“İstixana qazlarının artması qlobal istiləşməni gücləndirir” – Qorxmaz İbrahimli

"İqlim sistemində baş verən uzunmüddətli dəyişikliklər təbii proses kimi Yer kürəsinin tarixində daim müşahidə olunsa da, son iki əsrdə insan fəaliyyəti bu dinamikanın əsas hərəkətverici qüvvəsinə çevrilib. Sənaye inkişafı, enerji istehlakının artması və təbii resurslardan geniş istifadə atmosferdə istixana qazlarının yığılmasını sürətləndirərək qlobal istiləşməni gücləndirib. İqlim proseslərinin elmi şəkildə izlənilməsi və ölçülməsi əsasən müasir dövrə aiddir. Sistemli meteoroloji müşahidələr temperatur dəyişikliklərini və digər göstəriciləri daha dəqiq analiz etməyə imkan verib. Keçən əsrdə baş verən dünya müharibələri, sənayenin sürətli genişlənməsi, nüvə sınaqları və artan tullantılar qlobal iqlim dəyişmələrinə təsir edən mühüm amillərdən biri olub".

Bu fikirləri Aznews.az-a açıqlamasında ekoloq Qorxmaz İbrahimli deyib.

Qeyd edək ki, qlobal istiləşmə son illərdə dünyanın ən aktual ekoloji problemlərindən biri kimi diqqət çəkir. Sənayeləşmənin genişlənməsi, enerji istehlakının artması və təbii resurslardan intensiv istifadə atmosferdə istixana qazlarının çoxalmasına gətirib çıxarıb. Nəticədə iqlim sistemində dəyişikliklər sürətlənib, temperatur artımı və ekstremal hava hadisələri daha tez-tez müşahidə olunur. Bu proseslər ekoloji tarazlığa təsir etməklə yanaşı, iqtisadiyyat, kənd təsərrüfatı və su resurslarının idarə olunması sahəsində də çağırışlar yaradır.

Ekoloqun sözlərinə görə, bu proseslə paralel olaraq atmosferdə karbon qazlarının artması vəziyyəti daha da ağırlaşdırıb.

"İqlim dəyişmələri yalnız istiləşmə kimi dəyərləndirilmir. Tarix boyu Yer kürəsi müxtəlif istiləşmə və soyuma fazalarından keçib. Lakin son dövrlərdə qeydə alınan dəyişikliklərin sürəti daha kəskin şəkildə hiss olunur. Qlobal istiləşmə barədə elmi və siyasi xəbərdarlıqlar xüsusilə XX əsrin ikinci yarısından etibarən daha geniş vüsət alıb. Kyoto Protokolu və Paris İqlim Sazişi kimi beynəlxalq sənədlər bu istiqamətdə emissiyaların azaldılmasını nəzərdə tutur. Hazırda iqlim dəyişmələri üzrə əsas müzakirə platforması BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası çərçivəsində keçirilən COP görüşləridir. Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkənin qlobal iqlim gündəmində rolunu artırıb. Qlobal istiləşmənin nəticələri arasında səhralaşma prosesinin genişlənməsi xüsusi yer tutur. Azərbaycan da bu baxımdan həssas regionlardan hesab olunur. Su ehtiyatlarının əsasən transsərhəd çaylardan asılı olması ölkənin su təhlükəsizliyi risklərini artırır. Bu şəraitdə su ehtiyatlarının idarə olunmasının təkmilləşdirilməsi, torpaq şoranlaşmasının qarşısının alınması və meliorasiya sistemlərinin inkişafı əsas prioritetlərdən biri kimi çıxış edir. Son illərdə bu sahədə infrastrukturun yenilənməsi və su itkisini azaltmağa yönəlmiş layihələr həyata keçirilir. Urbanizasiya proseslərinin sürətlənməsi və yaşıllıq sahələrinin azalması şəhərlərdə mikroiqlim dəyişikliklərini gücləndirərək istilik adası effektini daha da artırır. Buna görə də yaşıllıqların genişləndirilməsi ekoloji tarazlığın qorunmasında vacib rol oynayır. İqlim dəyişmələri kənd təsərrüfatı sahəsinə də birbaşa təsir göstərir. Suvarma sistemlərinin modernləşdirilməsi və resurslardan daha səmərəli istifadə bu təsirlərin azaldılmasında mühüm əhəmiyyət daşıyır. Xəzər dənizində müşahidə edilən səviyyə dəyişiklikləri iqlim və hidroloji amillərin təsiri ilə davam edir. Son illərdə qeydə alınan geriləmə əsasən su axınlarının azalması və buxarlanmanın artması ilə əlaqələndirilir. Nəticə etibarilə, Azərbaycan iqlim dəyişmələrinin ən kritik mərhələsində olmasa da, qlobal proseslərin təsir dairəsindən kənarda qalmır. Bu səbəbdən ekoloji siyasətin gücləndirilməsi, resurslardan səmərəli istifadə və ictimai maarifləndirmə əsas istiqamətlər kimi ön plana çıxır".

Rəfiqə Namazəliyeva,

AzNews.az