55 gün erməni əsirliyində olan Xocavənd sakini: Dövlət Himninin səsinə oyandım

55 gün erməni əsirliyində olan Şahruz Əliyev Xocavəndin Şəhər Günündə Dövlət Himninin sədaları altında yuxudan oyanıb qürurlandığını bildirib.

Aznews.az xəbər verir ki, Ş. Əliyev 20 sentyabrda Xocavəndin işğaldan azad olunduğu xatırladıb.

"Mən bu gün səhər Dövlət Himninin səsinə oyandım. Bir anlıq 55 gün erməni əsirliyində olduğum anları xatırladım. Orada hər saniyə ölümü real yaşadıq, amma, Allahım bizlərə bu xoş günün sevincinidə yaşatdı", - o bildirib.

Onun sözlərinə görə, bir vaxt güllə səsi gələn, indi isə üçrəngli bayrağımız dalğalanan Azərbaycanın işğaldan azad olunan torpaqlarında Dövlət Himni səsləndirilir:

"Olduqca duyğulu bir anları hiss etdim. Bir vaxtlar burda güllə səsləri, ah-nalə, qadınlarımızın, qızlarımızın fəryadı eşidilirdi. İndi Dövlət Himnimiz səslənir. Şəxsən mənim üçün bundan dəyərli və qiymətli heçnə ola bilməz. Bütün xalqımızı bu sevincli gün münasibətilə ürəkdən təbrim edirəm".