"ABŞ-nin İrana tətbiq etdiyi ikinci dərəcəli sanksiyalar region üçün risk yaradır" – AÇIQLAMA

"Azərbaycan siyasətdə davamlılığın tərəfdarıdır və bu baxımdan bir çox ölkələrdən fərqlənir. Bu, çox önəmli məqamdır. Təəssüf ki, qarşı tərəflərin siyasətində isə belə ardıcıllıq və davamlılıq müşahidə olunmur. Azərbaycan qonşu İranla münasibətlərini qonşuluq, dinc yanaşı yaşamaq və əməkdaşlıq prinsipləri əsasında qurur. ABŞ-İran-İsrail qarşıdurmasında isə Azərbaycan hər hansı tərəfi dəstəkləmir. Ölkə şaxələndirilmiş siyasət yürüdür, müxtəlif qlobal və regional güc mərkəzləri ilə normal münasibətlər saxlayır. Bu siyasət də müəyyən mənada Azərbaycanın təhlükəsizliyinə xidmət edir. Hazırkı gərgin vəziyyətdə Azərbaycan İranın ehtiyac duyduğu əməkdaşlığı yenidən İrana təqdim edir. Məlum olduğu kimi, İran hazırda iqtisadi və ticari sanksiyalarla yanaşı, dünyadan təcrid olunma siyasəti ilə də üzləşib. Bu səbəbdən İranın qonşu ölkələrlə quru əlaqələrinə, ticarətə, nəqliyyat kommunikasiyalarına və xüsusilə enerjiyə ciddi ehtiyacı var. Azərbaycan isə bu əməkdaşlığa açıq olduğunu nümayiş etdirib. Baş nazirin müavini səviyyəsində İrana səfərin baş tutması, nəqliyyat kommunikasiyaları və digər məsələlərin müzakirə olunması da Azərbaycanın regionda gedən təhlükəli münaqişəyə baxmayaraq İranla əməkdaşlıqda maraqlı olduğunu göstərir. Azərbaycan kiminsə mövqeyinə görə bu münasibətləri pozmaq niyyətində deyil".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Natiq Miri deyib.

Qeyd edək ki, Azərbaycan–İran münasibətlərində son dövrdə qarşılıqlı təmasların intensivləşməsi diqqət çəkir. Sentyabrın 29-da Prezident İlham Əliyevin Məsud Pezeşkianla telefon danışığı və Baş nazirin müavini Şahin Mustafayevin Tehranda keçirdiyi görüşdə iqtisadiyyat, ticarət, nəqliyyat və enerji sahələrində əməkdaşlığın müzakirəsi iki ölkə arasında praktiki gündəliyin önə çıxdığını göstərir. Bu proses ABŞ–İran qarşıdurmasının davam etdiyi bir şəraitdə baş verir. Belə vəziyyətdə Bakı-Tehran təmaslarının artması regional təhlükəsizlik və iqtisadi əlaqələr baxımından diqqət çəkir.

Siyasi şərhçi qeyd edib ki, əməkdaşlıq, ticarət, logistika, nəqliyyat kommunikasiyaları və enerji sahəsində əlaqələrin mövcudluğu münasibətlərdə gərginliyin azalmasına dolayısı ilə təsir göstərir.

"Bu baxımdan münaqişə əvəzinə əməkdaşlıq stimullaşdırılır. Belə siyasət isə dolayısı ilə təhlükəsizliyə xidmət edir və Azərbaycan da buna üstünlük verir. Çünki bu gün İran rejimi proqnozlaşdırılması çətin olan bir rejimdir. Bir tərəfdə Məsud Pezeşkianın rəhbərlik etdiyi hökumət anlaşmağa çalışdığı halda, digər tərəfdə hökumətin tam nəzarətində olmayan güc strukturları istənilən qərarı qəbul edə və münasibətləri tamamilə poza bilərlər. Bütün bu risklərə baxmayaraq, Azərbaycan sülh və əməkdaşlıq tərəfdarı olduğunu, İranla qonşuluq və dinc yanaşı yaşamaqda maraqlı olduğunu, həmçinin qarşılıqlı ticarətin davam etdirilməsini istədiyini nümayiş etdirir. Bu siyasət də müəyyən mənada təhlükəsizliyə xidmət edir. Əlbəttə, Azərbaycan-İran münasibətlərində risk amilləri də var. Sentyabrın 23-dən etibarən ABŞ-nin sanksiyalarla bağlı qəbul etdiyi ardıcıl qərarlarda İrana müxtəlif sahələrdə yardım göstərən dövlətlərin də ikinci dərəcəli sanksiyalarla üzləşə biləcəyi açıq şəkildə bildirilir. Hələlik bunun miqyası tam aydın deyil. Eyni zamanda, İranla quru sərhədlərinin bağlanması və bütün ticarətin qadağan edilməsi məsələsində ABŞ-nin mövqeyi hələ birmənalı deyil. ABŞ İrana qarşı sanksiyaları mərhələli şəkildə tətbiq edir və ölkəni dünyadan təcrid etməyə çalışır. Dənizdə ciddi blokada mövcuddursa, ABŞ artıq havada da bu blokadanı tətbiq edir. Bu səbəbdən bir sıra ölkələr aviasiya əməkdaşlığı, yəni qarşılıqlı uçuşların həyata keçirilməsi məsələsində İrana uçuşları və ya İranın həmin ölkələrə uçuşlarını dayandırırlar. Lakin hələlik quru əlaqələri ilə bağlı ABŞ tərəfindən qərar qəbul edilmədiyinə görə Türkmənistan, Pakistan, Çin, o cümlədən Azərbaycan və Ermənistan kimi ölkələr İranla ticarəti və əməkdaşlığı davam etdirirlər. Gələcəkdə belə sanksiyaların tətbiq olunması ehtimalı var və bu da gözləniləndir. Əgər ABŞ-İran arasında konkret anlaşma əldə olunmasa, sanksiyaların quru əlaqələrinə də şamil edilməsi ehtimalı böyükdür. Belə bir vəziyyətdə Azərbaycan üçün də müəyyən risklər yaranır. Azərbaycan əməkdaşlığın, ticarətin və əlaqələrin tərəfdaşı kimi bu münasibətləri davam etdirərsə, ABŞ tərəfindən konkret sanksiyalarla və təzyiqlərlə üzləşə bilər. Digər tərəfdən, İran hökumətinin, yəni Pezeşkian hökumətinin qonşu ölkələrlə əməkdaşlıqda nə qədər maraqlı olduğunu bəyan etməsinə baxmayaraq, güc strukturlarının açıqlamalarına diqqət etdikdə onların bütün dünyaya hədələyici tonda danışdıqları görünür. Məsələn, İran neft sata bilməsə, regiondakı heç bir ölkənin neft sata bilməyəcəyi, İranın təyyarələri uçmasa, digər ölkələrin təyyarələrinin də uça bilməyəcəyi ilə bağlı təhdidlər səsləndirilir. Bu cür açıqlamalar, əlbəttə ki, qonşu ölkələr üçün müəyyən risklər yaradır. Bu baxımdan ABŞ-İran münaqişəsi kontekstində Bakı-Tehran münasibətlərinin bundan sonrakı inkişafı da ciddi risk amillərini özündə ehtiva edir. Bununla belə, Azərbaycan hələlik bütün istiqamətlərdə əməkdaşlığa açıq olduğunu və qonşu ölkə kimi İranla əlaqələrə hazır olduğunu nümayiş etdirir. Düşünürəm ki, bu, İran dövlətinə verilən ən müsbət mesajdır. Çünki İran rejimi zaman-zaman Azərbaycanı İsraillə münasibətlərinə görə ittiham edib. Azərbaycan isə bunun əksini nümayiş etdirərək İrana düşmən olmadığını, əksinə, onun qonşusu və dost ölkəsi olduğunu göstərir. Bu səbəbdən də sözügedən məsələlərin həm müsbət, həm də riskli tərəfləri mövcuddur".

Rəfiqə Namazəliyeva,

AzNews.az