"Hörmüz boğazı açıq qalarsa, neftin qiyməti aşağı düşə bilər" – AÇIQLAMA

"Əslində, Trampın bu açıqlaması həm real diplomatik prosesə, həm də ABŞ-nin siyasi strategiyasına hesablanıb. Düşünürəm ki, hər iki istiqamət bir-birini tamamlayır. Belə bəyanatların səsləndirilməsi də təsadüfi deyil. O, İrana xəbərdarlıq edir. Tramp bunu dəfələrlə edib və müəyyən mənada sözünün sahibi olduğunu da göstərib. Belə bəyanatlardan sonra raket və dron zərbələri endirilir. İran da cavab verir, lakin təbii ki, bu cavab ABŞ-nin həyata keçirdiyi addımlarla müqayisə ediləcək səviyyədə deyil. Neftin qiymətləri ilə bağlı Trampın bəyanatları da reallığa uyğundur. Əgər Hörmüz boğazı açıq qalarsa və burada gəmilərin hərəkətinə maneələr, problemlər yaranmazsa, təbii ki, neftin qiyməti aşağı düşə bilər. Əslində, bu, bir sıra dövlətlərin gözlədiyi məqamdır".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Fikrət Sadıxov deyib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın İranla müharibənin yaxın zamanda başa çatacağı və bundan sonra qlobal neft qiymətlərinin aşağı düşəcəyi barədə açıqlaması Vaşinqton-Tehran münasibətlərində mümkün yeni mərhələ ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Trampın İranın artıq ABŞ üçün nüvə təhlükəsi yaratmadığını bildirməsi isə hərbi qarşıdurmanın gələcək perspektivi və diplomatik prosesin mümkün istiqamətləri ilə bağlı suallar doğurur. Eyni zamanda, mümkün atəşkəs və ya müharibənin başa çatmasının enerji bazarlarına, xüsusilə neft qiymətlərinə təsiri də diqqət mərkəzindədir.

Siyasi şərhçi qeyd edib ki, belə vəziyyətdə Trampın bəyanatı və verdiyi mesaj real görünür.

"Düşünürəm ki, burada diplomatik prosesdən istifadə edilməsi də istisna deyil. Biz görmüşük ki, BMT-nin 81-ci Baş Assambleya sessiyasında ABŞ və İran bir-birini ittiham edirdi, eyni zamanda kulis arxasında danışıqlar gedirdi. Müxtəlif təkliflər irəli sürülürdü. İran tərəfindən təkliflər səsləndirilir, ABŞ da müəyyən təkliflərin müəllifi kimi çıxış edirdi. ABŞ böyük dövlətdir. Əgər İran bu məsələdə yenidən müəyyən razılığa gəlməsə, burada əsas açar məsələlərdən biri Hörmüz boğazı, İranın nüvə proqramı və Yaxın Şərqdə dəstəklədiyi proksi qüvvələrdir. Bütün bunlar münaqişənin yaxın gələcəkdə başa çatmasını real göstərmir. Düşünürəm ki, qarşıdakı müddətdə ittihamlar davam edəcək. Eyni zamanda ABŞ tərəfindən zərbələr endirilməsi, ardınca yenidən diplomatik danışıqların aparılması, görüşlərin keçirilməsi və yeni təkliflərin irəli sürülməsi mümkündür".

Rəfiqə Namazəliyeva,

AzNews.az