ABŞ-Rusiya danışıqlarında iqtisadi maraqlar ön plana çıxır

“ABŞ-la Rusiya arasında iqtisadi və enerji əməkdaşlığı mövcuddur. Əslində, ABŞ-nin hazırda davam edən Rusiya-Ukrayna müharibəsinə müəyyən qədər balanslı yanaşması və Rusiya ilə bağlı radikal mövqe tutmaması birbaşa olaraq Rusiya ilə əlaqəli iqtisadi və enerji layihələri ilə bağlıdır. Çünki bu, həm də, yeri gəlmişkən, ABŞ Prezidenti Donald Trampın biznesmen təfəkkürü ilə əlaqədardır. O, biznesmendir və siyasətçilər də biznesmen təfəkkürü ilə yanaşırlar. Məsələn, Cozef Bayden administrasiyası dövründə ABŞ Rusiyaya qarşı radikal mövqe tuturdu. Əlbəttə ki, iqtisadi və enerji əməkdaşlığı ABŞ-nin Rusiya-Ukrayna müharibəsinə yanaşmasına da təsir göstərir və eyni zamanda müharibənin perspektivi ilə bağlı müəyyən tezislər formalaşır. Bu tezislərin əsas istiqaməti ondan ibarətdir ki, hazırda ABŞ üçün müharibənin mümkün qədər tez başa çatması lazımdır”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.

Qeyd edək ki, son günlər ABŞ və Rusiya arasında Ukrayna müharibəsinin dayandırılması ilə bağlı diplomatik təmasların artması diqqət çəkir. Sentyabrın 5-də ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin Moskvada Rusiya Prezidenti Vladimir Putinlə üç saatdan çox davam edən görüşü, ardınca Tramp-Putin təması və sentyabrın sonunda Rusiya nümayəndəsi Kirill Dmitriyevin Vaşinqtonda ABŞ rəsmiləri ilə keçirdiyi danışıqlar tərəflər arasında diplomatik kanalların yenidən fəallaşdığını göstərən əsas addımlar sırasındadır. Son görüşlər zamanı Ukraynadakı müharibə ilə yanaşı, mümkün atəşkəs variantları və müharibədən sonrakı mərhələdə ABŞ-Rusiya enerji əməkdaşlığının perspektivlərinin də müzakirə olunduğu bildirilir. Bununla belə, cəbhə xəttində hərbi əməliyyatların davam etməsi və NATO-nun Moskvanın nüvə ritorikasına sərt münasibət bildirməsi diplomatik səylərlə hərbi vəziyyət arasında ciddi fərqin hələ də qaldığını göstərir.

Siyasi şərhçi qeyd edib ki, ABŞ müharibənin başa çatmasında maraqlıdır.

“Niyə? Birincisi, ABŞ Rusiya ilə münasibətlərdə soyumaq istəmir. Əksinə, iqtisadi və enerji əməkdaşlığının inkişafında maraqlıdır. İkincisi, ABŞ müharibənin başa çatmasında maraqlıdır ki, Ukraynada yenidən quruculuq və bərpa işləri başlasın, ABŞ isə Ukraynaya investisiya qoysun. Üçüncüsü, bu müharibə başa çatdıqdan sonra ABŞ diqqətini Yaxın Şərqə və Çinə yönəltmək istəyir. Yəni, sadalanan arqumentlərin birincisi Rusiya ilə iqtisadi və enerji əməkdaşlığının perspektivi ilə bağlıdır. Çünki müharibə davam etdikcə bu əməkdaşlığın üfüqləri daralır, imkanlar məhdudlaşır. ABŞ, əlbəttə, Rusiyanın tərəfini də tuta bilməz və tamamilə belə mövqe nümayiş etdirə bilməz. Bu, ABŞ ilə Avropa arasında ciddi konfliktə səbəb olar. Ümumiyyətlə, ABŞ-a dünyada münasibət dəyişər, Tramp administrasiyasının daxilində münasibət dəyişər. ABŞ münasibətləri inkişaf etdirmək istədikcə Rusiyaya deyəcək ki, münasibətləri inkişaf etdirirəm, o sənə də, mənə də dəstəkdir. Ona görə də ABŞ-a lazımdır ki, əvvəlcə müharibəni bitirsin. Amma mən müharibənin sırf ABŞ-nin səyləri ilə başa çatacağını düşünmürəm. Düzdür, ABŞ-nin səyləri ilə müəyyən nəticələr əldə oluna bilər, amma perspektivdə Türkiyənin və yaxud Azərbaycanın vasitəçiliyinə ehtiyac olacaq. Müharibənin bitməsi üçün əvvəlcə ABŞ və Avropa ortaq məxrəcə gəlməlidir”.

Rəfiqə Namazəliyeva,

AzNews.az