- Siyasi müzakirə
- 19:56
- 402
Paşinyan Qərbə inteqrasiyanı sürətləndirir: Moskva necə cavab verəcək?
"Hazırda Ermənistanda müşahidə olunan prosesləri ABŞ-nin daha geniş geosiyasi strategiyasından ayrı qiymətləndirmək olmaz. Bu strategiyanın əsas istiqamətlərindən biri Rusiyanın siyasi təsir imkanlarının zəiflədilməsi və onun beynəlxalq müstəvidə təcrid olunmasıdır. Bu məqsədlə Rusiyaya yaxın yerləşən, onunla sərhədi olan və Moskvanın maraq dairəsinə daxil edilən ölkələrdə müxtəlif siyasi proseslərdən istifadə olunur. Demokratiya və siyasi dəyişikliklər şüarı altında baş verən bu proseslərin nümunələrini Gürcüstanda Saakaşvili dövründə, 2014-cü ildə Ukraynada Maydan hadisələri zamanı və hazırda Ermənistanda görmək mümkündür. Bu baxımdan, ABŞ-nin ayrı-ayrı dövlətlərdə öz maraqlarına uyğun siyasi qüvvələrin hakimiyyətə gəlməsinə şərait yaratdığı və daha sonra həmin ölkələrin Rusiyaya qarşı istifadə edildiyi qənaətindəyəm. Ermənistanla bağlı hazırkı proses də bu strategiyanın tərkib hissəsidir. Vaşinqtonun əsas məqsədlərindən biri Cənubi Qafqaz ölkələrini öz təsir dairəsinə daxil etməklə Rusiyanın cənub istiqamətində mövqelərini zəiflətməkdir".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.

Qeyd edək ki, Ermənistanın son dövrlərdə Rusiya ilə münasibətlərində yaşanan gərginlik və İrəvanın Qərbə inteqrasiya siyasətini sürətləndirməsi regionda geosiyasi proseslərlə bağlı müzakirələri yenidən gündəmə gətirib. Ermənistanın KTMT ilə münasibətlərini dondurması, Avropa İttifaqı ilə yaxınlaşması və Rusiya ilə əlaqələrdə yaranan fikir ayrılıqları İrəvanın xarici siyasət kursunun istiqaməti ilə bağlı müxtəlif yanaşmaların ortaya çıxmasına səbəb olub. Bu fonda ABŞ və Qərbin Cənubi Qafqazdakı siyasətinin məqsədləri, Ermənistanın bu prosesdəki rolu və İrəvan-Moskva münasibətlərinin gələcək perspektivləri diqqət mərkəzindədir.
Siyasi şərhçi qeyd edib ki, Nikol Paşinyanın siyasi hakimiyyətə gəlməsinə də bu kontekstdən yanaşmaq lazımdır.
"Burada söhbət ABŞ-nin Paşinyanı birbaşa şəkildə önə çıxarmasından getmir. Paşinyan müəyyən məqsədlərin həyata keçirilməsində vasitə rolunu oynayır. Onun əvvəllər jurnalist fəaliyyəti ilə məşğul olması və ABŞ-nin maraq dairəsində olan şəxsə çevrilməsi də bu prosesin tərkib hissəsi kimi qiymətləndirilə bilər. ABŞ-nin xüsusi xidmət orqanlarının Paşinyanı araşdırdığı, onun etibarlılığını müəyyənləşdirdiyi, daha sonra müxtəlif sorğu-sual və maliyyə dəstəyi mexanizmləri, eləcə də diplomatik korpus vasitəsilə onun hakimiyyətə gətirilməsinə şərait yaratdığı qənaətindəyəm. Bu səbəbdən Paşinyanın hakimiyyətə gəlməsini təsadüfi siyasi hadisə hesab etmək olmaz. Bu, müəyyən ssenari çərçivəsində həyata keçirilən layihədir. Paşinyanın illər ərzində həyata keçirdiyi siyasət də bu istiqaməti göstərir. Ermənistanın Rusiyanın təsir dairəsindən uzaqlaşdırılması, Moskvanın rəhbərlik etdiyi platformalardan çıxarılması və ölkənin siyasi kursunun Qərbə istiqamətləndirilməsi əsas məqsədlərdəndir. KTMT ilə münasibətlərə yanaşma da bunun konkret nümunəsidir. Ermənistan faktiki olaraq təşkilatın fəaliyyətini boykot edir və Paşinyan ölkəsinin Qərbə inteqrasiya edəcəyini açıq şəkildə bildirir. Bu prosesin növbəti mərhələsinin Avropa İttifaqı ilə inteqrasiyadan sonra NATO istiqamətində irəliləyiş olacağı qənaətindəyəm. Ermənistan NATO-ya inteqrasiya etmək niyyətindədirsə, bu halda KTMT-dən çıxmaq məsələsi də gündəmə gəlməlidir. Eyni yanaşma Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasına münasibətdə də özünü göstərə bilər. Paşinyanın bəzi açıqlamalarında KTMT-dən çıxmaqdan məmnunluq ifadə etməsi, eləcə də Rusiyanın 102-ci bazanı Ermənistandan çıxarması halında İrəvanın buna etiraz etməyəcəyini bildirməsi təsadüfi deyil. Bu mövqelər Ermənistanın gələcək istiqamətinin hansı tərəfə yönəldiyini göstərən amillərdir. ABŞ-nin Ermənistan siyasətinin əsasını erməni xalqına xüsusi münasibət təşkil etmir. Burada əsas məsələ Ermənistanın Rusiyaya qarşı siyasi vasitə kimi nəzərdən keçirilməsidir. Eyni yanaşmanın Ukrayna və Gürcüstanda da tətbiq edildiyini düşünürəm. Nəticədə isə həmin ölkələrin xalqları ciddi zərər görüb. Bu mənada belə bir fikir var: Amerikanın düşməni olmaq faciədirsə, dostu olmaq ölümcül faciədir. ABŞ-nin Gürcüstan, Ukrayna və Ermənistan siyasətinə bu prizma ilə yanaşmaq mümkündür. Həmin ölkələrin Rusiyaya qarşı alətə çevrilməsi Vaşinqtonun Cənubi Qafqaz və postsovet məkanındakı strateji məqsədlərindən biridir. Cənubi Qafqazın ABŞ təsirinə daxil edilməsi və daha sonra Rusiyaya qarşı istifadə olunması əsas hədəflərdən biri kimi görünür. Gürcüstanla bağlı da oxşar proseslərin şahidi olmuşuq. Gürcüstanın baş naziri və prezidenti Qərbin ölkəyə Rusiya ilə ikinci cəbhənin açılması istiqamətində təzyiq göstərdiyini açıq şəkildə bildiriblər. Bunun arxasında Cənubi Qafqazda gərginlik yaratmaq və Rusiyanın cənub cinahını zəiflətmək məqsədi dayanır. Rusiyanın ətrafında yerləşən dövlətlərin Moskva ilə qarşıdurmaya cəlb edilməsi nəticə etibarilə həmin xalqlar üçün ciddi fəsadlar yaradır. Gürcüstanda Saakaşvilinin hakimiyyətə gəlməsindən və Rusiyaya qarşı siyasət yürütməsindən sonra baş verənlər buna nümunədir. Nəticədə Gürcüstan ərazi itkiləri ilə üzləşdi. Ukraynada da Zelenskinin hakimiyyətə gətirilməsi və ölkənin Rusiya ilə konfrontasiyaya sürüklənməsi nəticəsində bu gün müşahidə etdiyimiz proseslər meydana çıxıb. Hazırda Paşinyanın Ermənistanda həyata keçirdiyi siyasət də həmin modelə bənzəyir. Burada məqsəd qlobal güclərin maraqlarını qarşı-qarşıya gətirməklə regionda gərginlik yaratmaqdır. Ermənistanın gələcəkdə Avropa İttifaqına inteqrasiyasından sonra NATO istiqamətində irəliləməsi və Qərbin bu prosesə dəstək verməsi Azərbaycanla bağlı yeni təzyiq mexanizmlərinin formalaşmasına səbəb ola bilər. Qərb institutlarının Azərbaycana münasibətində də bunun müəyyən əlamətlərini görmək mümkündür. AŞPA-da Azərbaycan əleyhinə müzakirələrin aparılması, müxtəlif qətnamələrin qəbul edilməsi, ABŞ Konqresində Azərbaycanla bağlı qərarların gündəmə gətirilməsi və 907-ci maddə ilə bağlı mövqe bunun nümunələri kimi göstərilə bilər. Burada məqsəd Cənubi Qafqazdakı üç respublikanı öz təsir dairəsinə daxil etmək və onları Rusiyaya qarşı istifadə etməkdir. Paşinyanın bu prosesdəki rolu isə vasitəçilikdən ibarətdir. Qərbin ona verdiyi dəstək Ermənistan rəhbərliyini Rusiyaya qarşı daha sərt mövqe tutmağa həvəsləndirir. Əvvəllər Paşinyanın siyasətinə əsasən Rusiyanın ictimai-siyasi dairələrindən və KİV-lərindən etirazlar səslənirdisə, hazırda tənqidlərin dövlət səviyyəsinə yüksəldiyini görürük. Rusiya rəsmilərinin, o cümlədən xarici işlər naziri və prezident səviyyəsində Ermənistan rəhbərliyinə mesajlar verməsi bunun göstəricisidir. Putinin mövqeyindən də aydın olur ki, Moskva Ermənistanın hansı istiqaməti seçəcəyini gözləyir və öz siyasətini buna uyğun müəyyənləşdirəcək. Ermənistan Qərbə inteqrasiyanı davam etdirəcəksə, Rusiya öz əlində olan siyasi və iqtisadi təsir imkanlarından istifadə edə bilər. Artıq Ermənistana yönələn müxtəlif mesajlar da bu ehtimalı göstərir. Kənd təsərrüfatı məhsullarının Rusiyaya buraxılması ilə bağlı yaranan problemlər və Şimali Qafqazda qaz kəmərində aparılan təmir işləri Ermənistan üçün iqtisadi xarakterli mesajlar kimi qiymətləndirilə bilər. Bu addımların arxasında İrəvana mövqeyini dəyişməsi üçün təzyiq göstərmək məqsədinin dayandığını düşünürəm. Gələcəkdə iqtisadi məhdudiyyətlərin, blokadanın və sanksiyaların tətbiqi də istisna edilə bilməz. Paşinyan Qərb qarşısında müəyyən öhdəliklər götürdüyü üçün həmin kursdan geri çəkilmək imkanına malik deyil. ABŞ-dən gələn göstərişlərin həyata keçirilməməsi onun siyasi hakimiyyətdən uzaqlaşdırılması ilə nəticələnə bilər. Ermənistanın müxtəlif dövlət strukturlarında Sorosla əlaqələndirilən şəxslərin yerləşməsi də bu baxımdan əhəmiyyətlidir. Həmin qüvvələrin Paşinyanın göstərişindən daha çox ABŞ-dən gələn təlimatlara uyğun hərəkət edəcəyi qənaətindəyəm. Avropa İttifaqının həm Gürcüstan, həm də Ermənistan üzərində təsir imkanlarını artırması Azərbaycana qarşı təzyiq mexanizmlərinin də Ermənistan üzərindən formalaşdırılmasına şərait yarada bilər. AŞPA-da müzakirəyə çıxarılan məsələlər və ermənipərəst konqresmenlərin bəyanatları bu istiqamətdə müəyyən siqnallar verir. Beləliklə, Paşinyanın həyata keçirdiyi siyasətin qlobal güclərin maraqlarını qarşı-qarşıya gətirdiyini və bunun Cənubi Qafqazda yeni gərginliklər yaratmaq riski daşıdığını düşünürəm. Azərbaycanın yanaşması isə bundan fərqlidir. Azərbaycan regionda balanslaşdırıcı siyasət yürüdür, müxtəlif qlobal güclərin maraqlarını uzlaşdırmağa və sabitliyi qorumağa çalışır. Ermənistana strateji yüklərin və ərzaq məhsullarının buraxılması, enerji və yanacaq təminatının həyata keçirilməsi də məhz bu siyasətin göstəricisidir. Buna qarşılıq olaraq Paşinyanın Qərbin maraqları çərçivəsində apardığı siyasət regionda sabitliyi poza biləcək addımlara gətirib çıxarır. Rusiya da öz dövlət və milli maraqlarından çıxış edərək Paşinyanın bu siyasətinə biganə qalmayacaq. Moskva ilə İrəvan arasında münasibətlərin daha da gərginləşməsi Cənubi Qafqazda xaos yarada və proseslərdən Azərbaycan və Gürcüstan da daxil olmaqla digər region ölkələri təsirlənə bilər. Bu baxımdan 3+3 platformasının əhəmiyyəti də xüsusi qeyd olunmalıdır. Azərbaycan Prezidentinin irəli sürdüyü bu ideyanın əsas məqsədi Cənubi Qafqazda mövcud problemlərin region dövlətlərinin iştirakı ilə həllinə nail olmaqdır. Burada əsas yanaşma ondan ibarətdir ki, regiondan kənar qüvvələrin proseslərə müdaxiləsi sabitliyə mənfi təsir göstərə bilər. 3+3 formatının yaradılmasında məqsəd də məhz regional problemlərin həlli və Cənubi Qafqazda sabitliyin təmin edilməsidir. Lakin bu platformanın tam işlək mexanizmə çevrilməsinin qarşısının alınmasında Birləşmiş Ştatların siyasi davranışlarının da rolu var. Qərbin fəaliyyəti nəticəsində bu formatın potensialının tam reallaşmadığını düşünürəm. Nəticə etibarilə, Paşinyanın Qərbyönlü siyasəti regionda mövcud qüvvələr balansını dəyişə və sabitliyi poza biləcək proseslərə yol aça bilər".
Rəfiqə Namazəliyeva,
AzNews.az