- Siyasi müzakirə
- 20:12
- 1 019
Hindistan–İran–Ermənistan marşrutunun relyef problemi: Zəngəzur dəhlizi niyə yeganə effektiv yoldur?
"Paşinyanın TRIPP layihəsi ilə bağlı söylədiyi fikirlər, əlbəttə ki, maraqlıdır. Nəzərə alsaq ki, Zəngəzur dəhlizinin açılmasının olduqca böyük əhəmiyyətə malik bir layihə olduğunu dəfələrlə qeyd etmişik. Bu, yalnız Azərbaycanın əsas hissəsini Naxçıvanla, eləcə də Azərbaycanı, Türkiyəni və Mərkəzi Asiyanı birləşdirən xətt deyil. Eyni zamanda, bu marşrutdan müxtəlif dövlətlər, o cümlədən İran, Gürcüstan və regionun digər ölkələri də faydalana bilər. Məhz uzun illərdir Hindistan, İran və Ermənistan arasında müzakirə olunan, Hindistan və İranı Qara dənizə bağlayacaq xətt də Zəngəzur dəhlizi üzərindən həyata keçirilə bilər. Belə ki, bu üç ölkənin irəli sürdüyü marşrut, hansı ki, Qərbi Azərbaycan ərazisindən, Zəngəzurun və Dərələyəz bölgələrindən keçən xətt nəzərdə tutulur, kifayət qədər mürəkkəb relyefə, coğrafi mövqeyə və sərt iqlim şəraitinə malik ərazilərdən keçir. Bu səbəbdən həmin ərazilərdə effektiv daşımaların həyata keçirilməsi real görünmür. Çünki həm sərt relyef, həm serpantin yollar, həm də iqlim şəraiti daşımaların həcmini məhdudlaşdırmaqla yanaşı, onların müddətini də artıracaq".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov deyib.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyə ilə sərhədin yaxın zamanda açılacağı, eləcə də Azərbaycanla dəmir yolu əlaqələrinin bərpasının mümkünlüyü barədə açıqlamaları Cənubi Qafqazda nəqliyyat və kommunikasiya məsələlərini yenidən gündəmə gətirib. Eyni zamanda, Paşinyanın TRIPP layihəsinin həyata keçirilməsini Ermənistan və region üçün yeni nəqliyyat və iqtisadi perspektivlərlə əlaqələndirməsi layihənin mümkün regional əhəmiyyətinə dair müzakirələri də aktuallaşdırıb.
Siyasi şərhçi qeyd edib ki, bu səbəbdən həmin layihəni effektiv hesab etmək mümkün deyil.
"Amma həmin layihəni Zəngəzur dəhlizinə qoşulmaqla həyata keçirmək mümkündürmü? Bəli. Paşinyanın dediklərində müəyyən həqiqət var. Bu layihə reallaşdıqdan sonra Ermənistan Naxçıvan üzərindən keçməklə İrana, oradan isə Körfəzə çıxış əldə edə bilər. Ermənistan bu yoldan, bu dəhlizdən istifadə etməklə həm Rusiyaya, həm də Mərkəzi Asiyaya çıxış imkanları əldə edə bilər. Bu baxımdan, Ermənistan üçün bu layihənin reallaşması olduqca böyük fürsət kimi dəyərləndirilməlidir. Ermənistanla yanaşı, digər qonşu ölkələr, o cümlədən İran və digər dövlətlər də bu dəhlizdən səmərəli şəkildə istifadə edərək kifayət qədər mənfəət əldə edə bilərlər. Bu baxımdan yanaşdıqda, layihənin reallaşması geniş regional marşruta çevrilə bilər. Bir daha qeyd edə bilərəm ki, bu layihə həm Qara dənizə çıxış imkanları yaradır, həm də Körfəz ölkələri ilə əlaqələri genişləndirir. Eyni zamanda, Rusiya məhz bu dəhliz üzərindən Türkiyəyə və Yaxın Şərqə çıxış əldə edə bilər. Bütün bunları nəzərə aldıqda, əlbəttə ki, Zəngəzur dəhlizinin açılması qlobal əhəmiyyət daşıyan layihədir. Bu layihə region ölkələrinin maraqlarına xidmət etməklə yanaşı, yeni reallıqlar yarada və nəqliyyat-logistika sahəsinə öz töhfəsini verə bilər".
Rəfiqə Namazəliyeva,
AzNews.az