“Ermənistan hələ Aİ-yə rəsmi üzvlük ərizəsi təqdim etməyib” – Tural İsmayılov

"Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətindəki siyasətinə baxarkən əsas məsələ İrəvanın hansısa bir istiqamətə siyasi simpatiyası deyil, bunun real hüquqi, iqtisadi və institusional nəticələridir. 2025-ci ildə Ermənistan parlamentinin Aİ-yə üzvlük prosesinin başlanmasına dair qanun qəbul etməsi bu istiqamətdə siyasi iradənin ortaya qoyulduğunu göstərir. Lakin bu sənəd özü-özlüyündə üzvlük demək deyil və Ermənistan hələ Aİ-yə rəsmi üzvlük ərizəsi təqdim etməyib. Baş nazir Nikol Paşinyanın açıqlamalarından da görünür ki, İrəvan əvvəlcə rəsmi müraciət məsələsini həll etməyi, daha sonra isə Aİ-nin mövqeyinə uyğun olaraq yol xəritəsini müəyyənləşdirməyi nəzərdə tutur".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.

Qeyd edək ki, Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində atdığı addımlar ölkənin xarici siyasətində və regional münasibətlər sistemində yeni müzakirələr yaradıb. İrəvanın 2025-ci ildə qəbul etdiyi qanun bu istiqamətdə siyasi iradəni ortaya qoysa da, Ermənistanın Aİ-yə rəsmi üzvlük müraciəti hələ edilməyib. Baş nazir Nikol Paşinyan da avqust ayında üzvlük üçün əvvəlcə rəsmi müraciətin təqdim olunmasının, daha sonra isə Aİ-nin mövqeyindən asılı olaraq yol xəritəsinin müəyyənləşdirilməsinin vacibliyini bildirib.

Siyasi şərhçi qeyd edib ki, Ermənistan qarşısında kifayət qədər mürəkkəb məsələ dayanır.

"Çünki Aİ ilə yaxınlaşma təkcə siyasi bəyanatlar və Brüssellə intensiv diplomatik təmaslar deyil, həm də qanunvericiliyin, iqtisadi standartların, ticarət rejiminin və müxtəlif institusional mexanizmlərin uyğunlaşdırılmasını tələb edir. Digər tərəfdən Ermənistanın Rusiya ilə formalaşmış iqtisadi əlaqələri və Avrasiya İqtisadi İttifaqı çərçivəsində öhdəlikləri mövcuddur. Bu iki istiqamətin müəyyən müddət paralel aparılması mümkündür, amma söhbət tamhüquqlu Aİ üzvlüyündən gedəndə məsələ sadəcə “həm Avropa, həm də Rusiya ilə əməkdaşlıq” formulundan daha mürəkkəb xarakter alır. Əslində İrəvan hazırda daha çox keçid mərhələsindədir. Ermənistan bir tərəfdən Aİ ilə siyasi, iqtisadi və təhlükəsizlik əməkdaşlığını genişləndirir, digər tərəfdən mövcud regional və iqtisadi mexanizmlərdən dərhal imtina etmir. Bu yanaşma qısa və orta müddətdə Ermənistan üçün müxtəlif tərəfdaşlarla əlaqələri qorumağa imkan verə bilər. Lakin uzunmüddətli perspektivdə Aİ-yə tam inteqrasiya gündəmə gələcəyi halda Ermənistanın mövcud iqtisadi və siyasi öhdəliklərinin yeni istiqamətlə nə dərəcədə uzlaşacağı daha ciddi sual yaradacaq. İqtisadi reallıqlar da bu prosesin sürətinə ciddi təsir göstərə bilər. Ermənistan üçün Aİ bazarına çıxışın genişlənməsi, investisiyaların cəlb edilməsi, enerji və nəqliyyat bağlantılarının şaxələndirilməsi mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, Rusiya və Avrasiya İqtisadi İttifaqı ilə mövcud iqtisadi münasibətlər də Ermənistan iqtisadiyyatının mühüm hissəsini təşkil edir. Buna görə İrəvanın qarşısında duran əsas məsələ bir istiqaməti digərinin hesabına dərhal dayandırmaqdan çox, yeni inteqrasiya xəttinin mövcud iqtisadi reallıqlarla necə uzlaşdırılmasıdır. Referendum məsələsi isə bundan daha çox daxili siyasi xarakter daşıyır. Əgər Aİ-yə üzvlük məsələsi referendumla cəmiyyətin qarşısına çıxarılarsa, bu, sadəcə xarici siyasət məsələsi kimi qalmayacaq, Ermənistanın gələcək inkişaf modeli barədə geniş ictimai müzakirəyə çevriləcək. Burada söhbət yalnız Avropa ilə siyasi münasibətlərdən getməyəcək. İqtisadiyyat, təhlükəsizlik, əmək bazarı, miqrasiya, sosial standartlar və ölkənin regional mövqeyi də referendum ətrafında müzakirələrin əsas mövzularına çevrilə bilər. Məsələnin “Avropa və ya Rusiya” kimi kəskin qarşıdurma formasında təqdim olunması Ermənistan daxilində siyasi qütbləşməni daha da gücləndirə bilər. Çünki cəmiyyətdə müxtəlif siyasi və geosiyasi baxışlar mövcuddur. Digər tərəfdən Aİ inteqrasiyasının konkret iqtisadi və institusional nəticələri üzərindən müzakirə aparılması məsələnin daha rasional çərçivədə qiymətləndirilməsinə imkan verə bilər. Paşinyan hökuməti üçün referendum həm də daxili siyasi legitimlik məsələsidir. Çünki hökumət Aİ istiqamətində atılan addımları yalnız öz siyasi qərarı kimi deyil, cəmiyyətin iradəsi ilə əsaslandırmaq istəyərsə, referendum mühüm siyasi mexanizmə çevrilə bilər. Bununla yanaşı, referendumun keçirilməsi özü də siyasi mübahisələri bitirməyəcək. Əksinə, kampaniya dövründə Ermənistanın xarici siyasət istiqaməti, Rusiya ilə münasibətləri və ölkənin təhlükəsizlik modeli ətrafında daha geniş debatların yaranması mümkündür. Əsas məqam isə budur ki, Ermənistanın Aİ-yə üzvlüyü barədə bu gün yekun nəticə çıxarmaq hələ tezdir. Qanunun qəbul edilməsi siyasi istiqaməti göstərir, amma üzvlük üçün bundan sonra bir sıra hüquqi, siyasi və institusional mərhələlər keçilməlidir. Ona görə hazırkı prosesi Ermənistanın artıq Aİ-yə üzv olmaq mərhələsinə keçməsi kimi deyil, xarici siyasət və iqtisadi əlaqələr sistemində Avropa istiqamətinin çəkisini artırmaq cəhdi kimi qiymətləndirmək daha doğru olar. Bu prosesin regional nəticələri də diqqətəlayiqdir. Ermənistanın xarici siyasətində Aİ istiqamətinin güclənməsi Cənubi Qafqazda nəqliyyat, enerji, ticarət və təhlükəsizlik məsələlərinə təsirsiz ötüşməyəcək. Xüsusilə Azərbaycan və Ermənistan arasında yeni regional münasibətlər sisteminin formalaşdığı bir dövrdə İrəvanın hansı iqtisadi və siyasi platformalara daha çox üstünlük verəcəyi regiondakı gələcək proseslərə də təsir göstərə bilər. Nəticə etibarilə Ermənistanın qarşısında sadəcə “Avropa İttifaqına qoşulmaq və ya qoşulmamaq” məsələsi dayanmır. Daha geniş mənada söhbət ölkənin gələcək iqtisadi, siyasi və təhlükəsizlik modelinin müəyyənləşdirilməsindən gedir. Referendum keçiriləcəyi halda isə bu məsələ Ermənistan cəmiyyətinin qarşısında yalnız xarici siyasət seçimi kimi deyil, ölkənin gələcək inkişaf istiqamətini müəyyən edən fundamental siyasi sual kimi dayanacaq".

Rəfiqə Namazəliyeva,

AzNews.az