- Siyasi müzakirə
- 20:08
- 955
Paşinyanın Qərb vədi nə üçün 2029-a qaldı?
"Əslində, burada “zamana oynamaq” anlayışı meydana çıxır. Paşinyan “2029-cu il” deyəndə də məhz bunu nəzərdə tutur. 2029-cu il manipulyasiya baxımından çox önəmli bir tarixdir. Paşinyan bununla Rusiyaya da müəyyən mesaj verir. 2029-cu il uzaq tarixdir və qarşıda üç il var. Bu üç il ərzində Moskvanın Avropa İttifaqını, yoxsa Avrasiya İqtisadi Birliyini seçməsi ilə bağlı mövqeyinin necə dəyişəcəyini görmək mümkün olacaq. Yəni, Paşinyan bu müddətdə hər iki tərəflə münasibətlərini müəyyən qədər qorumağa və hansı istiqamətin onun üçün daha sərfəli olduğunu müşahidə etməyə çalışa bilər. Ona görə də belə məsələlərdə həmişə üç amilə diqqətlə yanaşmaq lazımdır. İlk növbədə, Paşinyanın hansı tərəfə daha tez və daha real şəkildə yaxınlaşa biləcəyinə baxmaq lazımdır".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli deyib.

Qeyd edək ki, Ermənistanın Avropa İttifaqı ilə münasibətlərində viza liberallaşdırılması məsələsi İrəvanın xarici siyasət kursunun mühüm göstəricilərindən birinə çevrilib. Baş nazir Nikol Paşinyanın əvvəlcə daha qısa müddət vəd etməsi, sonradan isə prosesin 2029-cu ilədək tamamlanmasının hədəf kimi açıqlanması hökumətin Avropaya inteqrasiya istiqamətindəki planlarının icrası ilə bağlı suallar yaradıb. İrəvan müddət fərqini prosesin çoxşaxəli olması və Aİ-nin qiymətləndirmələrinin nəticələrindən asılılıqla izah edir. Digər tərəfdən, Ermənistanın Rusiya ilə mövcud əlaqələri və Aİ ilə yaxınlaşma siyasəti fonunda İrəvanın hansı istiqamətdə daha ciddi strateji seçim edəcəyi məsələsi də gündəmdə qalır.
Siyasi şərhçi qeyd edib ki, eyni zamanda, 2029-cu il Paşinyanın seçicilərinə və hakimiyyətini dəstəkləyən qüvvələrə yönələn mesaj kimi də qiymətləndirilə bilər.
"Bununla o, verdiyi vədləri yerinə yetirəcəyini göstərməyə çalışır. Təbii ki, həmin vaxta qədər ölkə daxilində müəyyən siyasi çəkişmələr və proseslər baş verə bilər. Lakin Paşinyan bu gözləmə dövründə baş verən həm müsbət, həm də mənfi hadisələrdən Avrasiya İqtisadi Birliyi və Avropa İttifaqı ilə münasibətlərdə öz hakimiyyətinin maraqları naminə istifadə edə bilər".
Rəfiqə Namazəliyeva,
AzNews.az