Əliyevdən iki böyük xəbər: Biri Azərbaycan üçün ilk olacaq

Prezident İlham Əliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusuna dair tədbirdə iki mühüm müqavilənin imzalanacağını açıqlayıb.

Sitat: “Biri böyük potensiala malik olan qeyri-ənənəvi neft və qaz yataqlarının işlənilməsi üzrə “Exxon” şirkəti ilə bağlanılacaq müqavilədir. Kəşfiyyat işləri uğurla nəticələnsə, bu, Azərbaycanda daha bir neft və qaz bumuna gətirib çıxara bilər. Qazla bağlı biz bu gün yenə də Abşeron yatağının işlənilməsinin ikinci mərhələsi üzrə “Total” şirkəti ilə müqavilə imzalayacağıq. Bu da Azərbaycanda qaz hasilatını üç-dörd il müddətində əlavə 5 milyard kubmetr artıracaqdır”.

AzNews.az xəbər verir ki, enerji məsələləri üzrə ekspert İlham Şaban Globalinfo.az-a açıqlamasında deyib ki, “ExxonMobil” ilə imzalanmış saziş yekun nəticədə yeni həcmdə neft ehtiyatlarının aşkarlanmasına gətirib çıxararsa, bu, Azərbaycan üçün yeni neft bumu sayıla bilər:

“Çünki müstəqillik illərində ilk dəfə “Exxon” səviyyəsində dünyanın tanınmış şirkətlərindən biri Azərbaycanın kəşfiyyat layihəsinə cəlb edilir. Üstəlik, söhbət dənizdə yox, quruda, Bakıdan təqribən 300 kilometr qərbdə yerləşən böyük bir ərazidə aparılacaq kəşfiyyat işlərindən gedir. Axtarış ərazisi Gəncə və Yevlax şəhərləri arasından başlayaraq Kür çayı boyunca cənub-şərq istiqamətində Ağcabədi rayonunun şimal hissəsinədək uzanır. İlkin olaraq bu ərazinin seçilməsi də təsadüfi deyil. Azərbaycanda quruda, xüsusilə qərb hissədə mövcud neft yataqları əsasən Abşeron yarımadası, Salyan və Neftçala rayonlarında yerləşir. Dənizə yaxın ərazilərdən kənarda isə ölkənin mərkəzi və qərb hissəsinə yaxın yeganə nümunələrdən biri Naftalan yatağıdır”.

Ekspert bildirib ki, o yataqdan çıxarılan neft qatı və qatranlaşmış xüsusiyyətə malikdir:

“Buna görə də ondan 100 ildən artıqdır ki, tibbi-müalicəvi prosedurlarda istifadə olunur. Əgər həmin ərazidə belə bir yataq mövcuddursa, məntiqlə, daha dərin qatlarda da karbohidrogen ehtiyatlarının olması ehtimalı nəzərdən keçirilə bilər. Bu səbəbdən ərazidə müasir və dəqiq texnologiyalardan istifadə etməklə üçölçülü kəşfiyyat işləri aparılmalıdır. Daha sonra quyular qazılaraq nəticələr qiymətləndirilməlidir. Hesab edirəm ki, bunun nəticəsi iki-üç ildən sonra məlum olacaq. İstənilən halda, hətta yeni ehtiyatlar aşkarlanmasa belə, kəşfiyyat zamanı əldə ediləcək geoloji materiallar geoloqlar üçün böyük əhəmiyyət daşıyacaq”.