“Kövrək sülh”, yoxsa yeni regional reallıq? – ANALİZ

"Azərbaycanla Ermənistan arasında sülh prosesinin bugünkü mərhələsini “kövrək sülh” və ya “soyuq sülh” kimi təqdim etmək reallığın yalnız bir tərəfini göstərir. Əsas reallıq budur ki, regionda əvvəlki status-kvo artıq yoxdur. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib, münaqişə səhifəsini bağlayıb və indi qarşı tərəfə müharibənin davamını deyil, normal dövlətlərarası münasibətlər modelini təklif edir".

Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Qeyd edək ki, erməni konfliktoloq Hrayr Palyan Ermənistan və Azərbaycan arasında əldə olunan razılaşmanın hələ də kövrək xarakter daşıdığını və tərəflər arasında “soyuq sülh” vəziyyətinin mövcud olduğunu iddia edib. Onun sözlərinə görə, tərəflər arasında imzalanacaq və ya əldə olunacaq razılaşmalar belə münaqişənin yenidən alovlanması riskini tam aradan qaldırmır. Bu fikirlər fonunda Azərbaycan və Ermənistan arasında sülh prosesinin hazırkı mərhələsi, əldə olunan razılaşmaların praktik nəticələri və tərəflər arasında etimadın formalaşması məsələləri yenidən gündəmə gəlir. 2025-ci ilin avqustunda tərəflər sülh sazişinin mətnini ilkin olaraq razılaşdırıb və onun imzalanması və ratifikasiyası üçün əlavə addımların atılmasının vacibliyini bəyan ediblər.

Deputat qeyd edib ki, əlbəttə, Ermənistan cəmiyyətində revanşist düşüncənin tamamilə yoxa çıxdığını söyləmək tezdir.

"Onilliklər boyu Qarabağ mövzusu üzərindən qurulmuş siyasi mifologiyanın bir neçə ilə aradan qalxacağını gözləmək də sadəlövhlük olardı. Ancaq burada mühüm fərq var: revanşizm siyasi şüar ola bilər, onun həyata keçirilməsi üçün isə tamam başqa reallıq lazımdır. Azərbaycan 2020-ci və 2023-cü illərdə məhz həmin reallığı kökündən dəyişib. Ona görə Ermənistandan səslənən “münaqişə yenidən alovlana bilər” fikirləri müəyyən mənada daxili auditoriyaya hesablanmış siyasi ritorika təsiri bağışlayır. Ermənistan daxilində keçmişlə vidalaşa bilməyən qüvvələr var və sülh prosesi onların siyasi gündəliyini zəiflədir. Çünki Azərbaycanla real sülh yarandıqca Qarabağ mövzusundan daxili siyasi mübarizə vasitəsi kimi istifadə imkanları da daralır. Real narahatlıqların mövcudluğunu da tam inkar etmək olmaz. Otuz ildən artıq qarşıdurmadan sonra iki cəmiyyət arasında etimadın bir gündə yaranması mümkün deyil. Lakin etimadın formalaşması üçün başlanğıc nöqtəsi dəqiq olmalıdır: Azərbaycanın ərazi bütövlüyü və suverenliyi müzakirə predmeti deyil və olmayacaq. Bakı sülh istəyir, amma keçmiş münaqişənin başqa formada davam etdirildiyi “yarımçıq sülh” istəmir. Azərbaycanın marağı hüquqi öhdəliklərə, qarşılıqlı suverenliyə hörmətə, sərhədlərin toxunulmazlığına və regionda kommunikasiyaların açılmasına əsaslanan davamlı modelin qurulmasıdır. İndi əsas məsələ Ermənistanın hansı yolu seçəcəyidir: keçmişin revanşist yükünü gələcəyə daşımaq, yoxsa Azərbaycanın yaratdığı yeni regional reallığı qəbul edib sülhdən faydalanmaq. Bakı öz seçimini edib. Sülhə hazırdır, əməkdaşlığa hazırdır, amma Azərbaycanın suverenliyi və milli maraqları hesabına heç bir kompromis gündəmdə deyil".

Rəfiqə Namazəliyeva,

AzNews.az