətdə təbəqələşməni və fikir ayrılıqlarını daha da gücləndirə bilər. İnsanların bölgələrə qayıdışı təbii proses əsasında, qanunvericilik və sosial hüquqlar çərçivəsində təmin olunmalıdır. Bölgələrdə iş yerlərinin yaradılması və əmək fəaliyyətinin genişləndirilməsi istiqamətində adekvat imkanlar formalaşdırılmadan əhalinin paytaxtdan bölgələrə yönləndirilməsi real və effektiv nəticə verməyə bilər. Məsələn, tələbələrin müəyyən hissəsinin bölgələrə yönləndirilməsi müəyyən qədər vəziyyətə təsir göstərə bilər. Çünki Gəncə, Sumqayıt, Mingəçevir və Şirvan kimi şəhərlərdə də universitetlər və digər təhsil müəssisələri fəaliyyət göstərir. Lakin təbii əhali artımını və miqrasiya proseslərini inzibati yollarla məhdudlaşdırmaq mümkün deyil. Ona görə də real vəziyyət düzgün qiymətləndirilməli, mövcud problemlər müəyyənləşdirilməli və qabaqlayıcı infrastruktur tədbirləri həyata keçirilməlidir. Bölgələrə qayıdış proqramlarının hazırlanması müəyyən mənada müsbət yanaşma ola bilər, lakin bunun effektiv nəticə verməsi üçün regionlarda şəhər həyatına yaxın şərait, uyğun və yüksək gəlir imkanları, iş yerləri və iqtisadi fəaliyyət üçün əlverişli mühit yaradılmalıdır. Bunlar təmin edilmədən insanları şəhərdən kəndlərə qaytarmaq ideyası əks nəticə verə və mövcud problemləri daha da ağırlaşdıra bilər. Bakıya gələn insanlar şəhərə əliboş gəlmirlər. Onlar əldə etdikləri gəlirin müəyyən hissəsini kirayə, nəqliyyat, xidmətlər və digər xərclərə sərf edirlər. Bu da şəhərdə iqtisadi dinamikanın artmasına xidmət edir. Buna görə də insanların bölgələrə qayıdışını yalnız paytaxtdakı yükün azaldılması prizmasından qiymətləndirmək düzgün deyil. Əgər bölgələrdə şəhər həyatına uyğun mühit formalaşdırılmaq istəyirsə, həmin ərazilərə investisiyalar artırılmalı, iqtisadi və sosial imkanlar şəhərlərlə müqayisə oluna biləcək səviyyəyə çatdırılmalıdır. Kəndi şəhərdən, şəhəri isə kənddən tamamilə ayrı inkişaf etdirmək yanaşması sosial və iqtisadi baxımdan düzgün istiqamət deyil. Bu məsələdə əsas məqsəd düzgün və balanslı inkişaf modelinin formalaşdırılması olmalıdır. Əks halda, problemin azalması əvəzinə, mövcud çətinliklərin daha da dərinləşməsi mümkündür".

Rəfiqə Namazəliyeva,

AzNews.az