"Nənələr" folklor qrupunun üzvünün oğlu Rusiya-Ukrayna müharibəsində öldürülüb

Rusiya-Ukrayna müharibəsində daha bir azərbayacnlı ölüb.

Aznews.az xəbər verir ki, müharibəyə həkim kimi qatılan Lənkəran rayonunun Separadi kəndindən olan 1968-ci il təvəllüdlü Vahab Ramazan oğlu Quliyev dron hücumu zamanı öldürülüb.

58 yaşlı lənkəranlı həkim Rusiya-Ukrayna müharibəsi başlayandan bir il sonra, Ukrayna tərəfindən ixtisası üzrə fəaliyyət göstərmək üçün hərbi xidmətə çağırılıb. Xidmət etdiyi müddət ərzində iki dəfə yaralanıb. Aldığı yaralara görə müalicə edilib və yenidən döyüşlərə qatılıb. Bir neçə gün əvvəl Kupyansk istiqamətində gedən döyüşlər zamanı Rusiya PUA-sının vurduğu zərbə nəticəsində xidməti vəzifəsini yerinə yetirərkən həlak olub.

Qeyd edək ki, Vahab Quliyev 1986-cı ildə Ukraynada Tibb İnstitutuna daxil olub. Moskvada namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi adını alıb.

Vahab Quliyev məşhur "Nənələr" folklor qrupunun üzvü Xanımbacı Quliyevanın oğludur.

O, 30 ildən çox Ukraynada yaşayıb. Onun nəşinin Azərbaycana gətirilməsi üçün tədbirlər görülür.