- İşin içi
- 11:00
- 846
Avropa qışa qazsız girir?
Avropa qışa girir, amma bu dəfə məsələ yalnız havanın necə keçəcəyindən ibarət deyil.
Oktyabrın əvvəlində Avropa İttifaqının yeraltı qaz anbarlarının doluluğu təxminən 72 faizdir. İlk baxışdan bu rəqəm kifayət qədər yüksək görünə bilər. Lakin enerji təhlükəsizliyində əsas məsələ anbarın neçə faiz dolması yox, həmin ehtiyatın qış boyunca mümkün tələbatı nə qədər müddət qarşılaya bilməsidir.
Hazırda Avropanın vəziyyətini çətinləşdirən də məhz budur. Almaniya kimi Avropanın ən böyük iqtisadiyyatlarından biri qışdan əvvəl əlavə qazın alınmasına ehtiyac görür. Avropada qaz qiymətləri də yüksək olaraq qalır. Norveç qaz tədarükündə əsas dayağa çevrilsə də, Avropa artıq əvvəlki kimi Rusiya boru qazına arxalana bilmir.
“Qazprom” rəhbəri Aleksey Millerin dediyi kimi, 1 oktyabrda Avropa anbarlarında aktiv qazın həcmi ötən ilin eyni dövründən 11,3 milyard kubmetr az olub. Bu rəqəmi Moskvanın Avropanın enerji siyasətinə dair mövqeyindən ayırmaq mümkün deyil. Ancaq problemin özünün mövcudluğu yalnız “Qazprom”un iddiası deyil.
Avropa enerji sistemində fundamental dəyişiklik baş verib.
Rusiya qazının payı azaldıqca Avropa LNG-yə, Norveç qazına və digər alternativ mənbələrə daha çox söykənir. Bu isə enerji təhlükəsizliyini avtomatik olaraq təmin etmir. Əksinə, Avropanı qlobal LNG bazarındakı qiymət və təchizat dəyişikliklərinə daha həssas edir.
Yəni məsələ sadəcə qazın olub-olmaması deyil.
Məsələ qazın hansı qiymətə, hansı marşrutla və hansı siyasi şərtlər daxilində əldə edilməsidir.
Qış sərt keçərsə, yaxud LNG tədarükündə yeni problem yaranarsa, Avropa bazarında rəqabət daha da arta bilər. Bu isə sənayenin xərclərinə, elektrik enerjisinin qiymətinə, inflyasiyaya və nəticə etibarilə Avropa ailələrinin kommunal ödənişlərinə təsir göstərə bilər.
Nuray
Aznews.az