- Siyasi müzakirə
- 21:05
- 526
“Ermənistanın xarici siyasəti çıxılmaz nöqtəyə gəlib” -AÇIQLAMA
"Burada əsas diqqət çəkən məqam müəyyən bir təzaddır. Paşinyan, təbii ki, ölkəsinin maraqlarını qorumaq naminə İranla və ya başqa bir dövlətlə münasibətlərdə zərurət yaranarsa, müəyyən dəyişikliklərə getməli ola bilər. Çünki o, dövlət başçısıdır və ölkəni idarə edən hökumət olaraq öz dövlətinin maraqlarına cavabdehdir. Bu baxımdan, mövcud reallıqları nəzərə alaraq siyasət yürütməli və təmsil etdiyi ölkəni daha yaxşı vəziyyətə gətirməyə çalışmalıdır. Paşinyanın siyasətə yanaşmasını da məhz bu çərçivədə qiymətləndirmək lazımdır. Lakin burada ortaya çıxan əsas təzad ondan ibarətdir ki, Ermənistan tərəf seçimi qarşısında qalırmı? Bu açıqlamadan məntiqli şəkildə belə bir sual yaranır. Əgər həqiqətən də tərəf seçmək məcburiyyətində qalırsa, istənilən halda Ermənistan müəyyən zərərlə üzləşəcək. Sadəcə, söhbət zərərin daha az və ya daha çox olmasından gedəcək. Məsələn, Paşinyan hesab edə bilər ki, ABŞ daha böyük dövlətdir, onun iqtisadi imkanları və resursları daha genişdir, dünyanın müxtəlif nöqtələrinə çıxış imkanları daha çoxdur. Bu baxımdan ABŞ-ı seçməyin Ermənistanı daha böyük zərərdən qoruyacağını düşünə bilər".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.

Qeyd edək ki, Vaşinqtonun Tehrana qarşı yeni sanksiyalar tətbiq etməsi Ermənistanı İranla iqtisadi əlaqələrinin gələcək istiqamətini yenidən nəzərdən keçirməyə vadar edir. Baş nazir Nikol Paşinyanın İrəvanın sanksiyalar paketini araşdırdığını açıqlaması və əsas məqsədin Ermənistanın özü üçün mümkün sanksiya risklərinin qarşısını almaq olduğunu bildirməsi məsələyə diqqəti artırıb. Yaranmış vəziyyət Ermənistanın İranla iqtisadi əməkdaşlığının hansı formada davam etdiriləcəyi ilə bağlı suallar doğurur. ABŞ-la strateji əlaqələrini genişləndirən İrəvanın eyni zamanda Tehranla münasibətlərini qorumaq imkanları və bu istiqamətdə qarşılaşa biləcəyi məhdudiyyətlər də müzakirə mövzusuna çevrilib.
Siyasi şərhçi bildirib ki, burada regional reallıqların da nəzərə alınması vacibdir.
"Ermənistan Cənubi Amerika, Latın Amerikası və ya uzaq Asiyada yerləşən bir ölkə deyil. O, İranla birbaşa sərhədə malikdir və hazırkı geosiyasi vəziyyətdə İran Ermənistan üçün əsas nəfəsliyi rolunu oynayır. Bu səbəbdən Ermənistanın ABŞ-ı seçməsi, Paşinyanın açıqlamasından çıxan nəticəyə görə, daha böyük zərərdən yayınmasına imkan verə bilər. Amma bunun qarşılığında İranı itirmək ehtimalı yaranır. İranın itirilməsi isə ABŞ-nin itirilməsi qədər olmasa da, Ermənistan üçün müəyyən zərərlər yarada bilər. Yəni Paşinyanın açıqlamasından belə bir nəticə də çıxarmaq mümkündür ki, Ermənistan gələcək iqtisadi-siyasi münasibətlərində İranla ABŞ arasında seçim etmək məcburiyyətində qalır. Belə vəziyyətdə isə tərəflərdən birinin itirilməsi ehtimalı ortaya çıxır. Burada zərərin az və ya çox olması artıq ayrıca məsələdir. Bu baxımdan, Ermənistanın xarici siyasətinin çıxılmaz bir nöqtəyə gəlib çatdığı və nəticə etibarilə tərəfdaş hesab etdiyi iki ölkədən birini itirmək təhlükəsi ilə üzləşdiyi qənaəti yaranır. Paşinyanın açıqlamasının məntiqi də məhz bu istiqamətdə görünür. Halbuki İrəvan rəsmi Bakının siyasətindən nəticə çıxara bilərdi. Bu halda Ermənistan hər hansı tərəfi itirmədən, bütün tərəflərlə bərabərhüquqlu münasibətləri qoruyub saxlaya və bununla da özünü mümkün itkilərdən sığortalaya bilərdi. Deməli, Ermənistan bunu bacarmayıb. Mən Ermənistanın İranı itirmək istədiyini və ya buna asanlıqla razılaşacağını düşünmürəm. Əksinə, onlar sona qədər İranla münasibətləri qorumağa çalışacaqlar. Həm İran, həm də Ermənistan tərəfindən müəyyən edilən qırmızı xətlərin aşılmaması və əməkdaşlıq mühitinin saxlanılması üçün cəhdlər göstəriləcək. Hazırkı vəziyyətdə İranın da Ermənistanı itirmək niyyətində olduğunu düşünmürəm. Əksinə, İran Ermənistanı öz təsir dairəsində saxlamaq üçün bacardığı qədər cəhd göstərəcək. Bu məqam İran-Ermənistan münasibətlərində ortaq dilin tapılmasına gətirib çıxara bilər. Amma burada başqa bir sual da ortaya çıxır. Əgər Ermənistanda hakimiyyətdə rusmeyilli qüvvələr olsaydı, o zaman Ermənistan hakimiyyətinin İranla münasibətləri, eyni zamanda İran və Rusiya ilə, dolayısı ilə də Rusiya ilə əlaqələri davam etdirməyə üstünlük verəcəyini düşünmək mümkün olardı. Lakin hazırkı iqtidarın xarici siyasətə və dünya siyasətinə yanaşması daha çox Qərb yönümlüdür və məsələlərə Qərb pəncərəsindən baxılır. Bu baxımdan ABŞ onun üçün daha üstün istiqamət kimi qiymətləndirilə bilər. Bütün bunların İran tərəfindən necə qarşılanacağı isə ayrıca məsələdir. İran bu yanaşmanı anlayışla qəbul edəcəkmi, Ermənistana sonradan geri qayıtmaq üçün imkan yaradacaqmı, başqa sözlə, belə bir qapını açıq saxlayacaqmı – bunu zaman göstərəcək".
Rəfiqə Namazəliyeva,
AzNews.az