- Siyasi müzakirə
- 16:44
- 786
ABŞ İraqdan tam çəkildi: Regionda Tehranın hökmranlıq dövrü başlayır?
"İraq Səddam Hüseyn dövründən sonra artıq ciddi dövlətlər sırasına daxil edilmir. Bir dövlət müharibədə məğlub olduqda və digər ölkələrin təsiri altına düşdükdə, artıq ona ciddi, yəni güclü dövlət kimi baxılmır. İraq Səddam Hüseynin sonrakı dövründə Amerika və İranın təsiri arasında bölünmüş bir ölkəyə çevrildi. İraq neftinə Amerika nəzarət etdi. Dövlət siyasətində və daxili siyasətdə isə müəyyən istiqamətlərdə İranın təsiri formalaşdı. Bu proses də belə davam edir. Amerika öz bazalarını İraqdan çıxarır. Bu, ola bilsin ki, daha çox İranın mövqelərini gücləndirəcək. Amma Səddam Hüseynin nə qədər mənfi cəhətləri olsa da, onun dövründə İraq güclü dövlət idi. Ən azı region miqyasında əhəmiyyətli dövlətlərdən biri sayılırdı. İraqın həmin vəziyyətə qayıtması üçün həm Amerikanın, həm Britaniyanın, həm də o cümlədən İranın təsirindən çıxması lazımdır".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Əhəd Məmmədli deyib.

Qeyd edək ki, ABŞ və Böyük Britaniya qüvvələrinin ötən ay İraqdakı son hərbi obyektlərini tərk etməsi ölkədəki xarici hərbi iştirakın yeni mərhələyə keçməsinə səbəb olub. İrbil və Bağdaddakı bazaların boşaldılması ilə İŞİD-ə qarşı həyata keçirilən “Inherent Resolve” missiyası da rəsmi şəkildə başa çatıb. Xarici qüvvələrin çıxarılması regionda davam edən qarşıdurmaların fonunda İraqın siyasi və təhlükəsizlik gündəliyində yeni prosesləri ön plana çıxarıb.
Siyasi şərhçi qeyd edib ki, İraq bunu bacarsa, ölkə daxilində vəziyyətin dəyişəcəyini söyləmək olar.
"Eyni zamanda, İraqın geosiyasi aləmdəki təsiri də dəyişə və müsbət istiqamətdə inkişaf edə bilər. Lakin bu baş vermədiyi halda, İraqda ciddi dəyişikliklərin olacağını düşünmürəm. Mən düşünmürəm ki, İŞİD-in İraqa ciddi təhlükələri olub. Düzdür, bir müddət İŞİD İraq və Suriya ərazilərinin bir hissəsini ələ keçirdi. Amma İraqda post-Səddam Hüseyn dövründə əsasən zəif dövlət formalaşıb. Amerika və İran razılaşmış şəkildə İraqı işğal etmişdi. Bu artıq heç kimə sirr deyil, keçmiş İran rəsmiləri də bunu təsdiq edir. Ona görə də İraqın güclü və müstəqil dövlətə çevrilməsi üçün, ən azı Səddam Hüseyn dövründəki İraq kimi, güclü bir liderə ehtiyacı var. Hələlik İraq daxilində mən belə bir lider görmürəm. İranın təsirindən qurtulmaq üçün isə İraqda hələ uzunmüddətli səylər tələb olunacaq. Amerikanın bazalarını İraqdan çıxarması hələlik ABŞ-nin İraqdakı təsirinin tamamilə sona çatması demək deyil. İraq nefti Amerikanın nəzarətindədir. Bu vəziyyətdə İraqın real müstəqil, güclü və regionda söz sahibi olan dövlətə çevrildiyini demək hələ tezdir. Eyni zamanda, hər hansı geosiyasi prosesin regiona təsir göstərmədən inkişaf edəcəyini söyləmək də tezdir".
Rəfiqə Namazəliyeva,
AzNews.az