- Redaktor masası
- 16:43
- 2 709
Manisadan məktub aldım. Cavabını Təbrizdən yazacam!!!
Sosial şəbəkə üzərindən qardaş Türkiyənin Manisa şəhərindən bir məktub aldım.
Məktubda Səfər Yağçızeybək adlı bir Türkiyə vətəndaşı “Türkiyə Azərbaycanı yenidən satmağa hazırlaşırsa, bizim də deməyə çox sözümüz var!” başlıqlı məqaləm barədə öz rəyini son dərəcə geniş, sayğılı bir üslubla bildirmişdi.
Diqqətimi çəkən ən əsas məqam bu oldu ki, məktub müəllifi mənim məqalədə əks etdirdiyim faktlara fərqli prizmadan yanaşsa belə, heç birini təkzib etməmiş, “doğrudur, amma...” deyə məsuliyyəti tarixin, geopolitik şərtlərin, ayrı-ayrı şəxslərin üzərinə qoymağa çalışmışdı. Bu “amma”larla bağlı da müzakirə açmaq, mübahisə etmək olar, zənnimcə, ehtiyac yoxdur.
Əsas odur ki, məktubun ruhu və əsas mesajı çox xoşuma gəldi.
Qiymətli Səfər qardaşımız yazıb:
“Ne Türkiye Azerbaycan’ın ağabeyidir, ne Azerbaycan Türkiye’nin borçlusudur”.
Mənim öz məqaləmdə izah etmək istədiyim də tam budur.
Demək mesajımız Manisayacan çatmışdır.
Bəli, biz eyni etnik kökdən gələn iki müstəqil dövlət olaraq bir-birimizin gücünə güc qatmalı, bunun üçün isə, Səfər Yağçızeybəyin çox gözəl ifadə etdiyi kimi, ilk növbədə dövlət iradəsinə hörmət etməli, xətaları gizlətməməli, fədakarlıqları başa qaxmamalı, tarixi acılarımızı bir-birimizə qarşı silah kimi istifadə etməməliyik.
Çünki qardaşlıq borc dəftəri deyildir!
Tam haqlısan, Səfər qardaşım, qardaşlıq borc dəftəri deyil. Amma bircə vətəndaşının burnunun qanamadığı, 2020-ci ilədək Azərbaycanın xaricdən aldığı silahların ümumi həcmində payı 3 %-ə belə çatmayan bir ölkə olaraq Türkiyənin qardaş da olsa, ən yüksək səviyyədə “Qarabağ minnəti” dəftəri açması da doğru deyil, yanlışın lap böyüyüdür. Əgər səmimi danışırıqsa, məsələnin məğzini ora-bura yozmayaq, Sərdar Kılıç adlı bir Türkiyə diplomatı nə Sultan Səlimin, nə Mustafa Kamalın, nə də Tansu Çillərin təlimatı ilə Ermənistanla qeyd-şərtsiz danışıqlar aparırdı.
Bax, bu cür yanlış addımlar tarixi silsilə təşkil etdiyi üçün “yenəmi” sualı doğur.
Bundan sonra deyəcəklərim sözü gedən xoşməramlı məktuba cavab deyil.
Bizim İkinci Qarabağ Savaşında tarixi zəfərimizin əsasını yaradan başlıca amillərdən biri Azərbaycanın rasional və prinsipial xarici siyasəti idi. Azərbaycan bir tərəfdən Rusiya, digər tərəfdən ABŞ ilə normal əlaqələr qurmağa çalışırdı. Rəsmi Bakı Avropa Birliyi ilə danışıqlar apara-apara Şanxay Əməkdaşlıq Təşkilatını da diqqətdə saxlayırdı. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı vasitəsi ilə müsəlman aləminə mesajlar verdiyi kimi, xristian dünyasına da Vatikanla ünsiyyət yaradaraq səslənirdi. Məhz bu hesablanmış, çevik və ardıcıl siyasətin nəticəsi idi ki, İkinci Qarabağ Savaşında Ermənistanın baş naziri günlərlə telefonda qalmasına baxmayaraq, heç haradan dəstək ala bilmədi.
Azərbaycan öz xarici siyasətində heç zaman macəra axtarmır. İnsanlıq, humanizm, savaşsız və daha gözəl bir dünya hər bir düşünən insanın arzusudur. Amma bu, hələ ki bir utopiyadır. Gerçək dünyada qanlı savaşlar gedir. Azərbaycanla Türkiyəni birləşdirəcək Zəngəzur dəhlizini 6 ildir aça bilməmişik. Rusiya bir tərəfdən, İran bir tərəfdən, Avropanın Göyçəyə toplaşmış casus şəbəkələri bir tərəfdən mane olur.
Hər kəs sakit, soyuqqanlı bir şəkildə düşünməlidir: Biz İkinci Qarabağ Savaşını silah təchizatının 97 %-i Moskvanın əlində olan Ermənistanın dizini Rusiya silahları ilə yerə qoyduq, yoxsa daha müasir və daha üstün texnologiya ilə hazırlanmış İsrail silahları ilə?
Azərbaycan torpaqlarının işğal altında olduğu dövrdə ABŞ-yə, Avropaya, Rusiyaya yetərincdə təsir gücü olan erməni lobbisinin fəaliyyətini zərərsizləşdirməkdə yəhudi diaspor təşkilatları qədər köməyimizə kim çatıb?
Azərbaycanın təhlükəsizlik arxitekturasında İsrail olduqca mühüm rol oynayır. Xüsusilə də İranın təhdidlərini dəf etməyimizdə İsraildə hakimiyyətdə kim olursa-olsun, Təl-Əviv Azərbaycan üçün etibarlı tərəfdaşdır.
Bu sadə həqiqəti anlamaq sekulyar və mütərəqqi Azərbaycanı orta çağ cəhalətinə sürükləmək istəyənlər üçün çoxmu çətindir?
Bizim Azərbaycan xalqı və dövləti olaraq fərqli bir inkişaf trayektoriyamız var. Çoxəsrlik dövlətçilik ənənələrimiz, unikal milli identifikasiyamız, yeni dünya nizamında “orta güc” olmaq hədəfimiz var.
Odur ki, hər kəs qulağını açıb eşitməlidir: Azərbaycan heç bir imperiyanın əyaləti, heç bir dövlətin "arxa bağçası" deyil, heç bir xalqın “kiçik qardaşı” deyil. Bizim ərazi bütövlüyümüz, dövlət suverenliyimiz müzakirə mövzusu ola, müstəqil daxili və xarici siyasət yürütmək haqqımıza heç bir kənar güc müdaxilə edə bilməz. Buna cəhd edən ABŞ də olsa, Rusiya da olsa, İran da olsa, AB də olsa, İsrail də olsa, Türkiyə də olsa, hətta yadplanetli bir qüvvə də olsa cavab haqqımız doğmuş deməkdir!
Azərbaycan xalqı bütövdür. Azərbaycan Konstitusiyasının V maddəsi təsbit edir bunu. Həmin norma deyir ki, Azərbaycan xalqının vahidliyi Azərbaycan dövlətinin təməlini təşkil edir. Azərbaycan Respublikası bütün Azərbaycan Respublikası vətəndaşlarının ümumi və bölünməz vətənidir. Odur ki, mən heç bir etnik və dini fundamentalizimi qəbul etmirəm. Bir azərbaycanlı olaraq nə qədər türkəmsə, o qədər də talışam, avaram, ləzgiyəm, kürdəm, tatam, haputam. Kökümü, əcdadımı araşdırmaq istəyənləri yenə məyus edəcəm- əcdadlarım moğol yürüşləri zamanı Azərbaycanda məskunlaşıb, tər-təmiz qıpçaq türküyəm. Övladımın birinin adı Türkay, o birinin də adı Özgürdür. Devşirmələr çox maraqlanırsa, bilsin: Vətənim Azərbaycan, dədə yurdum Zəngəzur, elim Gəloxçudur! Azərbaycan Moskvadan, Parisdən, Brüsseldən, Vaşinqtondan idarə oluna bilməyəcəyi kimi, Ankaradan da idarə oluna bilməz. İslam aləmində yaratdığımız ilk cümhuriyyətə “Azərbaycan” adını qoymuş Nəsib bəy Yusifbəylinin məşhur prinsipi həyat devizimdir. Azərbaycançılıq ideologiyasına qarşı diversiyaların mənşə ölkəsi hara olursa-olsun qarşısına çıxmağa, Allaha çox şükür, savadımız da var, iradəmiz də, cəsarətimiz də!
Azərbaycanı da, Türkiyəni də, Orta Asiyadakı türk mənşəli cümhuriyyətləri də qarşıda tarixi bir sınaq gözləyir. Güney Azərbaycanlıların öz müqəddəratını təyin etmək haqqı var. Heç bir türk dövlətinin önündə seçim yoxdur bu məsələdə, məsuliyyət var. Ümid edək ki, qardaş dediyimiz, soydaş bildiyimiz Türkiyə ərəb üçün, fələstinli üçün etdiyi etdiyi cənfənşanlığın heç olmasa yarısını Güney Azərbaycan üçün nümayiş etdirəcək. Hələ ki anti-türk teokratik rejimin yanında görsənirlər. Tehran və Moskva kimi Azərbaycana, azərbaycanlılara üstdən aşağı baxmaq yox, bizimlə eyni hədəfə boylanmaq lazımdır. Ən səmimi şəkildə arzu edirəm ki, Təbrizdə qarşımıza Necati bəylər deyil, Mete Kaya kimi gerçək türk övladları çıxsın...
Sözümün sonunda Türkiyədə mərkəzləşdirilmiş qaydada aparılan anti-Azərbaycan kampaniyasına qarşı mətanətlə çıxan Mete Qaya qardaşıma xüsusi təşəkkür edirəm. Metenin qadası olsun buradakı psevdo-türkçülərin hamısının ürəyinə!
Taleh ŞAHSUVARLI