- İşin içi
- 5 Oktyabr 23:58
- 1 848
Həyat sığortası üzrə ödənişlər artıb - ŞƏRH
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 639,427 milyon manat sığorta haqqı toplanılıb.
Azərbaycan Mərkəzi Bankı (AMB) xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 7,7 % çoxdur.
Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər isə 33,1 % artaraq 568,426 milyon manata çatıb.
Beləliklə, 8 ayda həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 88,9 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 71,9 manat təşkil edib.
Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 115,395 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 6,4 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 773,153 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 28,1 % çoxdur.
8 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 69,3 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 57,6 manat olub.
Burada diqqət çəkən əsas məqam həyat sığortasında ödənişlərin sığorta haqlarından xeyli sürətlə artmasıdır. Sığorta haqları 7,7% artdığı halda, ödənişlər 33,1% yüksəlib. Nəticədə hər 100 manat sığorta haqqına düşən ödəniş 71,9 manatdan 88,9 manata çatıb.
Bu, bir tərəfdən həyat sığortası məhsullarından istifadə edənlərin sayının və müqavilələr üzrə ödənişlərin artdığını göstərir. Digər tərəfdən isə sektorun gəlir-xərc balansında təzyiqin gücləndiyini göstərən ciddi siqnaldır. Xüsusilə 88,9%-lik ödəniş nisbəti həyat sığortasında toplanan vəsaitlərin çox böyük hissəsinin yenidən müştərilərə qayıtdığını göstərir.
Bütün sığorta bazarında da oxşar dinamika var: haqlar 6,4% artdığı halda, ödənişlər 28,1% yüksəlib. Ödənişlərin haqlara nisbəti 57,6%-dən 69,3%-ə qalxıb.
Deməli, Azərbaycanın sığorta bazarı böyüyür, amma bu artımın keyfiyyəti ayrıca müzakirə edilməlidir. Bazarın həcminin artması ilə yanaşı, sığorta şirkətlərinin riskləri düzgün qiymətləndirməsi, uzunmüddətli maliyyə dayanıqlığını qoruması və sığorta məhsullarının real iqtisadi ehtiyaclara uyğunlaşdırılması daha da vacib olur.
Həyat sığortasında isə 88,9%-lik göstərici artıq sadəcə bazarın böyüməsi deyil, sektorun maliyyə dayanıqlığı baxımından diqqətlə izlənməli göstəricidir.
Nuray
Aznews.az