Türkiyə Azərbaycanı yenidən satmağa hazırlaşırsa, bizim də deməyə çox sözümüz var!

Azərbaycanın başına gələn müsibətlərin bir çoxu Osmanlıdan qaynaqlanıb. Azərbaycan türklərinin müstəqil və güclü dövlət qurmaq əzmi ilə Osmanlı tarixən barışmaq istəməyib. Bunun qarşılığında Azərbaycandan Osmanlıya hər zaman qardaşlıq mesajları, tərəqqi təklifləri, türkçülük ideologiyası gedib. Şah İsmayılın Osmanlı sultanlarına yazdığı məktublar ortadadır. Mirzə Fətəli Axundovun İstanbula verdiyi əlifba islahatları barədə təkliflər danılmaz faktdır. Əli bəy Hüseynzadənin və Əhməd bəy Ağaoğlunun Osmanlıya apardığını türkçülük ideologiyası can verən bir orta çağ imperiyasının yerində Türkiyə Cümhuriyyəti qurulması ilə nəticələndi.
Lakin böyük məyusluqla deməyə məcburuq ki, eynilə Osmanlı kimi, Türkiyə Cümhuriyyəti də Azərbaycana qarşı səmimi münasibət bəsləməyib.

1918-ci ilin mayında müstəqilliyini elan etmək ərəfəsində olan Azərbaycana qarşı Osmanlının Batumdakı heyəti təzyiqlər göstərirdi. Gümrünü əldə saxlaya bilməyəcək Osmanlı dövləti İrəvanın Ermənistana güzəştə gedilməsində təkid edirdi. Bizim öz dəvətimizlə Gəncəyə gəlmiş Qafqaz İslam Ordusu Azərbaycan Xalq Cümhuriyyətinin hərbi təsisatlar qurmaq iradəsinə qarşı çıxır, Milli Şuranın ləğvini tələb edir, əlaltı hökumət qurmağı planlaşdırırdı. Birinci Dünya Savaşında uduzan Osmanlı imzaladığı Mondros müqaviləsinə əsasən 1918-ci il noyabrın 16-da Bakını tərk etdi. Ölkəmizdə qalan Osmanlı zabitlərinin bir çoxu bolşeviklərin lehinə çalışdı. Mustafa Kamal Atatürk Vladimir Leninə məktub yazaraq Azərbaycanın müstəqilliyini bazarlığa çıxardı.

28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Cümhuriyyət liderlərinin bir çoxu Türkiyəyə üz tutdu. Azərbaycanın istiqlalını Rusiyaya peşkəş çəkməyə həvəslə razılaşmış Türkiyədə mühacir soydaşlarımız böyük çətinliklərlə qarşılaşdılar. Bəziləri hətta ölkədən qovuldu. Ən yüksək səviyyədə Əhməd bəy Ağaoğluya “sən bizim qoltuğumuza sığınmısan” deyə rişxənd etdilər.

Ötən əsrin sonlarında Azərbaycan yenidən dövlət müstəqilliyi qazandı. “Onlar şiədir” deyə Türkiyə Azərbaycanın müstəqilliyini tanımağa tərəddüd edirdi. 1992-ci ildə hakimiyyətə türkçülük və turançılıq ideologiyasının daşıyıcısı olan Əbülfəz Elçibəy gəlmişdi. Qarabağda savaş qızışdı. Kəlbəcər işğal olundu. Qos-qoca Türkiyə Ermənistanla sərhəddən İrəvana iki güllə atmaq bir yana qalsın, Azərbaycana Kəlbəcərdən mülki vətəndaşları çıxarmaq üçün helikopter belə vermədi. Bu hadisədən az sonra Azərbaycanda qiyam baş verdi, müstəqillik böyük risklərlə üzləşdi. Heydər Əliyev xalqın tələbi ilə Bakıya döndü. Min bir zəhmətlə Azərbaycanın dövlət müstəqilliyini xilas etmək üçün çalışdı. Qarşılığında Türkiyə Baş nazir səviyyəsində Heydər Əliyevi devirmək üçün xain planlara dəstək verdi.

Soruşmağı eyib bildik: Azərbaycanda dövlət çevrilişi həyata keçirmək istəyən Türkiyənin İrandan, Rusiyadan nə fərqi var?

Fətullah Gülən məktəbləri vasitəsi ilə Türkiyənin Azərbaycanda təhsilə və sekulyar düşüncəyə vurduğu zərbəni başqa heç kim vurmayıb. Harun Yəhyalar, “Süleymançılar”, “Mənzilçilər” ölkəmizdə tarixən formalaşmış dini balansı dəyişdirmək üçün əllərindən gələni əsirgəməyiblər. Çəkdikləri filmlərdə Azərbaycanın tarixi şəxsiyyətlərini daim aşağılayıblar. Türkiyədən Azərbaycana Rafət Əl Roman sayaq böyük sənətə dəxli olmayan müğənnilər gəlibsə, Azərbaycandan Türkiyəyə Emin Sabitoğlu kimi nəhənglər gedib. 70 ildə yetişdirdikləri bir Fazil Saydır, onu da məhkəmələrdə süründürürlər. Danışanda deyirlər ki, guya türk dünyasına modeldirlər. Süleyman şah türbəsi ordan-ora, burdan-bura daşınır. Bunun dərdini çəkmək əvəzinə, ərəbə, fələstinliyə canıyananlıq edirlər. Ərəblər Türkiyəni nə patron, nə də müsəlman kimi qəbul edirlər. Türkiyənin dindar elitası özlərini aldatmaqla məşğuldur. Paravozun qabağında nə qədər yüyürsələr də, xeyri yoxdur- Avropa Birliyində olduğu kimi, Ərəb Liqasında da onlara yer yoxdur!

Qarabağ münaqişəsinin meydana çıxmasında biz hər zaman erməniləri suçlamışıq və haqlıyıq. Ermənilərin arxasında dayanan ABŞ-ni, Rusiyanı, İranı, Avropanı da qınamışıq. Bunda da düzük. Ancaq ədəbimizə sığınıb heç zaman Türkiyənin üzünə vurmamışıq ki, bu bəlanı bizim başımıza açanlardan biri də elə sizsiniz. Biz Azərbaycanlılar 100 ildən çoxdur ki, həm də sizin qəhrinizi çəkirik. Cənubi Qafqazda erməni əhalinin çoxalmasının bir səbəbi də Osmanlıdır. Zəngəzuru və Qarabağı talan edən Andronik və quldurları məhz Osmanlı təbəələri idilər.

SSRİ-nin dağılmasından sonra Türkiyə Azərbaycana lazımi səviyyədə hərbi dəstək vermədi. Versəydi, Qarabağ işğal altına düşməyəcəkdi. Əvəzində, bağlı saxladığı sərhədi açmaq üçün daim fürsət gəzdilər. Azərbaycan bayrağı təhqir olundu. Türkiyənin sabiq prezidenti Abdulla Gül ermənilərlə futbol matçına baxmağa elə həvəslə getmişdi ki, sanki genosid ittihamlarına məruz qalan ölkənin rəhbəri o deyil. Bu yaxınlarda İsrail yanlış bir şəkildə, fəqət Türkiyədəki təbliğata əks həmlə olaraq “erməni soyqırımı” iddiasını gündəmə gətirdi. Qanlarının arasına yenə biz girdik, Ankaranı vəziyyətdən çıxartdıq. Bir ovuc Azərbaycanın Türkiyə iqtisadiyyatına qoyduğu sərmayənin həcmi o boyda Türkiyənin Azərbaycana yatırımından daha böyükdür.

“Borc dəftəri”ni açsaq, bizim üzümüz ağappaqdır!

Hrant Dinkin öldürülməsindən sonra “hepimiz ermeniyiz” deyə hayqıranlar, görünür, yüklərini təpədə hiss edirlər deyə Azərbaycana qarşı qarayaxma aparırlar. Bu kampaniya heç də təsadüfi sayıla bilməz. İki gündən bir eyni nəqarəti səsləndirirlər. AK trollar gah İranı, gah İsraili, gah Nazirlər Kabinetinin vahid məktəbli forması ilə bağlı qərarını bəhanə edib Bakıya öz aləmlərində meydan oxuyurlar. Mən, əlbəttə, Azərbaycan və Türkiyə arasındakı strateji münasibətlərin əhəmiyyətini dərk edir, eyni etnik kökə malik iki dövlət arasında münasibətlərin bu yerə çatmasına təəssüf edirəm. Bəli, biz qardaşıq. Amma iki müstəqil dövlət olaraq qardaşıq!

Sayğılı qardaşımız bilməlidir ki, əgər Ankarada kimlərsə Azərbaycanı yenidən satmağa hazırlaşırsa, bizim də deməyə çox sözümüz var!

Azərbaycana və Azərbaycanın dövlət başçısına qarşı tərbiyəsizlik edənlərə bir neçə cümlə bəribaşdan deyim.

Birincisi budur ki, bir az realist düşünün. Türkiyə dünya siyasəti və NATO üçün Soyuq Savaş zamanındakı qədər əhəmiyyətli dövlət deyil. Yeni dünya nizamının formalaşdığı dövrdə Türkiyənin əhəmiyyətini müəyyən edən əsas geopolitik amil Azərbaycandır. Azərbaycan müstəqillik qazanmasaydı, bu qədər rasional siyasət yürütməsəydi, Qarabağda qalibiyyət əldə etməsəydi, Türkiyə çoxdan bir neçə yerə parçalanmışdı. 21-ci əsrdə heç bir dövlət özünə qapanaraq yaşaya bilməz. Necə deyərlər, alacaq, verəcək dünyasıdır. Yaxşı münasibətlərə malik bütün dövlətlər arasında müxtəlif layihələr, qarşılıqlı dəstək mövcuddur. Ancaq heç bir dövlət bu qarşılıqlı faydalanmaya görə heç kimə minnət qoymur. Türkiyədə bəzi qüvvələr isə özünü elə aparır ki, guya bütün dünyanın onlara minnət borcu var. Bu qəbahətli yanaşma dərhal ortadan qaldırılmalıdır.

İkincisi, Azərbaycanı nə Orta Şərqin bataqlığına çəkə bilərsiniz, nə də orta çağın cəhalətinə. Azərbaycan müstəqil bir dövlət olaraq sekulyarlıq prinsiplərinə tam bağlıdır və öz tarixi ənənələrinə əsasən çağdaşlıq hədəfi ilə yürüyür. Azərbaycanın iç işlərinə müdaxilə etmək, cəmiyyətimizdə qütbləşmə yaratmaq cəhdləri qətiyyən qəbul ediləcək deyil. Türkiyənin bütün qonşuları içərisində yeganə normal münasibəti Azərbaycanladır. İndi bu münasibəti də korlamaq istəyənlər var və zənnimcə, Türkiyənin sekulyar dövlət ağlı bu barədə ciddi-ciddi düşünməlidir. Yox, Türkiyə İran, Səudiyyə Ərəbistanı, Əfqanistan olmaq istəyirsə, o da öz seçimidir. Azərbaycanın seçimi bəllidir- Azərbaycan olmaq!

Taleh ŞAHSUVARLI