- İşin içi
- 12:32
- 897
Bakıda mikromobillik artırsa, şəhər də buna hazırdırmı?
Bu ilin sentyabrında Bakıda mikromobillik vasitələri 547 758 dəfə sifariş olunub.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30 %-dən çox artım deməkdir.
Həmçinin ötən ay velosiped və skuterlərdən 264 050 nəfər istifadə edərək 2 647 688 kilometr məsafə qət edib. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə mikromobillik vasitələrindən istifadə edənlərin sayı 19 %, qət edilən məsafə isə 98 %-dən çox artıb.
Bu rəqəmlər Bakıda mikromobilliyin artıq sadəcə alternativ nəqliyyat vasitəsi olmadığını göstərir. Sentyabr ayında velosiped və skuterlərlə qət edilən məsafənin bir il ərzində 98%-dən çox artması xüsusilə diqqətçəkəndir.
Burada söhbət təkcə insanların velosiped və skuterlərə marağının artmasından getmir. Bu, şəhər nəqliyyatında yeni davranış modelinin formalaşdığını göstərir. İnsanlar qısa məsafələr üçün avtomobildən imtina edib daha çevik və əlçatan nəqliyyat vasitələrinə üstünlük verməyə başlayırlar.
Lakin mikromobilliyin sürətli inkişafı şəhər infrastrukturuna da yeni tələblər qoyur. Velosiped və skuterlərin sayı artırsa, onların hərəkəti üçün təhlükəsiz və bütöv infrastruktur da eyni sürətlə inkişaf etməlidir. Əks halda mikromobillik nəqliyyat probleminin həlli olmaq əvəzinə piyadalar, sürücülər və skuterlər arasında yeni münaqişələr yarada bilər.
Əsas məsələ budur: Bakıda mikromobillik artırsa, şəhər də buna hazırdırmı?
Nuray
Aznews.az