Adəm İsmayıl Bakuvi Prezidentə təbrik məktubu yazıb

Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi hakim Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayı ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu yazıb.

AzNews.az xəbər verir ki, məktubda YAP-ın sonuncu qurultayında formalaşan partiya rəhbərli və görülən işlərlə bağlı fikirlər yer alıb:

“Hörmətli cənab Prezident!

Vəhdət Partiyası adından Sizi, Yeni Azərbaycan Partiyasının rəhbərliyini, VIII Qurultayda formalaşdırılmış idarə heyətinin və təftiş komissiyasının üzvlərini, qurultay nümayəndələrini və partiyanın bütün üzvlərini səmimi-qəlbdən təbrik edirəm.

Yeni Azərbaycan Partiyasının VIII Qurultayının Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasından sonra keçirilməsi ona xüsusi siyasi məzmun verir. Azərbaycan bu gün öz milli maraqlarını müstəqil müəyyən edən, iqtisadi imkanlarına, siyasi iradəsinə və güclü dövlətçilik institutlarına söykənən yeni inkişaf mərhələsindədir.

Bu əlamətdar gündə Yeni Azərbaycan Partiyasının qurucusu. Ümummilli Lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edirik. Onun müəyyən etdiyi müstəqillik və dövlətçilik xətti Azərbaycanın müasir siyasi tarixində mühüm yer tutur. Sizin VIII Qurultaydakı çıxışınızda da bu siyasi xəttin əsas prinsiplərinin dəyişməz qaldığı xüsusi vurğulandı”.

Adəm İsmayıl Bakuvi həmçinim məktubda milli və siyasi həmrəyliyin önəmini vurğulayıb:

“Hörmətli cənab Prezident!

Qurultaydakı çıxışınızda səsləndirilən güclü dövlət, iqtisadi müstəqillik, qüdrətli ordu, milli maraqların qətiyyətlə müdafiəsi və Azərbaycanın öz taleyinin sahibi olması prinsipləri bugünkü mürəkkəb geosiyasi şəraitdə xüsusi siyasi əhəmiyyət daşıyır. Müstəqil siyasətin əsas dayaqlarından biri güclü iqtisadiyyat, digəri isə milli iradə və dövlətin öz təhlükəsizliyini təmin etmək imkanlarıdır. Azərbaycanın siyasi və iqtisadı qərarlarını öz milli mənafelərindən çıxış edərək müəyyən etməsi dövlət suverenliyinin fundamental şərtidir. Eyni zamanda, ölkə daxilində mili həmrəyliyin möhkəmləndirilməsi, sağlam siyasi dialoqun və konstruktiv əməkdaşlığın inkişafı dövlətçilik maraqlarına xidmət edən mühüm siyasi amillərdir.

Azərbaycan dövlətinin müstəqilliyinin və suverenliyinin qorunmasına, milli birliyin möhkəmlənməsinə, iqtisadi qüdrətimizin artırılmasına və dövlətimizin beynəlxalq mövqelərinin güclənməsinə xidmət edən fəaliyyətlərə uğurlar arzulayırıq. Güclü dövlətçilik, müstəqil siyasi iradə və milli birlik Azərbaycanın gələcək qüdrətinin əsas dayaqlarıdır.

Sizə möhkəm cansağlığı və dövlətçilik fəaliyyətinizdə uğurlar, Yeni Azərbaycan Partiyasının bütün üzvlərinə isə ölkəmizin inkişafı naminə fəaliyyətlərində müvəffəqiyyətlər arzulayırıq”.