İranın strategiyası dəyişir: Tehran ABŞ ilə danışıqlara qapını bağlamır

"Əslində Məsud Pezeşkianın BMT Baş Assambleyasındakı çıxışında eyni anda həm geri çəkilməyəcəyik, həm də diplomatiyaya hazırıq mesajını verməsi Tehranın ikili, amma bununla yanaşı bir-birini tamamlayan strategiyasını göstərir. Burada əlbəttə ki, hər zamankı kimi əsas hədəflərdən biri daxili auditoriyadır. İran hakimiyyəti ABŞ-nin hərbi və iqtisadi təzyiqləri fonunda cəmiyyətə “təzyiq qarşısında geri addım atmırıq” mesajını verməlidir. Pezeşkianın bu ritorikası məhz sözügedən siyasi və psixoloji ehtiyaca cavab verir. Eyni zamanda ABŞ-ni xarici təzyiq və düşmən aktor kimi təqdim etməklə daxilidəki müvəqqəti birliyi müəyyən müddətə qorumağa çalışır".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Tamilla Qulami deyib.

Qeyd edək ki, ABŞ-İran qarşıdurması hərbi müstəvidə davam etdiyi halda, tərəflər arasında diplomatik təmasların da gündəmdə qalması Yaxın Şərqdəki vəziyyətin mürəkkəbliyini artırır. İran Prezidenti Məsud Pezeşkianın BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı Tehranın ABŞ-nin təzyiqləri qarşısında geri çəkilməyəcəyini, eyni zamanda güc dili olmadan diplomatiyaya hazır olduğunu bildirməsi diqqəti yenidən mümkün danışıqlar perspektivinə yönəldib. Digər tərəfdən, ABŞ Prezidenti Donald Tramp İranla bağlı sərt mövqeyini davam etdirərək razılaşma əldə olunmadığı halda hərbi təzyiqin artırıla biləcəyinə dair mesajlar verib. Paralel olaraq Tehran ABŞ-nin hərbi təzyiqləri azaltması və blokadanı aradan qaldırması halında Hörmüz boğazının açılması imkanını gündəmə gətirib.

Siyasi şərhçi qeyd edib ki, əlbəttə ki, Pezeşkianın bu sərt ritorikası diplomatik kanalların bağlanması demək deyil.

"Əksinə, Tehran danışıqları güc qarşısında kapitulyasiya kimi yox, qarşılıqlı şərtlər əsasında razılaşma kimi təqdim etmək istəyir. İranın ABŞ hərbi təzyiqini azaltması və blokadanı aradan qaldırması müqabilində Hörmüz boğazının açılmasını gündəmə gətirməsi də bunu göstərir.

Yəni, Pezeşkianın mesajında əsas xətt “müharibə davam edə bilər, amma diplomatiya üçün qapı açıqdır” yanaşmasıdır. İran bir tərəfdən ABŞ-yə göstərmək istəyir ki, hərbi təzyiq Tehranın şərtlərini avtomatik dəyişməyəcək, digər tərəfdən isə danışıqlar masasını tamamilə bağlamır. Həmçinin qeyd etmək lazımdır ki, son günlər Nyu-Yorkda vasitəçilər üzərindən təmasların aparılması da bu kanalların praktiki olaraq, saxlanıldığını göstərir. Bütün baş verənlərin fonunda görünən bu ki, Tehran üçün diplomatiya geri çəkilmə deyil, qarşıdurmanın başqa müstəvidə davamıdır. Beləliklə də, 29 dekabr 2025-ci il aksiyalarından sonra daxildə müqavimət görüntüsü qorunur, xaricdə isə ABŞ ilə mümkün razılaşma yalnız qarşılıqlı güzəştlər və konkret təminatlar əsasında masaya qoyulur".

Rəfiqə Namazəliyeva,

AzNews.az