- Qərb
- 17:32
- 667
Tramp Çinə xəbərdarlıq edib: İrana birbaşa və ya dolayı dəstək qəbuledilməzdir
ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpinə İrana birbaşa və ya dolayı yardım göstərilməsinin, o cümlədən kəşfiyyat məlumatları, komponentlər və hərbi texnika göndərilməsinin qəbuledilməz olduğunu bildirib.
Bu barədə ABŞ-ın Çindəki səfiri Devid Perdü cümə günü açıqlama verib.
“Prezident Tramp bunu dünən bir daha çox aydın şəkildə ifadə etdi”, - deyə Perdü CNBC-yə bildirib. O, ABŞ-Çin liderlərinin cümə axşamı Ağ Evdə keçirdiyi görüşə istinad edərək Vaşinqtonun son həftələrdə bu məsələni dəfələrlə gündəmə gətirdiyini və mövzunun ABŞ-ın Tayvanla bağlı öhdəliklərindən ayrıca nəzərdən keçirildiyini qeyd edib.
Sinin buna necə cavab verdiyinə dair suala Perdü liderlər arasında əvvəlki razılaşmaları xatırladıb. Onun sözlərinə görə, həmin razılaşmalara əsasən İran heç vaxt nüvə silahına sahib olmamalı, Hörmüz boğazı yenidən açılmalı və heç bir ölkə boğazdan keçid üçün rüsum tətbiq etməməlidir.
Perdü həmçinin bildirib ki, Vaşinqton Pekinin xəbərdarlıqlara cavab verdiyinə dair müəyyən sübutlar görüb.
“Onlar bəzi şeyləri geri çəkdilər”, - deyə səfir bildirib. O, hansı fəaliyyətlərin məhdudlaşdırıldığını açıqlamayıb və bununla bağlı əlavə məlumat təqdim etməyib.
Çinin İrana Hörmüz boğazının bağlı saxlanılmasına kömək edib-etmədiyinə dair konkret suala Perdü belə cavab verib: “Bizcə, dolayı dəstək olub, lakin birbaşa sübut yoxdur”.
O əlavə edib ki, Vaşinqton narahatlığını davam etdirir və bu mövqeyini Pekinə çatdırıb.
Bu suallar “Wall Street Journal”ın apardığı araşdırmadan sonra səsləndirilib. Qəzetin araşdırmasına görə, Çin şirkətləri 2026-cı ilin ilk yarısında İrana təxminən 1 300 partiya ikili təyinatlı komponent göndərib. Bildirilir ki, bu komponentlər İranın pilotsuz uçuş aparatları və raket proqramlarının fəaliyyətini davam etdirməsinə kömək edib.
Mövsüm,
AzNews.az