- Siyasi müzakirə
- 18:56
- 848
Ər-Riyad çoxqütblü dünyaya hazırlaşır - TƏHLİL
"Yaxın Şərqdə dəyişən siyasi və hərbi vəziyyət Səudiyyə Ərəbistanını da xarici siyasətinə yenidən nəzər salmağa və müəyyən dəyişikliklər etməyə vadar edir. Əgər Səudiyyə Ərəbistanının indiyədək yürütdüyü xarici siyasət təkqütblü dünya sisteminin reallıqlarına, ABŞ və Qərbin dominant mövqeyinə uyğun formalaşmışdısa, artıq bu yanaşmaya yenidən baxmaq zərurəti yaranıb. Ər-Riyadın əvvəlki siyasəti əsasən öz maraqlarını və hakimiyyətin mövcudluğunu qorumağa xidmət edirdi. Lakin indiki şəraitdə həmin siyasətin əvvəlki formada davam etdirilməsi çətinləşir. Bunun əsas səbəbi təkqütblü dünya sisteminin zəifləməsi və çoxqütblü dünya nizamının formalaşmasıdır. ABŞ və Qərb artıq beynəlxalq münasibətlərdə yeganə söz sahibi deyil. Rusiya, Çin, eləcə də Yaxın Şərqdə Türkiyə və İran kimi dövlətlərin mövqeləri güclənir. Yeni reallıqda Qərbin maraqlarının əvvəlki kimi dominant olmadığı beynəlxalq münasibətlər sistemi formalaşır".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.

Qeyd edək ki, Yaxın Şərqdə təhlükəsizlik vəziyyətinin gərginləşməsi Səudiyyə Ərəbistanının regional siyasətində yeni mərhələnin başlanmasına səbəb olur. ABŞ-la mülki nüvə əməkdaşlığının genişləndirilməsi, Yəməndəki husilərin hücumları və enerji infrastrukturuna yönələn təhdidlər Ər-Riyadın təhlükəsizlik strategiyasını yenidən nəzərdən keçirməsini zəruri edir. Belə bir şəraitdə Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanmış Məkkə Birgə Müdafiə Sazişinin əhəmiyyəti də gündəmə gəlir. Digər tərəfdən, Vaşinqtonla Ər-Riyad arasında 30 illik mülki nüvə əməkdaşlığını nəzərdə tutan saziş iki ölkənin strateji münasibətlərinin gələcək istiqaməti ilə bağlı müzakirələri artırır.
Siyasi şərhçi bildirib ki, dəyişən beynəlxalq şərait Səudiyyə Ərəbistanını xarici siyasətində yeni manevrlər etməyə, həm Qərb, həm də Şərq ölkələri ilə əməkdaşlıq əlaqələrini genişləndirməyə sövq edir.
"Eyni zamanda, regional məsələlərdə Türkiyə və İranla dialoqun inkişaf etdirilməsi və qarşılıqlı əlaqələrin gücləndirilməsi istiqamətində addımlar atmalıdır. Səudiyyə Ərəbistanı rəhbərliyinin hazırkı siyasətində də çoxqütblü dünya nizamının şərtlərinə uyğunlaşmaq cəhdlərini müşahidə etmək mümkündür. ABŞ-nin Səudiyyə Ərəbistanı ilə nüvə sahəsində əməkdaşlığa başlamasına gəldikdə isə hesab edirəm ki, Vaşinqton bu addımla Yaxın Şərqin mühüm dövlətlərindən biri olan Səudiyyə Ərəbistanı ilə strateji əlaqələrini qorumağa çalışır. ABŞ-nin məqsədi Ər-Riyadın dəyişən beynəlxalq şəraitdə də Vaşinqtonu əsas tərəfdaşlarından biri kimi görməsini təmin etməkdir. Bu baxımdan nüvə əməkdaşlığı iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsinə xidmət edən vasitələrdən biri kimi çıxış edə bilər. Digər tərəfdən, bu əməkdaşlıq İranın nüvə proqramı ilə bağlı regional siyasət kontekstində də nəzərdən keçirilə bilər. ABŞ Səudiyyə Ərəbistanının nüvə potensialının inkişafında iştirak etməklə bölgədəki strateji balansı öz maraqlarına uyğun tənzimləməyə çalışa bilər. Bəs nə üçün bu əməkdaşlıq Türkiyə ilə deyil, məhz Səudiyyə Ərəbistanı ilə qurulur? Mənim fikrimcə, Türkiyə tarixən öz milli maraqlarını ön planda tutan dövlət olub. Ankara xarici siyasətində müstəqil qərarlar qəbul etməyə və öz maraqlarına uyğun hərəkət etməyə çalışır. ABŞ da Türkiyənin bu xüsusiyyətlərini nəzərə alır. Səudiyyə Ərəbistanı ilə münasibətlərdə isə fərqli yanaşma mövcuddur. Bu ölkənin xarici siyasətində ABŞ-la strateji tərəfdaşlıq uzun müddət mühüm yer tutub. Buna görə də Vaşinqton Ər-Riyadla nüvə sahəsində əməkdaşlığı öz maraqları baxımından məqsədəuyğun hesab edə bilər. Bütün bunlar ABŞ-Səudiyyə Ərəbistanı münasibətlərinin daha da yaxınlaşmasına zəmin yarada bilər. Bununla belə, hesab edirəm ki, Ər-Riyad dəyişən dünya reallıqlarını nəzərə almağa məcburdur. Artıq yalnız ABŞ-la münasibətlərə əsaslanan xarici siyasət xətti Səudiyyə Ərəbistanının bütün strateji məqsədlərinə çatması üçün kifayət etməyə bilər. Bu səbəbdən ölkənin Çinlə mövcud əməkdaşlığını daha da inkişaf etdirməsi, Rusiya, Türkiyə və İranla münasibətlərini genişləndirməsi mümkündür. Türkiyə və Pakistanla təhlükəsizlik sahəsində imzalanmış Məkkə sazişi də bu istiqamətdə atılan addımlardan biri kimi qiymətləndirilə bilər. Beləliklə, qarşıdakı dövrdə Səudiyyə Ərəbistanının xarici siyasətində daha çoxşaxəli yanaşmanın ön plana çıxmasının şahidi ola bilərik".
Rəfiqə Namazəliyeva,
AzNews.az