- Siyasi müzakirə
- 22:25
- 874
“İran ABŞ-yə Donuzlar körfəzi mesajı verir” - Siyasi şərhçi
"İran-Amerika münasibətləri gərgin olaraq qalır. Düzdür, Tramp tez-tez bəyan edir ki, İran ABŞ-la danışmaq və anlaşmaq istəyir. Amma eyni zamanda, Amerikanın hərbi gəmilərinin bölgəyə daha sıx şəkildə yönləndirildiyini görürük. Üçüncü gəminin də bölgəyə gəlməsinə dair məlumatlar var və əlavə hərbi qüvvələr yerləşdirilir. Belə olan halda, ABŞ və İran arasında yenidən hər an qarşıdurmanın, hətta müharibənin baş verməsi ehtimalı qalır. ABŞ-nin havadan təyyarələrlə İran şəhərlərini bombardman etməsi, yaxud gəmilərdən və digər vasitələrdən raket zərbələri endirməsi İran hakimiyyətini, yəni rejimi, müəyyən mənada çətin duruma sala bilər. Amma ABŞ fərqli üsullardan istifadə etməklə vəziyyəti dəyişə bilər. Əgər İran ərazilərinə canlı qüvvə, yəni hərbçilər çıxarılmaqla yerüstü müharibəyə başlanılarsa, bu halda ABŞ-nin ciddi uğurlar əldə etməsi daha çətin ola bilər. Görünür, İran tərəfi də məhz buna münasibət bildirərək Donuzlar körfəzi hadisəsini xatırladır. ABŞ 1961-ci ildə Kubaya qarşı Donuzlar körfəzindən hücum təşkil etmişdi. Lakin bu əməliyyat uğursuz olmuşdu. Amerika tərəfindən hazırlanan və Kubaya qarşı mübarizəyə yönəldilən qüvvələr Fidel Kastronun ordusu tərəfindən məğlub edilmiş, onların bir hissəsi öldürülmüş, digər hissəsi isə əsir götürülmüşdü. ABŞ-nin həmin dövrdə məqsədi Kubanı Fidel Kastronun hakimiyyətindən azad etmək idi. Bu məqsədlə Donuzlar körfəzinə qüvvə çıxarılsa da, əməliyyat məğlubiyyətlə nəticələndi. Həmin prosesə təxminən 1500 nəfərlik, əvvəllər Kubadan qaçaraq ABŞ-da yaşayan və daha sonra Amerika tərəfindən hazırlanaraq Kubaya qarşı mübarizəyə cəlb edilən qüvvələr qatılmışdı".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafayev deyib.

Qeyd edək ki, ABŞ və İran arasında qarşıdurmanın fonunda Tehran və Vaşinqton arasında qarşılıqlı sərt bəyanatlar intensivləşir. İran rəsmilərinin mümkün yeni ABŞ zərbəsinə cavabın daha geniş coğrafiyanı əhatə edə biləcəyi barədə xəbərdarlıqları gərginliyin yalnız Yaxın Şərqlə məhdudlaşmaya biləcəyi ehtimalını gündəmə gətirir. Xüsusilə Donuzlar körfəzinə edilən istinad Tehranın Vaşinqtona hansı mesajı vermək istədiyi baxımından diqqət çəkir. Bu açıqlamalar fonunda ABŞ-İran qarşıdurmasının hansı istiqamətdə inkişaf edəcəyi, tərəflərin qarşılıqlı təhdidlərinin real hərbi ssenariyə çevrilmə ehtimalı və mümkün eskalasiyanın coğrafi sərhədləri müzakirə olunur.
Siyasi şərhçi qeyd edib ki, İran bununla müəyyən mesaj vermək istəyir.
"Yəni demək istəyir ki, əgər Amerika bu dəfə də İran ərazisinə canlı qüvvə çıxararsa və ya hansısa formada quru müdaxiləsinə cəhd edərsə, 1961-ci ildə Kubada onu hansı məğlubiyyət gözləyirdisə, burada da oxşar nəticə ilə üzləşə bilər. Yəni İran bununla Amerikaya gözdağı verir və bəyan edir ki, ABŞ-nin mümkün hücumuna qarşı mübarizə aparmağa və qalib gəlməyə hazırdır. Əlbəttə, bütün bunlar bölgədə gərginliyi və eskalasiya riskini kifayət qədər artırır".
Rəfiqə Namazəliyeva,
AzNews.az