- Müşahidə məntəqəsi
- 16:53
- 701
"Türkiyə-Azərbaycan münasibətləri informasiya təxribatı ilə korlanacaq münasibətlər deyil" - Deputat
"Azərbaycan-Türkiyə münasibətləri o qədər dərin strateji münasibətlərdir ki, bunu hər hansı təbliğatla, hər hansı qarayaxma kampaniyası ilə və yaxud bir diplomatın BMT Baş Assambleyası iclasında oturub-oturmaması məsələsindən korlamaq mümkün deyil. Çünki bu münasibətlər strateji ağıl ilə, ortaq məqsədlər üçün, ortaq mənafelər üçün qurulmuş münasibətlərdir və belə kampaniyalar Türkiyə-Azərbaycan dostluğundan və qardaşlığından yelin qayadan apara biləcəyi qədər nəsə apara bilər, yəni faktiki olaraq heç nə apara bilməz. Ona görə də mən düşünürəm ki, belə informasiya ajiotajları yaratmaqda bəzi maraqlı qüvvələr var ki, onlar Türkiyə ilə Azərbaycanın birlikdə nə qədər güclü olduğunu və nələr etdiklərini və bundan sonra nələr etməyə qadir olduqlarını görənlər və bunu istəməyənlərdir".
Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Qeyd edək ki, BMT Baş Assambleyasının son iclasında İsrail Baş naziri Benyamin Netanyahunun çıxışı zamanı Azərbaycan nümayəndə heyətinin davranışı Türkiyə ictimaiyyətində müxtəlif reaksiyalara səbəb olub. Nümayəndə heyətinin bir üzvünün zalda qalması sosial şəbəkələrdə və bəzi media resurslarında Azərbaycanın mövqeyi ilə bağlı müzakirələri gündəmə gətirib. Hadisənin ayrı-ayrı detallarının ön plana çıxarılması isə məsələnin siyasi və diplomatik kontekstdə necə qiymətləndirilməli olduğu sualını ortaya qoyur. Xüsusilə Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik münasibətlərinin mövcud olduğu bir şəraitdə belə hadisələrin ictimai müzakirələrdə hansı formada təqdim edilməsi diqqət çəkir. Eyni zamanda, BMT-də nümayəndələrin davranışının hansı siyasi mesajları ifadə edə biləcəyi və bunun iki ölkə arasındakı münasibətlərə təsir edib-etməyəcəyi də müzakirə mövzusudur.
Deputat qeyd edib ki, belə qüvvələr Türkiyədə də, digər ölkələrdə, o cümlədən qonşu dövlətlərdə də mövcuddur.
"Türkiyə özünə məxsus dini sosiologiyaya mənsub bir ölkədir. Orada müxtəlif qruplaşmalar, cəmaatlaşmalar var ki, onların bir qismi Türkiyədən kənarda olan mərkəzlər tərəfindən idarə olunurlar. Məhz bu inanc qruplaşmaları ilə Türkiyənin özünə qarşı 15 iyul 2016-cı il hadisələri zamanı dövlət çevrilişi etməyə cəhd göstəriblər. Onların bir qismini bizim cənub qonşumuz lokal məzhəb radikallarına çevirir. Çünki eyni xətti biz cənub qonşumuzdan da görürük bəzi hallarda Azərbaycana qarşı, Azərbaycan-Türkiyə münasibətlərinə qarşı. Bütün bunlar, əlbəttə ki, birlikdə hərəkət edən zaman nəticədə adi bir hadisə ətrafında belə bir qəribə informasiya isterikası yaradılır və düşünülür ki, bu, Türkiyə-Azərbaycan münasibətlərini korlayacaqdır. Diplomatlar, hər bir ölkənin diplomatları Birləşmiş Millətlər Təşkilatında daimi fəaliyyət göstərən təmsilçilərdir və onların BMT Baş Assambleyasının iclasında oturmalarının da təbii heç nə yoxdur. Ona görə də mən düşünürəm ki, bu aparılan kampaniya tamamilə əks effekt verdi və Azərbaycan Prezidentinə Qardaş-Türkiyə Prezidentinin zəng etməsindən sonra bir daha sübut olundu ki, Türkiyə-Azərbaycan münasibətləri hər hansı bir informasiya təxribatı, informasiya hücumu ilə korlanacaq münasibətlər deyil".
Rəfiqə Namazəliyeva,
AzNews.az