- Siyasi müzakirə
- 19:04
- 796
Hörmüzdə tanker hücumlarının arxasında hansı məqsəd dayanır? – Ekspert
"Hörmüz boğazında gərginlik uzun müddətdir davam edir. Bu müddət ərzində əsasən mülki gəmilərə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən atəş açılması hallarını müşahidə etmişik. Hazırkı vəziyyətdə İran tərəfi ABŞ-da keçiriləcək Konqresə aralıq seçkilərini də nəzərə alaraq özünü daha arxayın aparır və təxribatların sayını artırır. Tankerlərin vurulması heç bir halda təsadüfi hadisə sayıla bilməz. Burada əsas hərbi məqsəd İranın ABŞ-a Hörmüz boğazına nəzarətlə bağlı şərtlərini qəbul etdirməsidir. Lakin ABŞ İranın şərtlərini qəbul edəcək qədər zəif vəziyyətdə deyil. Düşünürəm ki, tankerlərə qarşı hücumlar davam edərsə, yaxın günlərdə ABŞ tərəfindən əks reaksiyanın müşahidə olunması mümkündür".
Bu fikirləri Aznews.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Qeyd edək ki, Hörmüz boğazında neft tankerlərinin naməlum mərmilərlə vurulması regionda dəniz təhlükəsizliyi ilə bağlı riskləri yenidən gündəmə gətirib. Son günlər bir neçə tankerə qarşı baş verən insidentlər hücumların xarakteri və mümkün mənbəyi ilə bağlı suallar yaradıb. Hadisələrin ABŞ-İran qarşıdurmasının davam etdiyi bir dövrə təsadüf etməsi isə vəziyyətin hərbi-siyasi aspektlərini daha da ön plana çıxarır. Hörmüz boğazının beynəlxalq enerji daşımaları baxımından strateji əhəmiyyəti nəzərə alındıqda, burada hər hansı təhlükəsizlik probleminin regional və qlobal nəticələri ola bilər.
Ekspertin sözlərinə görə, bu cür reaksiya İran üçün ciddi itkilərlə nəticələnə bilər.
"İran və ABŞ arasında hərbi qarşıdurmanın daha geniş müstəviyə keçməsi riski artıq artıb. Çünki İran ABŞ və İsraillə yaşadığı münaqişəni digər regionlara, xüsusilə ABŞ-la əməkdaşlıq edən ölkələrin ərazilərinə də yaymağa başlayıb. Lakin bundan daha geniş eskalasiya İranın öz maraqlarına da uyğun deyil. Hazırda regionda İranla yaxından əməkdaşlıq edən ölkələrin sayı məhduddur. Bab-əl-Məndəb boğazında baş verən proseslər isə region ölkələrinin iqtisadiyyatına ciddi zərər vurur. Həmin ölkələr üçün imkan yarandığı təqdirdə İrana qarşı müxtəlif formalarda addımlar atması da istisna edilə bilməz".
Rəfiqə Namazəliyeva,
AzNews.az