- Hadisə
- 19:39
- 1 142
Xudavəngdən aparılan freska və xaçdaşlar İnterpolun bazasına daxil edilib
Kəlbəcər rayonunun işğalından sonra Xudavəng monastırında da “bərpa” işləri başlanılıb.
Bunu açıqlamasında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva deyib.
Onun sözlərinə görə, “bərpa” işləri Ermənistan Respublikası və erməni apostol kilsəsinin vəsaiti hesabına 1997-2011-c illər tarixlərində həyata keçirilib.
“2014-cü ildən başlayaraq monastırın unikal freskalarının “bərpa”sı da aparılıb. İşğalçı qüvvələr Kəlbəcər rayonunu tərk edərkən Xudavəng monastır kompleksini talan edərək, kompleksə məxsus olan xaçlar, zənglər və digər elementlər Ermənistan Respublikasına aparılmış, o cümlədən, freskalar da divardan kəsilərək oğurlanmış, sonralar xaricdə “Ermənistanın sənət əsərləri” kimi müxtəlif xarici sərgilərdə nümayiş etdirilmişdir. Bununla bağlı 9 oktyabr 2025-ci il tarixində Xudavəng monastırından sökülərək ölkə ərazisindən qanunsuz çıxarılmış freska və xaçdaşlar barədə məlumatlar İnterpolun “Oğurlanmış incəsənət əsərləri bazası”na daxil edilmişdir. Bu da həmin artefaktların İnterpola üzv dövlətlərdən birinin ərazisində aşkar edilməsi halında onların Azərbaycan Respublikasına qaytarılması istiqamətində beynəlxalq hüquq-mühafizə mexanizmləri ehtiva edir”, - Dövlət Xidmətinin rəisi vurğulayıb.
Aznews.az