- Siyasi müzakirə
- 20:43
- 717
İranın nüvə proqramı yenidən gündəmdə: Tehran nə qədər güzəştə gedəcək?
"İran güvən limitini çoxdan aşıb. Artıq beynəlxalq səviyyədə bu ölkəyə etimad göstərilmir. Əslində, dinc məqsədlərlə nüvə tədqiqatlarının aparılması, uranın zənginləşdirilməsi və nüvə texnologiyalarından istifadə dünya tərəfindən anlayışla qarşılana bilər. Lakin İran uzun illər ərzində, xüsusilə ABŞ-yə, İsrailə və bütövlükdə Qərbə qarşı sərt bəyanatlar səsləndirib, hədələyici mövqe nümayiş etdirib. Nəticədə beynəlxalq ictimaiyyətdə belə bir qənaət formalaşıb ki, İranın nüvə enerjisindən və texnologiyalarından hansısa formada istifadəsi təhlükəsizlik baxımından risklər yaradır. Bu səbəbdən də Tehrana etimad göstərilmir. Düşünürəm ki, ABŞ bundan sonrakı mərhələdə də İranla danışıqlarda özünün qəti mövqeyindən geri çəkilməyəcək və İranın nüvə sahəsindəki fəaliyyətlərinin qlobal səviyyədə nəzarətdə saxlanılması üçün əlindən gələni edəcək. Hətta dinc məqsədlərlə nüvə texnologiyalarından və ya bu sahə ilə əlaqəli digər texnologiyalardan istifadə nəzərdə tutulsa belə, ABŞ və onun tərəfdaşları bu fəaliyyətlərin beynəlxalq qurumların ciddi nəzarəti altında həyata keçirilməsinə çalışacaqlar. Bir daha vurğulamaq istəyirəm ki, İran etimad göstərilən dövlət deyil".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Qeyd edək ki, İranın nüvə proqramı ilə bağlı mövqeyi BMT Baş Assambleyasının gündəliyində yenidən diqqət mərkəzinə gəlib. Prezident Məsud Pezeşkian çıxışı zamanı Tehranın nüvə silahı əldə etmək niyyətində olmadığını bəyan etsə də, dinc nüvə texnologiyalarından istifadə hüququnu qoruyacağını vurğulayıb. İran tərəfi nüvə enerjisinin tibb, ərzaq təhlükəsizliyi və sənaye sahələrinin inkişafında mühüm rol oynadığını bildirərək, bu istiqamətdə fəaliyyətlərin davam etdirilməsinin vacibliyini qeyd edib.
Siyasi şərhçi qeyd edib ki, İranın bəyanatlarına etibar etmək və gələcəkdə fərqli addımlar atmayacağına əmin olmaq mümkün deyil.
"Biz bunu anladığımız kimi, ABŞ Prezidenti Donald Tramp və onun komandası, eləcə də danışıqları aparan tərəflər də anlayırlar. Məhz buna görə də İranın nüvə sahəsindəki fəaliyyətlərinə geniş imkanlar yaradılacağını düşünmürəm. Hazırkı açıqlama isə İranın danışıqlarda güzəştə getməyə meyilli olmadığının növbəti təsdiqi kimi qəbul edilə bilər. Düşünmürəm ki, Pezeşkian bu sözləri yalnız öz mövqeyindən çıxış edərək səsləndirib. Bildiyiniz kimi, İranda prezidentdən üstün mövqedə dayanan ali dini rəhbərlik və SEPAH kimi güc mərkəzləri mövcuddur. Prezident hər hansı çıxışında mövqe sərgiləyərkən onların fikirlərini və tələblərini nəzərə almağa məcburdur. Hesab edirəm ki, Pezeşkian belə bir çıxışın hansı nəticələr doğura biləcəyini əvvəlcədən dərk edirdi. Bununla belə, ölkədəki mövcud rejimin tələblərinə uyğun olaraq bu mövqeni səsləndirmək məcburiyyətində qalıb. Əgər İranda mümkün nəticələri düzgün hesablaya bilmirlərsə, onda qarşılaşacaqları təzyiqlərə də hazır olmalıdırlar. ABŞ, İsrail və onların tərəfdaşları İrana qarşı mövqelərini davam etdirəcəklər. Bu, təkcə nüvə texnologiyaları sahəsinə deyil, digər istiqamətlərə də aid ola bilər".
Rəfiqə Namazəliyeva,
AzNews.az