- İşin içi
- 22:00
- 1 597
İqlim dəyişikliyi aqrar qanunvericiliyə daxil edilir: yeni qaydalar nələri dəyişəcək? - ŞƏRH
Aqrar qanunvericilikdə ilk dəfə iqlim dəyişikliklərinin təsirinin azaldılması və adaptasiya tədbirləri tənzimlənir.
Aznews.az xəbər verir ki, bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Aqrar sahə haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, aqrar sahədə iqlim dəyişiklikləri ilə mübarizə tədbirləri aşağıdakılardır:
- aqrar sahədə yaranan tullantıların idarə edilməsi və təkrar istifadəsi, habelə digər sahələrdə yaranan tullantıların idarə edilməsində aqrar sahənin imkanlarından istifadə edilməsi;
- qoruyucu meşə zolaqlarının salınması;
- istixana qazı emissiyalarının və ətraf mühitə mənfi təsirin azaldılmasına yönəldilmiş ekoloji təmiz və resursqənaətedici texnologiyaların, inteqrir bitki mühafizəsinin tətbiqi, habelə elektrik və digər aşağı emissiyalı kənd təsərrüfatı texnikasından istifadənin genişləndirilməsi;
- elektrik mühərrikli kənd təsərrüfatı texnikasının tətbiqinin genişləndirilməsi;
- heyvandarlığın regionlar üzrə planlaşdırılması zamanı istixana qazlarının emissiyasının udulma və tutulma imkanları nəzərə alınmaqla respublika üzrə paylanılması, habelə heyvandarlıqda mövcud emissiyanın azaldılması məqsədilə layihələrin təşviq edilməsi;
- iqlim dəyişikliklərinin aqrar sahəyə mənfi təsiri ilə bağlı maarifləndirmənin həyata keçirilməsi;
- aqrar sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi.
Layihəyə görə,iqlim dəyişikliklərinə adaptasiya məqsədilə aqrar sahədə aşağıdakı tədbirlər nəzərdə tutulur:
- iqlim dəyişikliklərinə davamlı bitki sortları və heyvan cinslərinin yaradılması və bu istiqamətdə layihələrin təşviqi;
- təhlükəli və təbii fəlakət törədə bilən təhlükəli hidrometeoroloji hadisələr üzrə erkən xəbərdarlıq sistemlərinin qurulması;
- sudan səmərəli istifadə edilməsi, habelə alternativ su mənbələrindən istifadə imkanlarının genişləndirilməsi.
Bu dəyişiklik aqrar siyasətdə mühüm bir yanaşma dəyişikliyini göstərir: iqlim məsələsi artıq kənd təsərrüfatına kənardan təsir edən ekoloji problem kimi deyil, aqrar qanunvericiliyin birbaşa tənzimləmə predmetlərindən biri kimi nəzərdə tutulur.
Layihədə iki istiqamət ayrılır. Birincisi, kənd təsərrüfatının iqlim dəyişikliklərinə təsirinin azaldılmasıdır: tullantıların idarə edilməsi, meşə zolaqları, emissiyaların azaldılması, resursqənaətedici texnologiyalar, aşağı emissiyalı və elektrik texnikasının tətbiqi. İkincisi isə artıq yaranan iqlim risklərinə adaptasiyadır.
Adaptasiya hissəsi Azərbaycan üçün xüsusilə əhəmiyyətlidir. İqlimə davamlı bitki sortlarının və heyvan cinslərinin yaradılması, erkən xəbərdarlıq sistemləri və sudan səmərəli istifadə aqrar istehsalın gələcək risklərə hazırlanmasına yönəlib.
Burada ən strateji məsələ su təhlükəsizliyidir. Kənd təsərrüfatında suya tələbat yüksək olduğu halda alternativ su mənbələrinin genişləndirilməsi və sudan səmərəli istifadə artıq yalnız ekoloji məsələ deyil, həm də ərzaq təhlükəsizliyi məsələsidir.
Qanun layihəsinin əhəmiyyəti ondadır ki, iqlim dəyişikliklərinin aqrar sektora təsiri ilk dəfə ayrıca hüquqi çərçivəyə salınır. Bundan sonrakı əsas məsələ isə bu müddəaların praktik mexanizmlərlə - maliyyələşmə, subsidiya, sığorta, texnologiya və monitorinq sistemi ilə necə təmin ediləcəyidir.
Nuray
Aznews.az