Revanşist çağırışlar Ermənistanın imkanları ilə uzlaşmır - ŞƏRH

Ermənistanda 7 iyun 2026-cı il parlament seçkiləri təkcə hakimiyyət uğrunda növbəti siyasi mübarizə deyil, ölkənin gələcək geosiyasi istiqamətinin müəyyənləşdirilməsi baxımından da mühüm əhəmiyyət daşıyırdı.
Seçkilərin nəticələri göstərdi ki, Ermənistan cəmiyyətinin əhəmiyyətli hissəsi revanşizmə və keçmiş siyasi elitaların hakimiyyətə qayıdışı ideyasına deyil, Nikol Paşinyanın təklif etdiyi Avropaya inteqrasiyaya, sülh və transformasiya gündəliyinə üstünlük verdi.
Paşinyanın seçki kampaniyasının əsas xüsusiyyəti onun emosional deyil, praqmatik siyasi mesajlar üzərində qurulması idi. O, seçicilərə Azərbaycanla yeni müharibə və qeyri-müəyyənlik perspektivi ilə iqtisadi inkişaf, regional kommunikasiyaların açılması və beynəlxalq inteqrasiya arasında seçim təqdim etməyə çalışdı.
Seçkiqabağı təbliğatda Paşinyan komandasının istifadə etdiyi ən təsirli taktikalardan biri revanşist qüvvələri keçmişin simvolu kimi təqdim etməsi oldu. Samvel Karapetyan, Robert Köçəryan və ona yaxın siyasi dairələr seçicilərə alternativ kimi təqdim olunsalar da, Ermənistan cəmiyyətinin əhəmiyyətli hissəsi onları korrupsiya, oliqarxik idarəçilik və ölkəni ağır geosiyasi asılılığa sürükləmiş köhnə sistemlə əlaqələndirir. Nəticədə seçki kampaniyası “Paşinyan və ya Karapetyan- Köçəryan” qarşıdurmasından daha çox “gələcək və ya keçmiş” seçimi formasında aparıldı.
Digər mühüm amil Ermənistan cəmiyyətində yeni müharibə qorxusunun güclü olması idi. 2020-ci il müharibəsinin nəticələri, 2023-cü ildə mövzuya nöqtə qoyulması və regionda yaranmış yeni reallıqlar seçicilərin əhəmiyyətli hissəsini daha realist yanaşmaya sövq edib. Cəmiyyətin böyük hissəsi anlayır ki, revanşist çağırışlar Ermənistanın hərbi, iqtisadi və demoqrafik imkanları ilə uzlaşmır. Buna görə də seçicilərin əhəmiyyətli qismi emosional şüarlardan daha çox sabitlik və təhlükəsizlik vəd edən siyasi kursa üstünlük verdi.
Paşinyanın xeyrinə işləyən digər faktor Rusiyanın regiondakı roluna münasibətin dəyişməsi oldu. Son illərdə Ermənistan daxilində Moskvanın təhlükəsizlik zəmanətlərinin effektivliyi ilə bağlı ciddi suallar yaranıb. Bu səbəbdən Rusiyaya yaxın siyasi qüvvələrin mövqeləri əvvəlki illərlə müqayisədə zəifləyib. Paşinyan isə bu narazılığı Qərblə əməkdaşlıq, suveren qərarvermə və çoxşaxəli xarici siyasət ideyaları ilə siyasi kapitala çevirməyə çalışıb.
Digər mühüm amil əhalinin sosial - iqtisadi vəziyyəti ilə bağlı idi. Səhiyyə sahəsindəki islahatlar, məvacib və pensiyaların artımı, orta biznesin vəziyyəti, yol infrastruktunun yaxşılaşması və s.bu kimi amillər də seçicilərin səs verməsində əsas amillərdən birincilərdə idi.
Nəticə etibarilə, 7 iyun 2026-cı il seçkilərində Paşinyanın uğurunu yalnız şəxsi reytinqi ilə izah etmək doğru olmazdı. Bu qələbə ilk növbədə Ermənistan cəmiyyətinin əhəmiyyətli hissəsinin yeni müharibə riskini qəbul etməməsinin, köhnə siyasi elitalara etimadsızlığının və regionda formalaşmış yeni geosiyasi reallıqlara uyğunlaşmaq istəyinin nəticəsi kimi qiymətləndirilə bilər. Ermənistan seçicisi ideal hesab etdiyi liderə deyil, mövcud şəraitdə daha real və daha az riskli hesab etdiyi siyasi kursa səs verdi.
Lakin, bu o demək deyil ki, erməni cəmiyyəti dəyişib və adekvat olub. Bunun üçün onillər lazımdır.

Zaur Məmmədov