- Siyasi müzakirə
- 17:15
- 1 131
"Heç kim neft sata bilməyəcək": Tehranın hədəsi nə dərəcədə realdır?
"İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın 29 sentyabr bəyanatını, əslində, emosional xəbərdarlıq kimi yox, Vaşinqtonla aparılan dolayı danışıqlarda təzyiq rıçağı kimi də oxumaq mümkündür. Əslində isə İranın belə bir təhdidi həyata keçirmək üçün real imkanı varmı sualı daha maraqlıdır. Əlbəttə ki, “Regionda heç kim neft sata bilməyəcək” ifadəsi bir az ağır ifadədir və hesab edirəm ki, bu, İranın tam nəzarətində olan bir reallıq deyil. Bu baxımdan Qalibafın səsləndirdiyi fikirlər İranın təhlükəsizliyi ilə daha çox bağlıdır və “İranın təhlükəsizliyi təmin olunmasa, heç bir infrastruktur təhlükəsiz olmayacaq” demək istəyib və ABŞ başda olmaqla, Körfəz ölkələrinə yönəlmiş açıq təhdid xarakterli xəbərdarlıqdır".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Çingiz Şahbazi deyib.

Qeyd edək ki, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın son açıqlaması Tehranın ABŞ və onun müttəfiqlərinə qarşı hansı mesajı vermək istədiyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Qalibafın İranın neft ixracına maneə yaradılacağı təqdirdə regiondakı digər ölkələrin də neft sata bilməyəcəyini və regional infrastrukturun təhlükə ilə üzləşə biləcəyini deməsi kifayət qədər sərt xəbərdarlıq kimi qiymətləndirilir. Bu bəyanat ABŞ-İran arasında vasitəçilər üzərindən diplomatik təmasların davam etdiyi bir vaxtda səslənib.
Siyasi şərhçi qeyd edib ki, bəyanatın danışıqlar fonunda səslənməsi xüsusi diqqət çəkir və hazırda Qətərin vasitəçiliyi ilə Tehran və Vaşinqton arasında dolayı təmaslar davam edir.
"Hörmüz boğazının açılması və bunun qarşılığında ABŞ-nin İranla bağlı blokada və sanksiya siyasətində güzəştlər etməsi müzakirə olunur. Tehran Hörmüz boğazının açılması ilə bağlı öz şərtlərini vasitəçilər üzərindən artıq ABŞ tərəfinə çatdırıb. Tehran faktiki olaraq deyir ki, “əgər İranın neft ixracını tamamilə sıxışdırmağa çalışsanız, bunun iqtisadi nəticələrini yalnız İran daşımayacaq”. Yəni, İranın sıxışdırılmasının təsirini, həmçinin, region və dünya ölkələri də hiss edəcək. İran, əlbəttə ki, bunu müəyyən həddə qədər edə bilər. Çünki Hörmüz boğazı İranın əsas strateji təsir alətidir və boğazda böyük imkanlara malikdir. Bu baxımdan Qalibafın səsləndirdiyi “region ölkələri” dedikdə, əsasən söhbət Fars Körfəzi ölkələrindən gedir və Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Bəhreyn, Küveyt, İraq kimi neft satan ölkələri nəzərdə tutur. Əslində İran bütünlükdə Hörmüzü qarışdırmağa və oradakı sabitliyi pozmağa qadirdir, amma bütün regionun neft ixracını tam dayandırmağa qadir deyil. Çünki Səudiyyə Ərəbistanının alternativ marşrutu var. BƏƏ ilə birlikdə Səudiyyə Ərəbistanı gün ərzində 5,5 milyon barelə yaxın nefti Hörmüzdən yan keçirməyə imkan verən boru kəməri imkanına malikdirlər. Bütün bunlara rəğmən, “problem yoxdur” demək də mümkünsüzdür. Baxmayaraq ki, İranın özünün də neft ixracı ciddi sıxıntılar içindədir. İranın neft ixracı imkanları azalarkən, qeyri-İran neftinin Hörmüzdən keçidi yenidən artmağa başlayıb. Bu isə Tehran üçün strateji baxımdan əlverişsiz vəziyyət yaradan amillərdəndir. Məhz buna görə Qalibafın sözləri İranın regional enerji infrastrukturuna və gəmiçiliyə qarşı təzyiqi artırmaq ehtimalının siqnalı olaraq da qiymətləndirilə bilər".
Rəfiqə Namazəliyeva,
AzNews.az