Qalibafın bəyanatı və regional iqtisadi risklər: Bakıdan baxış – AÇIQLAMA

"Hazırda İran və Amerika arasında gərginlik davam edir. Amma anlaşılan odur ki, vasitəçilər üzərindən müəyyən danışıqlar gedir. Hələ son açıqlamasında Qalibaf bildirib ki, “siz bizə problem yaradacaqsınızsa, biz də sizə problem yaradacağıq”. Yəni bu o deməkdir ki, əgər digər ölkələrin nefti İran üzərindən keçirsə, İranın nefti də daşınmalıdır. Əgər başqa ölkələrin nefti daşınacaqsa, İran digərlərinin neft daşınmasına imkan verməyəcək".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib.

Qeyd edək ki, Tehrandan gələn son açıqlamalar İranın neft ixracına mümkün məhdudiyyətlərə qarşı sərt mövqe nümayiş etdirdiyini göstərir. Parlamentin sədri Məhəmməd Baqir Qalibaf İranın neft satışına maneə yaradılacağı təqdirdə bunun regionun digər ölkələrinin enerji ixracına da təsir göstərə biləcəyini açıqlayıb. Onun sözləri regional enerji marşrutları və infrastrukturla bağlı risklərin yenidən gündəmə gəlməsinə səbəb olub. Açıqlamanın ABŞ və İran arasında vasitəçilərin iştirakı ilə təmasların davam etdiyi bir vaxtda səslənməsi isə vəziyyətə əlavə diqqət yönəldir.

Siyasi şərhçi qeyd edib ki, burada, əslində, daha çox iqtisadi infrastrukturların hədəfə alınmasından söhbət gedir.

"Təbii ki, bu neft daşıyan gəmilərin vurulması, yəni logistikaların hədəfdə olması ilə bağlıdır. Əlbəttə, reallığın necə olduğunu demək çətindir. Çünki İran bəyan edir ki, heç bir gəmi buradan neft daşımır. Amerika isə deyir ki, əvvəlki kimi daşıyırdı. Yəni, burada qapalı qalan bir məqam var. Digər tərəfdən, Qalibaf deyir ki, bizə mane ola bilməzlər. Əgər olsalar, biz də onları dayandıracağıq. Yəni, biz də onların gəmilərinə imkan verməyəcəyik. Əlbəttə, bu, region dövlətlərinin iqtisadi vəziyyətini daha da ağırlaşdırır. Eyni zamanda, vəziyyəti gərginlikdə saxlamaqla bağlı proses də davam edir".

Rəfiqə Namazəliyeva,

AzNews.az