- Siyasi müzakirə
- 17:01
- 801
Cənubi Qafqazda yeni iqtisadi üçbucaq: TRIPP layihəsi və sərhədlərin açılması perspektivi – ANALİZ
"Ermənistanın təqdim etdiyi konsepsiya regionda bütün sərhədlərin açılması və nəqliyyat-kommunikasiya xətlərinin inteqrasiyasını nəzərdə tutur. Burada TRIPP layihəsi çərçivəsində konkret olaraq dəmir yolları, avtomobil yolları, enerji xətləri və kommunikasiya kabellərinin yaradılmasını hədəfləyir. Görünən odur ki, Paşinyan bu iki yanaşmanı birləşdirərək praktiki icranın TRIPP vasitəsilə mümkün olacağını vurğulayır. Bu məsələdə müəyyən risklər də var ki, məsələn, Rusiya və İranın müqaviməti, Ermənistan daxilində siyasi mübahisələr sərhəd açılışının gecikməsinə səbəb olan faktlardandır".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Aydın Tağıyev deyib.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistan–Türkiyə sərhədinin yaxın vaxtlarda açılacağı və Azərbaycanla dəmir yolu əlaqəsinin bərpa ediləcəyi barədə açıqlaması Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması məsələsini yenidən gündəmə gətirib. Paşinyan sözügedən prosesləri TRIPP layihəsi ilə əlaqələndirərək, dəmir yolları ilə yanaşı avtomobil yolları, enerji xətləri, neft-qaz kəmərləri və kommunikasiya kabellərinin yaradılmasının da nəzərdə tutulduğunu bildirib. Bu açıqlamalar fonunda Ermənistanın irəli sürdüyü “Sülh kəsişməsi” konsepsiyası ilə TRIPP layihəsinin praktiki icrası arasındakı əlaqə, kommunikasiyaların açılmasının Azərbaycan, Ermənistan və Türkiyə üçün mümkün nəticələri, eləcə də bu prosesin regiondakı güc balansına təsiri diqqət çəkir.
Siyasi şərhçi qeyd edib ki, bu yolların açılması Azərbaycan–Türkiyə–Ermənistan üçbucağında yeni iqtisadi modelin formalaşmasına, Qafqazın Avropa və Asiya ilə inteqrasiyasına, enerji və ticarət marşrutlarının şaxələndirilməsinə gətirib çıxara bilər.
"Ermənistan–Türkiyə sərhədinin açılması və TRIPP-in icrası Cənubi Qafqazda yeni iqtisadi üçbucağın formalaşmasına yol aça bilər. Bu, Azərbaycan və Türkiyənin regional mövqeyini gücləndirəcək, Ermənistanı blokadadan çıxaracaq, eyni zamanda Rusiya və İranın təsirini zəiflədərək Qərbin rolunu artıra bilər".
Rəfiqə Namazəliyeva,
AzNews.az