- Siyasi müzakirə
- 22:59
- 849
Ərəb ölkələri niyə VAHİD MÖVQE formalaşdıra bilmir?
"Hansısa mərkəz və ya birlik yaradılsa belə, Ərəb ölkələri arasında tarixən həmrəylik formalaşmayıb və bundan sonra da bunun baş verəcəyi ilə bağlı ciddi şübhələr var. Çünki bu ölkələrin hər biri fərqli istiqamətlərə çəkilir. Pərakəndə mövqedə olduqları, ayrı-ayrılıqda fəaliyyətə üstünlük verdikləri və fərdi maraqlarını ortaq maraqlardan üstün tutduqları üçün aralarında birlik əldə olunmur. Halbuki nəzərə almaq lazımdır ki, Ərəb ölkələrinin demək olar hamısı müsəlman dövlətləridir və din baxımından da həmrəylik nümayiş etdirmələri gözlənilir. Lakin buna nail ola bilmirlər. Məsələn, İsrail-Fələstin münasibətlərinə nəzər salaq. İkinci Dünya müharibəsindən sonrakı dövrdən etibarən İsrail-Fələstin münaqişəsi ilə yanaşı, Misir, Suriya, İordaniya və digər ərəb ölkələrinin də cəlb olunduğu müharibələr baş verib".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Qeyd edək ki, Yaxın Şərqdə təhlükəsizlik məsələləri fonunda ərəb ölkələri arasında müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində yeni müzakirələr aparılır. Məkkə sazişi əsasında fəaliyyət göstərən Strateji Siyasi və Müdafiə Komitəsinin növbəti iclası da regional təhlükəsizlik məsələlərinin ortaq platformalarda müzakirə edildiyini göstərir. Komitənin gündəliyi və qəbul ediləcək qərarlar ərəb ölkələrinin təhlükəsizlik sahəsində birgə fəaliyyət imkanları baxımından diqqət çəkir.
Siyasi şərhçi qeyd edib ki, həmin proseslərdə əsasən İsrail tərəfi üstün mövqedə olub.
"Bu qədər Ərəb dövlətinin qarşısında İsrailin uzun illər ərzində üstün mövqedə qalmasının əsas səbəblərindən biri də ərəb ölkələrinin həmrəylik nümayiş etdirə bilməməsidir. Birgə hərəkət etmək onların siyasi davranışlarına uyğun gəlmir. Əgər onlar birlikdə hərəkət edib vahid mövqe ortaya qoysaydılar, İsrailə qarşı daha ciddi nəticələr əldə edə bilərdilər. Lakin bunu edə bilmirlər. Eyni zamanda, regionda fəaliyyət göstərən Husilər, Hizbullah və HƏMAS kimi silahlı qrupların da qarşısını almaqda ərəb dövlətləri vahid yanaşma nümayiş etdirə bilmirlər. Hər bir dövlət öz maraqlarına uyğun hərəkət etdiyi üçün onların arasında davamlı həmrəyliyin yaranacağına şəxsən mən şübhə ilə yanaşıram. Bu baxımdan, ortaq hərbi strategiyadan danışmaq da hazırkı mərhələdə o qədər real görünmür. Tarixə nəzər salsaq, 1967-ci ildə baş verən Altıgünlük müharibəni xatırlamaq kifayətdir. İsrail cəmi altı gün ərzində Misir, Suriya və İordaniyanın da iştirak etdiyi müharibədə mühüm əraziləri ələ keçirdi və həmin torpaqların bir hissəsini illərlə nəzarətdə saxladı. Sonrakı mərhələdə isə diplomatik danışıqlar və beynəlxalq vasitəçilik nəticəsində İsrail həmin ərazilərin bir hissəsindən geri çəkilməli oldu. Ərəb dövlətlərinin isə bu məsələdə vahid və effektiv strategiya ortaya qoyması mümkün olmadı. Ona görə də düşünmürəm ki, hazırda ərəb ölkələri arasında ortaq hərbi strategiyanın formalaşmasından danışmaq mümkündür. Tarixən belə bir birlik nümayiş etdirilməyib və bundan sonra da bunun baş verəcəyi müəyyən deyil. Hər bir dövlətin öz maraqları var və onlar, ilk növbədə, həmin maraqları nəzərə alırlar. Məsələn, Türk Dövlətləri Təşkilatında isə müəyyən mənada fərqli meylləri müşahidə edirik. Burada ortaq maraqlara xidmət edən əməkdaşlığın formalaşdırılması istiqamətində daha ciddi cəhdlər var. Düzdür, bunu bizim rəqiblərimiz də görür və aranı qarışdırmağa çalışırlar. Lakin buna baxmayaraq, Türk dövlətləri arasında ortaq maraqlar və qarşılıqlı əməkdaşlıq daha uğurlu şəkildə inkişaf edir. Düşünürəm ki, qarşıdakı dövrdə bizi bu istiqamətdə daha böyük uğurlar gözləyir".
Rəfiqə Namazəliyeva,
AzNews.az