“ABŞ-nin İrana qarşı zərbələri məhdud xarakter daşıya bilər” - TƏHLİL

"ABŞ-da aralıq seçkilərinə doğru irəlilədikcə, təbii ki, İran məsələsində də situasiyaya uyğun fərqli siyasi qərarların verilməsi ilə qarşılaşa bilərik. Məsələn, əgər Tramp və onun mənsub olduğu Respublikaçılar Partiyasının nüfuzunu artırmaq üçün lazım olarsa, hökumət hərbi əməliyyatlara gedə bilər, lazım olarsa, əksinə, İranla anlaşma da imzalana bilər. Bu, tamamilə vəziyyətdən asılı olaraq dəyişəcək. Əgər diplomatik metodlarla Tramp hökuməti İranı öz şərtlərinə razı sala bilərsə və ya tam olmasa belə, daxili auditoriyaya “biz bunu bacardıq, məqsədlərimizə çatdıq” mesajını verə biləcək nəticə əldə edərsə, o zaman nəinki zərbələr endiriləcək, əksinə, ABŞ daxilində ritorika da dəyişəcək. “Biz sülh yolu ilə qərar verdik, itki vermədən Amerikanın maraqlarını təmin etdik” şəklində mövqe nümayiş etdirilə bilər. Yox, əgər İran tərəfi ABŞ-nin maraqlarına cavab verməzsə və onların maraqlarına uyğun və ya ortaq nöqtədə hər hansı razılaşmanın əldə olunmasına ümid yaranmazsa, onda, əlbəttə, seçkilər ərəfəsində Respublikaçılar Partiyasının nüfuzunu artırmaq, onların səsvermədə üstün mövqeyə keçməsini və xalqdan dəstək almasını təmin etmək üçün İrana müəyyən zərbələrin endirilməsi mümkündür. Əslində, mən gözləmirəm ki, indiki məqamda İran hakimiyyəti problemin diplomatik yollarla həllinə imkan versin və anti-İran mövqeyi daha radikal olan Respublikaçılar bu siyasətdə qalib gəlsin. Onlar Respublikaçıların nüfuz qazanmasının qarşısını almağa çalışacaqlar".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.

Qeyd edək ki, ABŞ-nin İrana qarşı mümkün yeni hərbi əməliyyata hazırlaşması ilə bağlı məlumatlar Yaxın Şərqdə təhlükəsizlik gündəmini yenidən ön plana çıxarıb. Pentaqonun CENTCOM-a mümkün zərbələrin davam etdirilməsi üçün hazırlıqları tamamlamaq barədə göstəriş verdiyi bildirilir. Eyni zamanda, ABŞ Prezidenti Donald Trampın hələlik əməliyyatın vaxtı ilə bağlı yekun qərar vermədiyi qeyd olunur. Mümkün hücumların İranın enerji infrastrukturu və nüvə obyektlərini əhatə edə biləcəyi barədə iddialar isə vəziyyətin daha da gərginləşə biləcəyi ehtimalını artırır.

Siyasi şərhçi qeyd edib ki, bu da zərbə endirilməsi variantını diplomatik yolla həll imkanından bir qədər daha ön plana çıxarır.

"Nəyə görə? Çünki artıq ABŞ hakimiyyəti öz nüfuzunu və partiyanın nüfuzunu saxlamaq üçün məqsədlərinə hərbi yolla çatmaq variantına daha yaxın görünə bilər. Amma burada diqqətçəkən bir məqam var. Sizin də qeyd etdiyiniz kimi, Rusiya və Çin faktoru mövcuddur. Artıq bəllidir ki, ABŞ dünya siyasətinə sadəcə Yaxın Şərq prizmasından baxmır, bütün regionları nəzərə alır. Ona görə də Rusiya və Çin kimi rəqiblərlə regional mübarizədə uduzmamaq üçün bütün qüvvələrini İrana qarşı səfərbər edə bilməz. Yəni bu zərbələrin də məhdud xarakter daşıması ön planda olacaq. İnanıram ki, Rusiya və Çin ən son məqamda İran hakimiyyətinin devrilməsinə və ABŞ-nin İranda öz məqsədlərinə çatmasına razı olmayacaqlar. Gizli yollarla bunun qarşısını almağa çalışa bilərlər. Onlar görsələr ki, İran artıq təkbaşına ABŞ-nin təzyiqləri ilə bacara bilmir, o zaman müxtəlif yollarla İrana texnika və ya təcrübə mübadiləsi formasında kömək edə, yaxud hərbi imkanlarını maddi-texniki baxımdan tamamlayaraq İranın ABŞ-a qarşı mübarizəsini dəstəkləyə bilərlər. Ona görə də bu, ABŞ üçün də riskli olar. Yəni hakimiyyət öz nüfuzunu artırmaq və seçkilərdə qalib gəlmək üçün çıxdığı bu yolla, əksinə, daha pis vəziyyətə düşə və daha çox seçici səsi itirə bilər.

Ona görə də indi mümkündür ki, ABŞ zərbələri məhdud xarakter daşısın, yəni lokal çərçivədə həyata keçirilsin. Bu da tamamilə İran tərəfini qorxutmaq və mümkün qədər onu razı salmaq məqsədi daşıya bilər. Ona görə də bu zərbələrin kəsərinin və miqyasının böyük olmayacağını düşünürəm. Yaxın Şərqdə daha dağıdıcı fəsadların yaranacağı qənaətində deyiləm. Bir sözlə, ən azı aralıq seçkilərinə qədər və ondan bir neçə ay sonrakı mərhələdə ABŞ-nin İrana qarşı daha genişmiqyaslı müharibəyə başlamaq planının mümkün olduğunu düşünmürəm. Bu, sadəcə lokal əməliyyatlarla məhdudlaşacaq və bir növ qarşı tərəfi öz şərtlərini qəbul etməyə məcbur etməyə fokuslanacaq".

Rəfiqə Namazəliyeva,

AzNews.az