"Pragma"nın Abşeron Milli Parkı ilə bağlı layihəsi başa çatıb: Parka oturacaqlar və tullantı qabları verilib

“Pragma” Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Abşeron Milli Parkında ekoloji təşəbbüslərə dəstək” layihəsini başa çatdırıb.

Bu barədə “Pragma” İctimai Birliyinin yaydığı press-relizdə məlumat verilir. QHT bildirir:

Layihə çərçivəsində Abşeron Milli Parkına 3 ədəd çuğun sürahili və dekorativ oturacaq, 4 ədəd tullantı qabı hədiyyə edilib. Həmçinin çərçivəsində Abşeron Milli Parkının mövcud vəziyyəti və inkişaf perspektivi ilə bağlı alimlər, ekspertlər, hüquqşünaslar və QHT liderlərindən 16 müsahibə götürülüb və media yayılıb.

Layihə icra olunarkən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə informasiya sorğusu verilib. Sorğuya verdiyi rəsmi cavabda nazirlik bildirib ki, Abşeron Milli Parkına 2025-ci il ərzində 17636 nəfər, 2026-cı ilin 8 ayı ərzində isə 13135 nəfər turist səfər edib. Son 4 il ərzində ziyarətçilərin gediş-gəlişini asanlaşdırmaq məqsədilə milli parkın daxilində 2.5 km məsafədə yeni asfalt yol salınıb. Milli parkın tanıdılması və məlumatlılığın təmin edilməsi məqsədilə Hava limanı magistral yolunun Qala yoluna dönən hissəsindən başlayaraq milli parkın girişinə qədər 7, milli parkın ərazisində isə 6 nöqtədə məlumat lövhələri quraşdırılıb. Milli parkın ərazisində ümumilikdə 9 söhbətgah, 4 oturacaq və 6 tullantı qutusu yerləşdirilb.

Nazirliyin məlumatına görə, Milli parkın ərazisində bioloji müxtəlifliyin qorunması, dayanıqlı inkişafının təmin edilməsi və baş verən dəyişikliklərin izlənilməsi məqsədilə mütəmadi müşahidə və monitorinqlər aparılır, nəticələr qeydiyyata alınır, ilin yekunları üzrə Təbiət Salnaməsi hazırlanaraq təqdim edilir. Elmi müşahidələr, dəyişikliklərin dinamikası, biomüxtəlifliyə təsir edən amillər, dövrü tendensiyalar, o cümlədən, Xəzər dənizində baş verən səviyyə tərəddüdləri Təbiət Salnaməsində öz əksini tapır.

Məlumatda həmçinin bildirilir ki, Xəzər dənizinin endemik bioresurslarından biri olan suitilərin populyasiyası Xəzərin şimalında, Qazaxıstan ərazisində qeydə alınır. Çünki bu növün dölverməsi buz üzərində, təxminən fevral ayında baş verir. Xəzərdə buz qatının əmələ gəldiyi hissəsi əsasən Qazaxıstan akvatoriyasında müşahidə edildiyindən onların sayımı da həmin istiqamətdə aparılır. Bununla əlaqədar, Xəzər suitisi hər il oktyabr ayından başlayaraq dənizin şimal hissəsinə doğru miqrasiya edir. Cənuba doğru geri qayıtmaları aprel-may aylarına təsadüf edir və Milli Parkın su akvatoriyasında yaz-yay aylarında müşahidə olunur.
Qeyd olunur ki, Milli parkın ərazisində hazırda velosipedlərin icarəsi xidməti mövcuddur. Eyni zamanda, ziyarətçilərə istirahət köşklərində ödənişsiz olaraq piknik etmələri üçün, həmçinin, mövsümi olaraq quşların müşahidəsinə, dəniz kənarı ilə piyada gəzintiyə, foto və video çəkilişlərin aparılmasına imkan yaradılıb.

İctimai Birliyin sədri, layihə rəhbəri Taleh Şahsuvarlı bildirib ki, Abşeron Milli Parkı eko-turizm baxımından olduqca böyük əhəmiyyətə malikdir:

“Bununla belə, bu potensialdan səmərəli istifadə etmək innovativ layihələrə ehtiyac var. Paytaxta ən yaxın ərazidə yerləşən parkın inkişafı üçün ilk növbədə Milli Parklar haqqında normativ hüquqi aktlar yenidən nəzərdən keçirilməlidir. Qanunvericiliyə ediləcək dəyişikliklərdən sonra parklara investisiya cəlb olunmalı və ekoloji tarazlığı qorumaq şərti ilə müasir infrastruktur qurulmalıdır”.

AzNews.az

image description image description image description image description image description image description