- Redaktor masası
- 10:47
- 1 638
"Qurdlar vadisi"nin yeni şifrələri
Türkiyədə 15 il əvvəl həbsxanada müəmmalı şəkildə ölən MİT zabiti Kaşif Kozinoğlunun ölümü ilə bağlı istintaq yenidən başlayıb. İlk baxışdan məsələ yetərincə araşdırılmamış və üstü bir şəkildə örtülmüş köhnə cinayət işinin yenidən gündəmə gəlməsi kimi görünür. Bir zamanlar Azərbaycanda da böyük maraqla seyr edilən “Qurdlar vadisi” serialının ssenaristlərinin də istintaqa cəlb olunması ictimai diqqəti yeni prosesə yönəldib. Seriala Fətullah Gülən şəbəkəsinin təsiri, çəkilişdə “FG” seriyalı avtomobillərdən istifadə olunması, filmdə Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğanın soyadının yazıldığı başdaşı nümayiş etdirilməsi prokurorluq tərəfindən araşdırılır. Ancaq bütün hallarda yenidən masaya qoyulmuş cinayət işi Kaşif Kozinoğlunun ölümü ilə bağlı müəmmaları ədalətlə araşdırmaqdan daha çox yeni hesablaşma təsiri bağışlayır.
Kaşif Kozinoğlu sıradan bir təhlükəsizlik əməkdaşı deyildi. O, MİT-in ən təcrübəli zabitlərindən biri hesab olunurdu. Azərbaycanda Orta Asiyaya, Balkanlardan Əfqanıstana qədər müxtəlif bölgələrdə xüsusi əməliyyatlar keçirmiş bir isimdir. O, 2011-ci ildə “Ergenekon” və “Oda TV” işi çərçivəsində həbs edilmiş, ifadə verməsinə az qalmış isə Silivri həbsxanasında ölmüşdü. Rəsmi səbəb ürək tutması göstərildi, lakin ölümün şübhəli olduğu barədə iddialar heç vaxt səngimədi. Onun Fətullah Gülən şəbəkəsi tərəfindən aradan götürülməsi barədə ehtimallar səslənirdi. Maraqlıdır ki, “Qurdlar vadisi” serialında “Kazım Kaşifoğlu” obrazı ilə o, “satqın” kimi təqdim edilmiş və həbsxanada öldürülmüşdü. Məhz bu seriyanın yayımlanmasından bir neçə gün sonra həbsxanada Kozinoğlunun səhhəti pozulmuş və MİT zabiti xəstəxanaya vaxtında çatdırılmayaraq vəfat etmişdi.
"Qurdlar Vadisi" illərlə Türkiyədə "dərin dövlət" anlayışını populyarlaşdırmışdı. Polat Ələmdar bir obraz olaraq qanundan kənarda, amma dövlət naminə fəaliyyət göstərən gizli strukturun nümayəndəsi idi. Serial milyonlarla tamaşaçı üçün “görünməyən təhlükəsizlik mexanizmi”ni ideallaşdırırdı. Hətta bu günün özündə də təkcə Türkiyədə yox, elə Azərbaycanda da geostrateji prosesləri “Qurdlar vadisi” mesajları ilə “təhlil edənlər” var.
2007-2013-cü illərdə Türkiyədə “Ergenekon” və “Balyoz” davaları ilə yüzlərlə hərbçi, jurnalist, alim və təhlükəsizlik əməkdaşı "dövlət çevrilişi hazırlığında" ittiham edildi. O dövrdə istintaq polis və prokurorluq daxilindəki FETÖ üzvləri tərəfindən aparılırdı. 2016-cı ildəki çevriliş cəhdindən sonra isə məsələ kökündən dəyişdi. Məlum oldu ki, “Ergenekon işi” Fətullah Gülənin çevriliş planının önünü açmağa xidmət edirmiş. Nəticədə, bir çox məhkum bəraət aldı, mühakimə edənlərin özləri axtarışa verildi. Kaşif Kozinoğlu həmin ərəfədə MİT-də Hakan Fidanın baş müşaviri olaraq Asiyada fəaliyyət göstərirdi. Əfqanıstanda olarkən istintağa çağırılmış və bu çağırış əsasında Türkiyəyə qayıtdıqdan sonra həbs olunmuşdu.
Mənim qənaətimə görə, Kozinoğlunun müəmmalı ölümünün araşdırılması keçmiş hesablaşmalardan daha çox, Ərdoğandan sonrakı dövrə hazırlığın siqnallarıdır. Elə məsələnin ən maraqlı tərəfi də budur. Bu gün Türkiyədə hakimiyyət dəhlizlərindən heç kim açıq şəkildə "Ərdoğandan sonrakı dönəm " haqqında açıq danışmasa da, dövlət institutları bu keçidə hazırlaşmaya bilməz. Ərdoğan növbəti dəfə Türkiyə prezidenti olsa belə, onun ətrafındakı güc balansı və bütövlükdə liderliyi ilə qurulan siyasi düşərgənin davamlılığı getdikcə aktuallaşır. Bu baxımdan “Kaşif Kozinoğlu işi” hazırkı status-kvonu dəyişməklə yanaşı, gələcək güc balansını da böyük ölçüdə müəyyən edir.
Məsələnin üç müstəvisi var.
Birincisi, ədliyyə müstəvisidir. Məlum ölüm hadisəsi yenidən araşdılır, şahidlər, şübhəlilər dindirilir.
İkinci müstəvidə ictimai-siyasi hafizə yenidən yazılır. Dünən “satqın” elan edilən yenidən qəhrəmana çevrilir, bu gün qəhrəman kimi görsənənlər isə, sabah “xain” kimi cəmiyyətə təqdim oluna bilər. Ancaq bir məsələ dəqiqdir. Fətullah Gülən şəbəkəsi Türkiyədə hələ də güclüdür və bu şəbəkə Ərdoğan üçün də, Ərdoğandan sonrakılar üçün də hələ də ciddi başağrısıdır.
Üçüncü müstəvi daha mürəkkəbdir. Keçmiş siyasi ittifaqlar, hazırkı qapalı əlaqələr və dövlət aparatı daxilindəki güc mərkəzləri yenidən xəritələşir. Məhz bu üçüncü müstəvidə Türkiyə siyasətində kartlar yenidən paylaşılır.
Yeni siyasi qütblərin özlərinə ictimai legitimlik yaratması üçün isə “Qurdlar vadisi” kimi illərlə yayım rekordu qazanmış film hazır marketinq texnologiyasıdır. Fətullah Gülən şəbəkəsi kimi illeqal qrupların bu serial vasitəsi ilə cəmiyyətə müəyyən mesajlar verməsi heç də təəccüblü deyil.
Ola bilər arada Polat Ələmdar getsin. Məsələn, iddia olunsun ki, Polat Ələmdar, əslində, üzü dəyişdirilmiş Fətullah Gülən imiş…
Taleh ŞAHSUVARLI