Zelenski: Rusiya Ukraynaya kütləvi zərbə hazırlayır

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın ölkəyə yeni kütləvi zərbə hazırladığı barədə kəşfiyyat məlumatı aldıqlarını bildirib.

AzNews.az xəbər verir ki, Zelenski bu barədə oktyabrın 6-da hökumət rəsmiləri, hərbçilər və əsas xidmətlərin rəhbərləri ilə keçirdiyi müşavirədən sonra açıqlama verib.

“Bu gün kəşfiyyatdan rusların kütləvi zərbəyə hazırlaşması ilə bağlı yenilənmiş məlumat aldıq. Qarşı tədbirlər hazırlayırıq. Tapşırıqların əhəmiyyətli hissəsinin icra müddətləri müəyyənləşdirilib, ilkin tədbirlər artıq həyata keçirilir”, – Zelenski bildirib.

Onun sözlərinə görə, müşavirədə hava hücumundan müdafiə vasitələrinin bölüşdürülməsi və mühüm obyektlərin müdafiəsi üçün mövqelərin təşkili məsələləri də müzakirə olunub.

Zelenski bildirib ki, F-16 qırıcıları üçün zəruri sursat, ələkeçirmə vasitələri və əks-raketlər təmin edilir. O, ballistik raketlərə qarşı müdafiə vasitələrinin təminatının isə əsasən Ukraynanın tərəfdaşlarından asılı olduğunu qeyd edib.