Böyükşor gölündəki görüntülərə aydınlıq gətirildi

Sosial şəbəkələrdə Böyükşor gölünün ətrafındakı daşların yaşıllaşmasını əks etdirən görüntülər yayılıb.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, görüntülərdə əks olunan hadisə yeni deyil. Məsələ avqustun 14-də Xidmətin əməkdaşları tərəfindən qeydə alınıb və həmin gün ictimaiyyətə açıqlama verilib.

Qurumun məlumatına görə, müşahidə və laborator araşdırmalar göldəki yaşıl rəngin yosun və sianobakteriyaların intensiv inkişafı ilə bağlı bioloji prosesdən yarandığını göstərib. Su temperaturu, güclü günəş şüalanması, həmçinin suda azot və fosfor kimi qida maddələrinin olması onların inkişafı üçün əlverişli şərait yaradır.

Bildirilib ki, Xidmətin Mərkəzi Laboratoriyası göldən nümunələr götürərək analizlər aparıb. Nəticələr yaşıl rəngin bioloji mənşəli olduğunu təsdiqləyib.

“Hazırda sosial şəbəkələrdə yayılan görüntülərdə avqustun 14-də qeydə alınmış və artıq araşdırılmış hadisə əks olunur. Məsələ nəzarətdə saxlanılır, zəruri hallarda müvafiq tədbirlər görüləcək”, – deyə Xidmətdən bildirilib.