- Dünyanın halı
- 21:18
- 858
Xəzərdə həlak olan Qazaxıstan hərbçilərinin sayı 12-yə çatıb
Qazaxıstanın Xəzərsahili Manqistau vilayətində təlimlər zamanı həlak olan hərbçilərin sayı 12-yə çatıb.
Aznews.az xəbər verir ki, bu barədə Manqistau vilayəti akimatının (administrasiyasının) yaydığı məlumatda bildirilib.
“Dəqiqləşdirilmiş məlumata görə, təlim döyüş tapşırığının icrası zamanı meteoroloji şəraitin kəskin pisləşməsi və küləyin güclənməsi səbəbindən 17 nəfər dənizə sürüklənib. Onlardan 12-si həlak olub, 3 nəfəri xilas edilib. Daha 2 hərbçinin axtarışları davam etdirilir”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, bundan əvvəl Qazaxıstan Müdafiə Nazirliyi ölkə Hərbi Dəniz Qüvvələrinin təlimləri zamanı 19 hərbçinin dənizə sürükləndiyini, 3 nəfərin xilas edildiyini, 9 hərbçinin isə həlak olduğunu bildirmişdi.
***
Qazaxıstanın Manqistau vilayətində hərbi təlimlər zamanı güclü dalğa 19 hərbçini dənizə sürükləyib, onlardan 9-u ölüb.
Bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə sentyabrın 24-də Qazaxıstan Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin Xəzər dənizinin sahilində keçirdiyi təlim zamanı təlim-döyüş tapşırığının icrası zamanı qeydə alınıb.
Məlumata görə, hadisə hava şəraitinin kəskin pisləşməsi və küləyin güclənməsi nəticəsində baş verib.
İlkin məlumata əsasən, 19 hərbçidən 9-u ölüb, daha 3 hərbçi xilas edilib. Digər hərbçilərin axtarışı davam etdirilir.
Hadisə yerinə dərhal xilasetmə xidmətlərinin qüvvə və vasitələri cəlb olunub. Axtarış-xilasetmə əməliyyatında Hərbi Dəniz Qüvvələrinin bölmələri, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, aviasiya və digər müvafiq xidmətlər iştirak edir.
Hadisənin bütün hallarının müəyyənləşdirilməsi və axtarış-xilasetmə işlərinin əlaqələndirilməsi məqsədilə Qazaxıstan Müdafiə Nazirliyinin komissiyası hadisə yerinə göndərilib. Komissiyaya müdafiə naziri, aviasiya general-leytenantı Dauren Kosanov rəhbərlik edir.