Beynəlxalq tədbirlər Azərbaycanın turizm potensialını necə artıra bilər? - Ekspert

"Ölkəmiz mötəbər tədbirlərin keçirilməsi üçün bir mərkəzə çevrilmişdir və 2012-ci ildən etibarən Avroviziya yarışmasından biz bunun şahidi olduq. Bu gün də ölkəmizdə silsilə şəklində bu tədbirlər keçirilməkdədir. Formula 1 yarışlarının keçirilməsinin şahidi olduq və bundan sonra Cüdo üzrə Dünya Çempionatı, daha sonra isə Çempionlar Liqasının qrup oyunları Bakıda keçiriləcək. Bunlar da həm idman yarışlarına, həm də digər sahələrə aid olan tədbirlərin Bakıda keçirilməsi, həmin sahəyə marağı olan insanların diqqət mərkəzini Azərbaycana, Odlar Yurdu Azərbaycana, paytaxtımıza çəkir və bu da ölkəmizin tanınmasına, daha çox turistlərin cəlb olunmasına xidmət edir. Turistlərin gəlməsi qeyri-neft sektorunun inkişafına və birbaşa olaraq turizmlə əlaqədar olan sahələrin dövlət büdcəsinin inkişafına səbəb olur və qeyri-neft sektorunun digər sahələrində paralel şəkildə turizm sənayesi vasitəsilə inkişafının öhdəsindən gəlmiş olur".

Bu fikirləri Aznews.az-a açıqlamasında turizm eksperti Əziz Şiriyev deyib.

Qeyd edək ki, Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkəyə gələn xarici qonaqların sayının artması ilə yanaşı, turizm sektorunun inkişafı üçün də yeni imkanlar yaradır. Müxtəlif idman yarışları, forumlar, konfranslar və mədəni tədbirlər çərçivəsində ölkəyə səfər edən turistlər yalnız tədbirlərin iştirakçısı olmaqla kifayətlənmir, eyni zamanda Azərbaycanın tarixi, mədəniyyəti və turizm marşrutları ilə tanış olurlar. Bu baxımdan, beynəlxalq tədbirlərin ölkənin turizm imicinə və qeyri-neft sektoruna təsiri, eləcə də yaranan imkanlardan nə dərəcədə səmərəli istifadə edilməsi məsələsi aktuallıq qazanır.

Ekspert qeyd edib ki, bu, təkcə Azərbaycanın paytaxtı ilə məhdudlaşmamalıdır.

"Regionların sosial-iqtisadi inkişafı üçün bir sıra təkliflərin irəli sürülməsi vacibdir. Dövlət səviyyəsində bu işlər addım-addım görülməkdədir. Xüsusən beynəlxalq tədbirlərdən qabaq insanlarımız tərəfindən paralel şəkildə bir sıra proseslər aparılmalıdır. Təbii ki, Otellər Assosiasiyası, Turizm Agentlikləri Assosiasiyası, kim hansı işlə məşğul olan sənaye nümayəndələridirsə, həmin onların assosiasiyası, xüsusən də yuxarıda nazirlik olmaqla, birbaşa maarifləndirici tədbirlər başlamalıdır. Və xüsusən də bununla yanaşı, vətəndaşlarla maarifləndirmə aparmaq lazımdır ki, gələn qonaqlara qarşı həssas davranmaq, gülərüz davranmaq, mehriban davranmaq. Bu, artıq bizdə var, sadəcə onu göstərmək lazımdır. Otellərlə kadr məsələləri, yüksək səviyyədə xidmətlərin göstərilməsi, turistlərin aldadılmaması, onlara qarşı qeyri-etik hərəkətlərin olmaması, gələn turistlər hər hansı bir turizm şirkəti vasitəsilə gətirilirsə, onlara bizim milli-mənəvi dəyərlərimizin aşılanması, milli mətbəximizin dadılması, Şəhidlər xiyabanı, digər anım yerlərinin onlara mütləq şəkildə bildirilməsi və onlarla birlikdə ziyarət edilməsidir. Məsələn, qeyri-etik hərəkətlər olmasın turistlər tərəfindən və yaxud onlara görə ki, qeyri-etik hərəkət olmasın və yüksək xidmət görən və xoş sima görən heç bir turist buradan getməz və ən azından təkrar bizim ölkəyə səfər etmək istəyər".

Rəfiqə Namazəliyeva,

AzNews.az