Britaniya Baş naziri: Brexit faydadan çox zərər verdi

Britaniyanın Baş naziri Endi Börnham ölkəsinin Avropa İttifaqından (Aİ) ayrılmasının (Brexit) gözlənilən faydaları təmin etmədiyini, əksinə, ölkəyə daha çox zərər vurduğunu bildirib.

“Sağ olduğum müddətdə Aİ-yə yenidən qoşulduğumuzu görmək istəyirəm”

Börnham BBC Radio 4-ə açıqlamasında Britaniyanın Aİ-yə yenidən qoşulması ehtimalını dəyərləndirib.

Daha əvvəl “Mən sağ olduğum müddətdə Britaniyanın Aİ-yə yenidən qoşulduğunu görmək istəyirəm” dediyini xatırladan Börnham bu mövqeyinin arxasında olduğunu bildirib.

Britaniyanın Aİ ilə münasibətlərində müxtəlif variantların nəzərdən keçirilməli olduğunu qeyd edən Börnham yenidən üzvlüklə yanaşı, gömrük ittifaqı və vahid bazar kimi alternativlərin də müzakirə oluna biləcəyini deyib.

“Brexit faydadan çox zərər verdi”

Börnham bildirib:

“Hazırda olduğumuz yerdə qala bilərik. Bu da bir seçimdir. Əgər xalq burada olmağımızın doğru olduğunu düşünürsə, qala bilərik. Corc Osbornun gömrük ittifaqı ilə bağlı dediklərinə və Liberal Demokratların qurultaylarında vahid bazarla bağlı söyləyəcəklərinə baxarıq. Ya da birbaşa qoşularıq”.

Aİ-yə yenidən qoşulmağın üstünlükləri və mənfi tərəflərinin hərtərəfli qiymətləndirilməsinin vacibliyini vurğulayan Börnham Britaniyanın qarşıdakı 10 ildə necə bir ölkə olmaq istədiyinə dair aydın hədəf müəyyənləşdirməli olduğunu bildirib.

Börnham deyib:

“Ölkənin son 10 ildə yaşadıqlarına bənzər daha 10 il olmamalıdır. Çoxlu problemlər və parçalanmalar yaşadıq. Brexit faydadan çox zərər verdi”.

Britaniya Baş naziri ictimaiyyətin əhəmiyyətli bir hissəsinin də bu fikri bölüşdüyünü iddia edərək əlavə edib:

“Düşünürəm ki, Britaniya xalqının 60 faizi mənim bu fikrimlə razıdır”.

Mövsüm,

AzNews.az